İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə fevralın 21-də Xocalı Rayon Prokurorluğuna məlumat gəlib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə uyğun qaydada götürülüb, eləcə də başqa zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İndiyədək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və  özəlliklərinə görə ən azı 25 il öncə basdırılması müəyyən edilib.

İndi hadisə yerinin tam müayinə edilməsi yönündə işlər davam etdirilir. Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Axtarış işləri tam sona çatdıqdan və uyğun ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Hikmət Hacıyev Xocalıda aşkarlanan kütləvi məzarlıqdan yazıb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” səhifəsində Xocalıda aşkarlanan kütləvi məzarlıqdan yazıb: “Xocalıda daha bir kütləvi məzarlıq aşkarlanıb. Bəlkə də bu, ilahi ədalətdir ki, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımının növbəti ildönümündə bu adsız və günahsız mülki qurbanların qalıqları tapıldı”.

H.Hacıyev qeyd edib ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) basdırılan kütləvi insan qalıqlarının kimliyi DNT analizi ilə müəyyən ediləcək.

“Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşmüş hesab olunur. Ermənistan kütləvi şəkildə qətlə yetirilən azərbaycanlıların dəfn olunduğu belə kütləvi məzarlıqların yeri barədə məlumat verməkdən imtina edir. Bir dövlətin beynəlxalq hüquqa zidd olan hər bir hərəkəti beynəlxalq hüquqa uyğun olaraq həmin dövlətin beynəlxalq məsuliyyətinə əsas verir. Ermənistan Respublikası Xocalı Soyqırımına və Azərbaycana qarşı törədilmiş başqa qanunsuz hərəkətlərə görə dövlət məsuliyyətini daşıyır.

Ermənistan Respublikası 30 illik hərbi işğala və xüsusilə də Xocalı Soyqırımına görə Azərbaycan xalqından və dövlətindən hələ də üzr istəməyib” – H.Hacıyev qeyd edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın