“Qarabağ” FK UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandasını üstələyərək, Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub.

YALAN.info bildirir ki, səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.

Birinci yarıda gərgin oyun keçməsinə baxmayaraq qapılara qol vurulmayıb. 57-ci dəqiqədə isə “Qarabağ” meydançada azlıqda qalıb. Oyunda ikinci sarını görən müdafiəçi Elvin Cəfərquliyev qırmızı vərəqə alıb. Say üstünlüyündən istifadə edən qonaqlar 70-ci dəqiqədə hesabı açıblar. Rocer Fernandes yaxın məsafədən çərçivəni dəqiq nişan alıb.

“Braqa” futbolçuları 83-cü dəqiqədə ikinci qolu vurub. Bu dəfə Alvaro Calo fərqlənib. Beləliklə, Portuqaliyalılar 90 dəqiqəni 2:0 hesabı ilə öndə tamamlayıblar. Ümumi hesab 4:4 olduğundan, artırılmış 30 dəqiqə oynanılıb.

102-ci dəqiqədə Mateus Silva fərqlənərək, “Qarabağ”ı ümumi hesabda önə keçirib. Ancaq 115-ci dəqiqədə Simon Banza penaltini dəqiq yerinə yetirərək, görüşdə hesabı komandasının xeyrinə 3:1-ə çatdırıb.

Ancaq təslim olmayan Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub. Nəriman Axundzadə ağdamlıların kapitantı Bədavi Hüseynovun ötürməsindən sonra qapıçı ilə təkbətək şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib. Səfər oyunundakı son dəqiqələrdə qaçırdığı qol şansına görə tənqid olunan gənc hücumçu gunahlarını yumağı bacarıq.

Nəriman vurduğu qoldan sonra ona göstərdiyi dəstəyə və inama görə Qurban Qurbanovun yanına qaçıb onu qucaqlayıb. Bundan kövrələn köhlən atların baş məşqçisi göz yaşlarını saxlaya bilməyib. Beləliklə, “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də və 14-də keçiriləcək.

Avrop Liqası, Pley-off mərhələsi: “Qarabağ” (Azərbaycan) – “Braqa” (Portuqaliya) – 2:3 (6:5)

Qollar: Rojer Fernandes, 70 (0:1), Alvaro Djalo, 83 (0:1), Mateus Silva, 102 (1:2), Simon Banza, 115-pen. (1:3), Nəriman Axudzadə, 120+2 (2:3)

Qarabağ 2:3 Braqa | UEFA Avropa Liqası, keçid pley-off mərhələsi | TAM OYUN

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın