Azərbaycanın tanınmış ziyalıları və ədəbiyyat nümayəndələri Fransada Xurşudbanu Natəvanın abidəsinə qarşı edilənlərlə bağlı bəyanat qəbul ediblər.

YALAN.info bildirir ki, Azərbaycan ziyalıların bəyanatında deyilir:

“Biz – Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadimləri, vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, Yelisey Sarayının sifarişi ilə Fransanın Evian-le Ba şəhərində Xurşidbanu Natəvanın heykəlinə qarşı nümayiş etdirilən rəftarı qəbuledilməz sayırıq, abidənin üzərinin bağlanmasını Azərbaycan mədəniyyətinin təhqir edilməsi kimi dəyərləndiririk.

Xurşidbanu Natəvan bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mübariz kimi tanınır, onun əsərləri Azərbaycanda dövlət varidatı elan olunub. Görkəmli fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində bəhs etdiyi Natəvan eyni zamanda Azərbaycan və Fransa xalqları arasında dostluğun tərənnümçüsü kimi tanınır.

Evian-Le Ba şəhərində baş vermiş rəzalət Fransa hakimiyyətində azərbaycanafobiya, türkofobiya, islamafobiyanın hansı həddə çatdığını əyani şəkildə göstərir. Ədəbiyyatın, incəsənətin, mədəniyyətin çirkin siyasi oyunbazlığa alət edilməsini kəskin şəkildə pisləyirik.

Natəvan Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın nəticəsidir, Xan qızının bütün həyat və fəaliyyəti doğma Şuşa ilə sıx bağlıdır. O, daim Şuşa şəhərinin abadlığı və ictimai-mədəni mühitinin inkişafı üçün çalışıb, humanist təbiəti, nəcibliyi, mərhəməti ilə şöhrət qazanıb.

Vaxtilə Natəvanın Şuşada büstü ucaldılmışdı, həmin abidə Azərbaycan mədəniyyətinin böyük şəxsiyyətləri Üzeyir Hacıbəyli, Bülbülün büstləri kimi 1992-ci ildə Ermənistan tərəfindən güllələndi və material kimi xaricdə satışa çıxarıldı. Bu gün hər 3 büst Şuşada – doğma torpağındadır.

Azərbaycan Prezidenti İlham Əliyev bu milli irsi, tarixi ədaləti bərpa etdi. Natəvanın Ağdamda ermənilər tərəfindən dağıdılmış qəbirüstü abidəsi də abadlaşdırıldı. Bu gün Natəvanın Şuşada ucaldılan büstü, Ağdamda bərpa edilmiş qəbirüstü abidəsi Azərbaycan xalqının tarixi Zəfərinin təntənəsini nümayiş etdirir. Onların dağıdılması, talan edilməsi artıq tarixin arxivinə qovuşmuş ATƏT-in Minsk qrupuna həmsədr ölkə kimi bütün işğal dövründə Fransanın gözləri qarşısında baş verib.

Vaxtilə Natəvanın ailə mülkü olan Xankəndi də indi azaddır. Göründüyü kimi, bu gün Natəvan obrazı həm də yeni çalarlar qazanaraq, özündə Şuşa zəfərini, Xankəndi qələbəsini təcəssüm etdirir. Ona görə də Fransada məhz Natəvanın abidəsinə qarşı olan bu iyrənc hərəkətlər təsadüfi görünmür. Fransa hakimiyyəti siyasi hikkəsini Natəvanın Evian-le Ba şəhərindəki heykəlindən çıxmaqla, hansı səviyyəyə endiyinin fərqinə varmalıdır. Bu, Fransanın siyasi tarixinə qara ləkə kimi düşəcək.

2020-ci il Vətən müharibəsi dövründə Azərbaycan Fransa tərəfindən davamlı şəkildə iftiralarla üzləşdi. Bu gün də bütün beynəlxalq platformalarda Fransa hakimiyyəti Azərbaycana qarşı hücuma keçib. Biz yaxşı başa düşürük ki, bu, Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı tarixi Zəfərin qisasıdır. Yelisey Sarayından buna son qoyulmasını tələb edirik.

Fransa hakimiyyətini Natəvanın heykəli ilə əlaqədar rüsvayçılığı aradan qaldırmağa, həmin parkda yerləşdirilmiş lövhədə silinmiş “Azərbaycan Bağı” sözlərini yerinə qaytarmağa çağırırıq. Biz Fransanın Azərbaycandakı səfirinə indiyədək getməkdən imtina etdiyi Şuşada Natəvanın abidəsini ziyarət etməyə mənəvi borcu olduğunu xatırladırıq.

Yelisey Sarayı Azərbaycan bədii fikrinin və mədəniyyətinin görkəmli xadiminə qarşı bu hərəkətlər, azərbaycanlı diplomatların, jurnalistlərin Fransadan çıxarması əvəzinə, Parisdəki Azərbaycan Səfirliyinə edilmiş hücumu araşdırmalı, günahkarları cəzalandırmalıdır. Bu, bütün Azərbaycan ictimaiyyətinin gözləntisi və tələbidir. İmzalar:

Anar – Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri;
Fərhad Xəlilov – Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri;
Rəşad Məcid – Azərbaycan Mətbuat Şurasının sədri;
Rasim Balayev – Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri;
Çingiz Abdullayev – Xalq yazıçısı;
Sabir Rüstəmxanlı – Xalq şairi;
Nəriman Həsənzadə – Xalq şairi;
Ramiz Rövşən – Xalq şairi;
Mövlud Süleymanlı – Xalq yazıçısı;
İlgar Fəhmi – Azərbaycan Yazıçılar Birliyinin katibi;
Səlim Babullaoğlu – Azərbaycan Yazıçılar Birliyinin katibi;
Elçin Hüseynbəyli – Azərbaycan Yazıçılar Birliyinin katibi;
Fuad Məmmədov – “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri;
Bəyimxanım Verdiyeva – Xan Şuşinski Fondunun sədri;
Nəsiman Yaqublu – “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri
Mübariz Əsgərov – “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri;
Şəhla Nağıyeva – “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri;
Nuriyyə Hüseynova – Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam İctimai Birliyinin sədri”.

Xalq yazıçısı: “Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibət vəhşilikdir”

“Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibət vəhşilikdir”. Bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayev AYB-nin brifinqində deyib. Onun sözlərinə görə, bu hadisə Azərbaycan-Fransa əlaqələrinə böyük zərbə vurur.

“Biz Fransa cəmiyyətinin mədəniyyətini yüksək qiymətləndiririk, ancaq onların münasibəti göz qabağındadır. Mən inanmıram ki, Azərbaycanda Fransaya qarşı belə şeylər edilsin. Amma təəssüflər olsun ki, Fransanın siyasəti belədir”, – Ç.Abdullayev qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev isə deyib ki, Xurşidbanu Natəvanın abidəsinə qarşı edilən hərəkət yolverilməzdir: “Tələb edirik ki, Natəvanın heykəlinə qarşı olan ədəbsiz hərəkətlərə son qoyulsun”.

Fransanın fəxri deputat və senatorları Evianda Natəvanın abidəsinə qarşı vandalizmi pisləyiblər

Fransanın Evian-le Ba şəhərində baş verənlər absurddur və obyektivlikdən tamamilə uzaq olan ermənipərəst qüvvələrin əməlləridir. Bunu “Report“un Fransa bürosuna açıqlamasında bu ölkənin fəxri senatoru Alən Vassel (Alain Vasselle) Evian şəhərində ermənipərəst qüvvələrin təsiri nəticəsində Azərbaycan parkına vurulan zərər və şəhər meriyası tərəfindən parkın adının dəyişdirilməsi təşəbbüslərinə münasibət bildirərkən deyib.

O söyləyib ki, hadisələrlə bağlı narazılıq bildirməyin müxtəlif yolları var: “Lakin yazıçı-şairlər bizim tariximizdir. Dümanın və şair şahzadə Xurşidbanu Natəvan kimi dahilərimizin əsərləri bizim mədəni irsimizin bir hissəsidir və mədəniyyətimizə məxsusdur. Evianda baş verənlər absurddur və obyektivlikdən tamamilə uzaq olan ermənipərəst qüvvələrin əməllərinin nəticəsidir”.

Fəxri senator onu da əlavə edib ki, Azərbaycana sülh yolu ilə öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi üçün şərait yaradılmalı idi: “Ermənistan və Azərbaycan diplomatik kanalları vasitəsilə danışıqlar masası arxasına əyləşmək barədə razılığa gəlinməli idi”.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının sabiq üzvü Jerom Lamber (Jerome Lambert) “Report”un yerli bürosuna açıqlamasında vurğulayıb ki, Evian şəhər meriyasının əl atdığı əməllər tamamilə yersizdir və çox güclü olan erməni diasporasının fəaliyyətinin nəticəsidir.

“Azərbaycan Ermənistan tərəfindən 30 il bundan qabaq işğal olunmuş əraziləri üzərində öz suverenliyini bərpa etdikdən bəri rəsmi Bakıya qarşı xüsusilə də Fransada müxalif qüvvələr baş qaldırıb. Bu qüvvələr vəziyyətdən narazı olan Fransadakı erməni diasporundan istifadə edirlər. Bu müxalifət hətta isterik davranışlara belə əl atır. Belə ki, Azərbaycanla əlaqəsi olan bütün simvollara, yerlərə əl atmağa çalışılır. Erməni diasporunun Fransadakı bir sıra nümayəndələri fransalı siyasətçiləri Azərbaycana qarşı qızışdırmağa çalışırlar”, – o söyləyib.

J.Lamber bildirib ki, Azərbaycana qarşı aparılan mənfur əməllərə heç bir əsas göstərmək mümkün deyil: “Azərbaycan öz haqlarına sahib çıxıb. Fransada Azərbaycana qarşı fəaliyyət göstərən ermənipərəst qüvvələr Bakı və İrəvan arasında sülhün yaranmasına mane olurlar. Evian şəhər meriyasının əl atdığı əməllər tamamilə yersizdir və çox güclü olan erməni diasporasının fəaliyyətinin nəticəsidir”.

Fransa Milli Assambleyasının və NATO-nun Parlament Assambleyasənın fəxri üzvü Jan-Lük Reitzer (Jean-Luc Reitzer) “Report”un yerli bürosuna bildirib ki, Evian şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı olunan pis rəftardan çox kədərlənib.

“Mən Evian şəhərində baş verənləri qəmginliklə qarşıladım. Azərbaycanla Fransa arasında hər bir sahədə istər iqtisadi, istər mədəni və digər sahələrdə hər zaman gözəl münasibətlər olub. Lakin bu gün Fransada bir çoxları Azərbaycanı tanımadan, tarixini bilmədən, Azərbaycana heç zaman ayaq qoymadan ona qarşı mövqe tutmaqdadırlar.

Xatırladım ki, Birinci Qarabağ müharibəsi zamanı Qarabağ separatçılar tərəfindən ələ keçirilmişdi və idarə olunurdu. Heç bir dövlət, hətta Ermənistan belə bu ərazinin müstəqilliyini tanımamışdı. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu.

Erməni qaçqınlarından danışanlar unudublar ki, yüz minlərlə azərbaycanlı Birinci Qarabağ müharibəsindən sonra evini, torpağını Qarabağda qoyub getməyə məcbur olub, öz doğma yurdlarından didərgin düşüb. Mən Bakıda o qaçqınların düşərgələrində olmuşam. Mən bu gün ölkəmdə Azərbaycan və Azərbaycan xalqının mövqeyinə göstərilən ədalətsiz münasibətlərdən çox kədərlənirəm” – o bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın