Avropa Liqasının pley-off mərhələsindəki qələbədən sonra Prezident İlham Əliyevin zəng edərək bizə təbriklərini çatdırması mənə əlavə motivasiya verdi”.

YALAN.info bildirir ki, bunu “Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov “Anadolu Agentliyi”nə müsahibəsində deyib.

51 yaşlı mütəxəssis Ağdam təmsilçisində işə başladığı vaxtları yada salıb: “Baş məşqçi təyin olunanda klubun prezidenti Abdolbari Gozal mənə dedi ki, Heydər Əliyevə bu komandanı Avropada tanıtdıracağıma söz vermişəm. Bu, mənim üçün böyük motivasiya idi. İlk ildə çempion ola bilməsək də, Azərbaycan Kubokunu qazandıq. UEFA Kubokunda pley-off mərhələsinədək irəlilədik. Bu, həmin dövr üçün böyük uğur idi”.

Q.Qurbanov Xankəndi şəhər stadionunda MOİK-i 1:0 hesabı ilə udduqları Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu barədə danışıb. O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın oyuna baxdıqlarını deyib: “Şəhid övladları da orada idilər. Unudulmaz gün oldu. Ağdamda stadion tikiləcək və komandamız sonda oraya qayıdacaq”.

Təcrübəli çalışdırıcı komandadakı əcnəbi futbolçulara Qarabağ adının vacibliyini izah etdiklərini vurğulayaraq, “Əsas motivasiyamız komandamızın adının “Qarabağ” olmasıdır. 2-ci Qarabağ Müharibəsindəki qələbəmizdən sonra əcnəbi futbolçularımız adımızın önəmini daha yaxşı başa düşdülər”, – deyib.

Baş məşqçi “Qarabağ” komandasına Türkiyədən böyük marağın olduğunu bildirib

“Bir azərbaycanlı, bir türk oğlu olaraq onlara (türk xalqına) təşəkkür edirəm. Biz doğurdan da qardaşıq və hər zaman bir-birimizin yanında olmuşuq. Sevincimizdə də, pis günümüzdə də bir yerdə olmuşuq. Türk xalqına böyük hörmətim və güvənim var. Onlar bizi öz komandaları kimi görürlər”, – Qurbanov dedi. Baş məşqçi bir çox türk azarkeşin səfər oyunlarında “Qarabağ”ı dəstəkləməsini dəyərləndirdiyini bildirib.

Qurbanov: “Uduza bilərik, ancaq meydanı döyüşsüz tərk edə bilmərik”

Avropa Liqasının son 16 turunda Almaniya təmsilçisi “Bayer”lə cütləşdiklərini yada salan Qurbanov güclü rəqiblə qarşılaşacaqlarını bildirib. “Bayer Leverkuzen”in tanıdıqları rəqib olduğunu izah edən Qurbanov: “Qrup oyunlarında üz-üzə gəldik. Hər iki oyunda uduzduq. Onlar Avropanın ən yaxşı komandalarından biridir. Belə komandaların Azərbaycana gəlməsi futbolu sevənlərə böyük fayda verəcək. Güclü rəqib olsalar belə biz razıyıq. Yenidən möhtəşəm komandaya qarşı oynayacağıq, oyunçularım o möhtəşəm futbolu, sürəti və dinamikliyi yenidən hiss edəcəklər. Azarkeşlər də oyundan həzz alacaqlar. Məğlub ola bilərik, amma döyüşmədən meydanı tərk edə bilmərik”.

Yada salaq ki, “Köhlən atlar” Avropa Liqasının 1/8 finalında Almaniyanın “Bayer 04” klubu ilə üz-üzə gələcəklər. “Qarabağ” FK ilə “Bayer” arasında ilk oyun martın 7-də saat 21:45-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra, martın 14-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) Leverkuzendə baş tutacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın