“Bayer 04”i udmağa və yolumuza davam etməyə çalışacağıq.

YALAN.info bildirir ki, bunu “Qarabağ” FK-nın qapıçısı Andrey Lunyov “Matç TV”yə müsahibəsində UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna rəqib olmaları ilə bağlı danışarkən deyib.

Rusiyalı qolkiper Leverkuzen təmsilçisinin çox yaxşı komanda olduğunu bildirib: “Daha öncə qrupda üz-üzə gəlməyimiz bir tərəfdən müsbət məqamdır. Bu kollektivlə tanışıq. Rəqibin məğlubiyyətsiz oyunlar seriyası var və bu onlara əlavə stimul verir. Bu, “Bayer 04”dür. Onlara qarşı yaxşı mübarizə aparmaq lazımdır”.

A.Lunyov 1/8 finalda mümkün rəqiblərdən ən çətini ilə üz-üzə gələcəklərini söyləyib: “Onlar turnirin favoritlərindən biridirlər. “Slaviya” (Çexiya) düşsəydi, daha asan olardı. Ancaq məncə, indiki mərhələdə zəif rəqib yoxdur”.

“Qarabağ” Lunyovla yeni müqavilə imzalamaq istəyir

“Qarabağ” Futbol Klubu Andrey Lunyovla yeni müqavilə imzalamaq istəyir. Bununla bağlı rusiyalı qolkiperinin maraqlarını təmsil edən Anton Smirnov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, artıq klubun nümayəndələrindən Lunyovla bağlı təklif gəlib. “Biz indi yeni sazişin şərtlərini müzakirə edirik”, – deyə Smirnov əlavə edib.

Azərbaycan klubunun zəfərinə münasibət bildirən Anton Smirnov “Qarabağ”ın ümumilikdə 70 dəqiqə azlıqda oynadığını vurğulayıb: “Onlara afərin, əlavə vaxtda da güclü dayandılar və qol vurdular. Oyun hesabı unudulandır, ancaq Avropa Liqasının 1/8 finalına yüksəlmək tarixdir!”

Smirnov klubla da, Andreylə də fəxr etdiyini deyib: “Düzgün seçim etdiyimiz bir daha doğrulandı. “Lunyov hara gedir, bu necə çempionatdır, necə komandadır?” deyənlərin hamısına cavab vermək istərdim: Ağzınızı yumun və tabloya baxın! Baxın və Lunyovun “Qarabağ”la harada oynadığını görün.

Yada salaq ki, Lunyov 2023-cü ilin yayından azad agent kimi keçdiyi “Qarabağ”da çıxış edir. Klubla indiki əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. 32 yaşlı qolkiper Azərbaycan klubunun tərkibində 22 oyun keçirib. Qapıçı bundan öncə “Bayer 04”, “Zenit”, “Ufa” və başqa komandalarda çıxış edib. “Transfermarkt” portalında verilən məlumata görə, Lunyovun bazar dəyəri 1 milyon avrodur (1,8 milyon manat).

Onu da bildirək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyib. Səfərdə rəqibini udan (4:2) Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunda artırılmış vaxtda uduzsa da (2:3), ümumi hesabla (6-5) 1/8 finala yüksəlib. İlk qarşılaşmada gözəl oyun sərgiləyən qapıçı Andrey Lunyov, yarımmüdafiəçilər Marko Yankoviç və Abdullah Zubirlə birlikdə “SofaScore” nəşrinin versiyasına görə rəmzi komandaya salınıblar. Cavab oyunlarından sonra statistik göstəricilərinə görə “Qarabağ”ın oyunçusu Andrey Lunyov turnirdə ən çox qurtarış edən qapıçı (37 “seyv”) olub.

Dünən İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatmasına görə, ağdamlılar bu mərhələdə “Bayer 04” (Almaniya) klubu ilə qarşılaşacaq. “Qarabağ” FK ilə “Bayer” arasında ilk oyun martın 7-də saat 21:45-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra, martın 14-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) Leverkuzendə baş tutacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın