“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Portuqaliyanın “Braqa” klubu 1921-ci il yanvarın 19-da yaranıb.

YALAN.info bildirir ki, portuqaliyalılar bir ay sonra klubun 102 illiyini qeyd edəcəklər.

Komanda ev oyunlarını 30360 azarkeş tutumu olan “Estadio Municipal de Braga”da keçirir. Portuqaliya təmsilçisinin rəngləri qırmızı və ağdır. İndiki prezident Antonio Salvado, baş məşqçi isə Artur Jorjedir. Klubun loqosunda Müqəddəs Məryəm və qucağında İsa peyğəmbər, həmçinin böyük qızılı Braqa tacı əks olunub.

1963-cü ildə elitaya qoşulan “Braqa”nın çempionatdakı ən böyük uğuru 2009/2010 mövsümünə təsadüf edib. Komanda həmin vaxt 71 xalla ikinci olub və gümüş medallara sahib çıxıb. Lider “Benfika” isə 76 xalla çempionluğu rəsmiləşdirib. Bundan sonra “Braqa” təsnifat mərhələlərində Şotlandiyanın “Seltik”, İspaniyanın “Sevilya” klublarını mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrupunda iştirak hüququna sahib çıxıb.

2010-cu ildən gənc istedadları aşkarlamaq və inkişaf etdirmək klubun qarşısına qoyduğu əsas məqsədlərdən biridir. “Braqa” 2012/2013 və cari mövsüm qitənin bir nömrəli turnirinə qatıla bilib. İspaniyanın “Real”, İtaliyanın “Napoli” və Almaniyanın “Union” komandaları ilə mübarizə aparan “qırmızı-ağlar” dörd xalla üçüncü olub və yoluna Avropa Liqasında davam edəcək.

Komanda üç dəfə Portuqaliya Kubokunun (1965/66, 2015/16, 2020/21) və iki dəfə Liqa Kubokunun (2012/13, 2019/20) qalibi olub. 2008-ci ildə UEFA İntertoto Kubokunu qazanan “Braqa” UEFA Kubokuna vəsiqə əldə edib. Klub İntertoto Kubokunun qalibi olmuş yeganə Portuqaliya təmsilçisidir.

Portuqaliya təmsilçisinin heyətindəki oyunçuların ümumi dəyəri “Transfermarkt” portalında 126,20 milyon avro göstərilib. Komandada Braziliya, İspaniya, Mali, Türkiyə, Liviya, Qvineya Bissau, Uruqvay, İsveç, Konqo, Kolumbiya, Seneqal və Çexiyadan olan legionerlər var.

Portuqaliya millisinin üzvü, kapitan Rikardu Orta (20 milyon avro) ən bahalı oyunçudur. Hazırda ölkə çempionatında 29 xalla 4-cü olan “qırmızı-ağlar”ın cari mövsüm ən məhsuldar futbolçusu Simon Banzadır. 27 yaşlı konqoəsilli fransalı forvard 14 görüşdə 13 qolla yadda qalıb.

Yada salaq ki, “Qarabağ” FK bu rəqibə qarşı pley-offdakı ilk oyununu fevralın 15-də səfərdə, cavab qarşılaşmasını isə bir həftə sonra Bakıda keçirəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın