Transmilli mütəşəkkil kibercinayətkar dəstə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aşkar edilib. Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq sona çatdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışına verilib.

YALAN.info bildirir ki, İon Sekrierunun daxil olduğu transmilli cinayətkar şəbəkənin Azərbaycan bankomatlarından təmassız pul çıxarmaqda ifadə olunan cinayət əməlləri öz unikal törədilmə ssenarisinə görə özəlliklə diqqət çəkir.

İttihamdan aydın olur ki, İon Sekrieru və xaricdə fəaliyyət göstərən dəstənin başqa üzvləri Azərbaycan Respublikası banklarının kompüter sistemlərinə elektron məktubla soxulduqları ziyanverici proqramla bank şəbəkə subyektlərinin adları, şifrələri və başqa açar funksiyalarla bağlı məlumatları ələ keçirib. Bundan sonra müxtəlif saxta identifikasiya metodlarından yararlanan dəstə üzvləri ölkəyə gələrək Bakı və Sumqayıt ərazisində quraşdırılmış bankomatlara yaxınlaşıb heç bir kart daxil etmədən və fiziki müdaxilə etmədən internetlə kənardan verdikləri komanda nəticəsində bankomatların verdiyi pul vəsaitlərini götürərək ölkədən çıxıblar.

Uzunmüddətli əməliyyat-istintaq tədbirləri müxtəlif ölkələrin vətəndaşları olan və fərqli ölkələrdə gizlənmiş dəstə üzvlərinin bir-bir müəyyən edilərək ölkəyə ekstradisiya edilməsinə imkan verib. Film ssenarisinə bənzəyən əməllərə görə indiyədək İon Sekrieru ilə yanaşı, xarici ölkə vətəndaşları Danila Dorin Konstantinoviç və Qubçak Sergey Aksentiyeviç də DTX tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4 və 177.3.2-ci (Kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə etməklə talama) maddələri ilə ittiham olunaraq Azərbaycan Respublikasına gətirilib və məhkəmə tərəfindən ağır cəzalara məhkum ediliblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın