İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

YALAN.info bildirir ki, püşkatma görə, ağdamlılar bu mərhələdə “Bayer 04” (Almaniya) klubu ilə qarşılaşacaq.

“Sparta” (Çexiya) – “Liverpul” (İngiltərə)
“Marsel” (Fransa) – “Vilyarreal” (İspaniya)
“Roma” (İtaliya) – “Brayton” (İngiltərə)
“Benfika” (Portuqaliya) – “Reyncers” (Şotlandiya)
“Frayburq” (Almaniya) – “Vest Hem” (İngiltərə)
“Sportinq” (Portuqaliya) – “Atalanta” (İtaliya)
“Milan” (İtaliya) – “Slaviya” (Çexiya)
“Qarabağ” (Azərbaycan) – “Bayer 04” (Almaniya)

Avropa Liqasının 1/8 final mərhələsinin bu gün keçirilən püşkatma mərasimində “Qarabağ” FK-nın prezidenti Tahir Gözel də iştirak edib. Klubun prezidenti toplantı ilə bağlı düşüncələrini klubun rəsmi saytına açıqlayıb:

“Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasının keçirildiyi UEFA-nın mənzil-qərargahında bizə çox isti münasibət göstərdilər. Ardıcıl ikinci dəfə püşkatmada iştirak edirəm. 1/8 finala yüksəldikdən sonra pley-offun püşkatmasından daha fərqli münasibət gördük. Qurumun baş katibinin müavini Corco Markettinin və tədbirin bütün aparıcılarının “Qarabağ” haqda xüsusi danışması, komandamızın 1/8 finala möhtəşəm mübarizə ilə yüksəldiyini vurğulaması məni qürurlandırdı. İrlandiyanın paytaxtı Dublində keçiriləcək final oyununun səfiri, “Mançester Yunayted”in əfsanələrindən olan Con Oşi özü də bunu xüsusi qeyd etdi.

Biz “Braqa” səddini keçməklə bütün Avropanı təəccübləndirdik. Hamı “Qarabağ”a ehtiramla, heyranlıqla yanaşır. “Qarabağ” sözünün, Azərbaycan bayrağının bu səviyyədə tanınması göstərir ki, klubumuzda böyük iş görülüb. Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, bu mərhələyə qədər irəliləmişik. 1/8 finalda ən yaxşılar oynayır. Avropada 1000-dən çox klub var və biz Avropa Liqasının 16 ən yaxşısı arasına düşmüşük. Bunun özü tarixi nailiyyətdir. Mən xalqımızı və Ali Baş Komandanımızı təbrik edirəm”.

Klub prezidenti “Qarabağ”a “Bayer”in rəqib olmasına da münasibət bildirib: “Püşkatmanın sonunda iki komanda – “Slaviya” və “Bayer” qalanda Çexiya klubu ilə oynayacağımıza çox ümid edirdim. Ancaq püşkə əsasən rəqibimiz Leverkuzen təmsilçisi oldu. Almaniya klubu çox güclü rəqibdir. Məğlubiyyətsizlik seriyasına malik, rekorda sahib olan bir komandadır.

Özəlliklə də bu mövsümdə ən yüksək səviyyədə futbol sərgiləyirlər. Əlbəttə ki, asan oyun olmayacaq. Ancaq biz onları, həm də onlar bizi tanıyır. Təcrübəmiz var. “Qarabağ”ın dünənki möhtəşəm uğuru də bizi ruhlandırır. Onlarla ən yüksək səviyyədə oynayacağıq və Avropanı təəccübləndirməyə çalışacağıq”.

Qurban Qurbanov: “Bayer”lə görüşlər bizim üçün böyük təcrübədir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında 1/8 final mərhələsində Almaniyanın “Bayer” komandasına rəqib olmaları ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib. 52 yaşlı mütəxəssisin sözlərinə görə, “Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir:

“Azarkeşlərimiz bu komandanı qrup mərhələsində canlı görmüşdülər. Yenə bu komanda ilə rəqib olduq. Mən bu klubun düşərgəsində oldum, iş prinsipləri ilə maraqlandım. Çox ciddi komanda yaradıblar. İstəkli, uduzmağı xoşlamayan baş məşqçiləri var. Məncə, maraqlı oyun olacaq. Baxmayaraq ki, güclü rəqibdir. Leverkuzendə Xabi Alonso ilə diskussiyamız, maraqlı fikirlərimiz oldu”.

Çalışdırıcı bildirib ki, “Bayer”lə oyunlar Ağdam təmsilçisi üçün böyük təcrübədir: “Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, baxımlı futbol oynayaq və yaxşı nəticə əldə edək. Belə böyük komandaların Bakıya gəlməsi Azərbaycanda futbolun sevilməsi üçün səbəb, hamı üçün böyük təcrübədir”.

Bildirək ki, “Qarabağ” ilə “Bayer” arasında ilk oyun martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Leverkuzendə baş tutacaq. Onu da yada salaq ki, “köhlən atlar” qrup mərhələsində Leverkuzen təmsilçisi ilə iki dəfə üz-üzə gəlib. III turun qarşılaşmasında səfərdə 1:5 hesabı ilə uduzan Ağdam klubu IV turda minimal fərqlə yenilib – 0:1.

“Bayer 04”ün bütün turnirlər daxil olmaqla məğlubiyyətsiz oyunlar seriyası 32-yə (28 qələbə, 4 heç-heçə) çatıb. Xabi Alonsonun baş məşqçisi olduğu kollektiv indi 58 xalla Bundesliqada liderdir. Komanda ikinci sıradakı “Bavariya”nı 8 xal qabaqlayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın