Çin-Qazaxıstan-Azərbaycan istiqamətində Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır.

YALAN.info bildirir ki, martın 11-də Orta Dəhlizlə konteyner qatarının Azərbaycana çatdırılması münasibətilə telekörpü təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və “Qazaxıstan Dəmir Yolları” SC-nin (KTZ) sədri Nurlan Sauranbayev hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Orta Dəhliz üzərindən Çin-Qazaxıstan-Azərbaycan istiqamətində hərəkət edən konteyner qatarının Bakıya çatdırılması münasibətilə təşkil olunmuş telekörpüyə qatılıblar.

ADY-nin yaydığı məlumatda bildirilir ki, konteyner qatarının Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat Logistika Mərkəzi tərəfindən yola salınması Orta Dəhlizin bütün iştirakçıları üçün böyük önəm daşıyır.

61 konteynerdən ibarət qatar uzunluğu 7 min km olan marşrutu (Siandakı Qazaxıstan terminalı-Aktau-Abşeron stansiyası) 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb.

Qeyd edilib ki, Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından bu günlərdə Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat Logistika Mərkəzi marşrut üzrə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılmasına hədəflənib. İlkin razılaşmaya əsasən, bu Mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır.

Bununla yanaşı, Orta Dəhlizin inkişafı üçün birbaşa istehlakçılara yönəlmiş rəqəmsal DTC platforması yaradılıb, Azərbaycan və Qazaxıstan dəmir yolları “Track and Trace” (“Təqib və İzləmə”) funksiyası vasitəsilə real vaxt rejimində marşrut boyunca yüklərin izlənməsi sisteminə inteqrasiya olunub. Vahid rəqəmsal ekosistemin yaradılması və inkişaf etdirilməsi Orta Dəhlizin şəffaflığını və cəlbediciliyini getdikcə daha da artırır.

Azərbaycan və Qazaxıstan dəmir yolları idarələrinin birgə səyləri sayəsində 2024-cü ildə yükdaşımaların həcminin önəmli dərəcədə artırılması planlaşdırılır. 2024-cü ilin yanvar-fevral ayları boyunca “Qazaxıstan Dəmir Yolları” SC ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında yükdaşımaların həcminin 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25% artaraq 539,5 min ton olacağı vurğulanıb.

Yada salaq ki, əvvəllər Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması təxminən 53 gün çəkirdisə, indi yüklərin çatdırılma müddəti 18 günə qədər azaldılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın