“Qarabağ” Futbol Klubu UEFA Avropa Liqası 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində sabah səfərdə “Bayer 04″ün qonağı olacaq.

YALAN.info bildirir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Bizim üçün önəmli oyundur. Son zamanların ən yaxşı komandasına qarşı oynayırıq. Cavab qarşılaşmasında daha diqqətli olmalıyıq. Yenidən burada olmaq xoşdur. Bütün fikrimizi oyuna yönləndirmişik.

– Xabi Alonso “Qarabağ”dan qorxmadığını bildirdi. Sizin fikriniz necədir?

– Biz hamımız bu ifadəni işlədirik. Heç bir rəqibdən qorxmuruq. Rəqibə qarşı biz də eyni cür yanaşırıq. 

– Juninyo zədələnəndə onu əvəz etməyə oyunçu yoxdur. Ötən mövsüm yaxşı oyun sərgiləyən Musa Qurbanlını geri qaytarmaq mümkündür?

– Juninyonun sabah əsas heyətdə olub-olmaması hələ bilinmir. Məşqdən sonra dəqiq bilinəcək. İndi başqa hücumçu gətirmək barədə düşünmək düzgün deyil. Komandada yetərincə futbolçu var. Həmin mövqedə istənilən oyunçudan istifadə edə bilərik. Musanın qayıtması müzakirə mövzusu deyil. Bu gün fikrimiz sırf “Bayer”lə oyuna və çempionata yönəlib. Dediyiniz mövzu yay transfer pəncərəsinə aiddir.

– Komandanı artırılmış vaxta və penaltilər seriyasına hazırlamağı düşünürsünüz?

– Çox sıx qrafikdəyik. Ancaq “Bayer” də son 20 gündə çox vacib qrafikdə olub. Son vaxtlar onların hazırlığı daha yaxşıdır. Mən heç vaxt futbolçularıma sırf artırılmış vaxt, ya da penaltilər seriyasına hazırlaşmağı tapşırmamışam. Ancaq məşq proseslərimizdə ayda bir dəfə bunun üzərində çalışırıq. İndi onları buna hazırlamaq psixoloji basqı ola bilər. Belə halları oyunun gedişində düşünmək daha doğrudur.

Biz 90 dəqiqəyə motivasiya olub meydana çıxırıq. 120 dəqiqə oynamaq təcrübəmiz də var. Dəfələrlə bu situasiya ilə qarşılaşmışıq. Çox istərdim ki, hər şey 90 dəqiqədə həll olunsun. Kim qalib gəlsə, fərq etməz. Futbolçuları nəzərə almaq lazımdır. Son illərdə futbol elə hala gəlib çıxıb ki, oyun sayı həddindən artıq çoxdur. İstirahət etməyə vaxt olmur. Sabah Bakıdakı oyunu daha da yaxşılaşdırmağa çalışacağıq. 

– Bu mərhələyə kimi gəlmək sizə hansı yeni təcrübələr qazandırdı?

– Məncə, çox böyük təcrübə oldu. Zədəlilərimiz oldu, bəzi transferlərimiz gecikdi. Çox güc sərf etdik, komandanı formalaşdıra bildik. Bəzi risklərə getdik. Tək mənə yox, Azərbaycan futboluna böyük təcrübə oldu. Son vaxtlar Azərbaycanda futbol daha da çox sevilir. Bunları görəndə bizim məsuliyyətimiz daha da artır.

Xabi Alonso: “Qarabağ”la cavab oyunu asan olmayacaq

Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso qarşılaşmadan öncə keçirilən mətbuat konfransında iştirak edib: “Yaxşı istirahət etmişik. Azarkeşlərimizin qarşısında istədiyimiz oyunu göstərməyə çalışacağıq. Sabah yüksək performans göstərmək üçün əlimizdən gələni edəcəyik. Qarşıda bizi çox oyunlar gözləyir.

Bütün bacarığımızı göstərməliyik. Ümid edirəm ki, qalib gələcəyik. Hər oyuna diqqət etməliyik. Sabah “Volfsburq”la oyunda olduğu kimi oynamayacağıq. Bizim üçün intensiv mərhələ başlayır. Üç turnirdə mübarizə aparırıq. Heyətimiz yaxşıdır, oyunçular sabahkı oyun üçün hazırdır”.

Yada salaq ki, “Bayer” – “Qarabağ” qarşılaşması sabah Bakı vaxtilə saat 00:00-da baş tutacaq. Komandalar arasında Bakıda keçirilən ilk oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın