“Qələbəmizi ordumuza, əsgərlərimizə həsr edirik. Bu gün onların da gücü bizimlə idi”.

YALAN.info bildirir ki, bunu “Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov Norveçin “Molde” klubuna 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunundan sonra jurnalistin suallarını cavablayarkən deyib.

51 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün ardından mətbuat konfransında da komandasının çıxışını dəyərləndirib: “Futbolçularıma təşəkkür edirəm ki, intizamlı oyun ortaya qoydular. Çox vacib qalibiyyət əldə etdik. Sona kimi tempdən düşmədilər. Möhtəşəm azarkeşlərimiz bizdən qələbə gözləyirdilər. Onların sevincli getmələri bizə daha böyük ruh yüksəkliyi verdi”.

O, intizamlı oyun sərgilədiklərini vurğulayıb: “Bu oyun bizi aldatmamalıdır. Dəfələrlə olub ki, hansısa komanda avrokuboklardakı ilk oyundakı qələbədən sonra ikinci görüşdə uduzub. Bu gün vacib olan icraçılar idi. Futbolçulara məqamları tam çatdırsan da, bəzən tam icra etməyə bilirlər. Bu gün oyun intizamından sona qədər qopmadıq. Əminəm ki, dünənki zəfərin bugünkü oyunumuza müsbət təsiri oldu. Çox sevincli, rahat idilər. Qalib gəlsək də, səfərdəki oyunda rəqib bizə böyük sürpriz edə bilər. Hər şeyə hazır olmalıyıq. Qarşıdakı oyunlarda daha keyfiyyətli çıxış etməyə çalışacağıq”.

Baş məşqçi qapıçı Andrey Lunyovun çıxışına da münasibət bildirib: “Təcrübəli qapıçıdır. Belə atmosferdə çox çıxış edib. Lunyovun təcrübəsi bu cür qarşılaşmalarda bizə kömək edə bilər. Bir az narahatlığım var idi. Uzun illər idi az oynamışdı. Luka Quqeşaşvili də çox yaxşı formada idi. Ancaq Lunyovu oynatmağı qərara aldıq. O da təcrübəsindən yaxşı faydalandı”.

Qurban Qurbanov “23-lüy”ə salınmayan Redon Cicanın yoxluğu və start heyətində yer alan Maksim Medvedevin çıxışı barədə də fikir bildirib: “Cica dünənki məşqdə zədələndi, ayağında problem oldu. Halbuki bu gün sanki ona ehtiyac var idi. Maksim Medvedev isə öz təcrübəsindən istifadə etdi və yaxşı oynadı”.

O, qol epizodlarının çox olduğunu söyləyib: “Bu turnirdə vurulan və buraxılan hər qolun sonda təsiri ola bilər. Vacib olan 3 xal qazanmaq idi. Neçə qol vurmağa yox, qələbəyə hazırlaşmışdıq”.

Baş məşqçi zədəli Marko Veşoviçin durumuna da aydınlıq gətirib: “Veşoviç hələ komandaya qoşulmayıb, fərdi qaydada məşq edir. Bəlkə 20 gün və ya bir aya yaşıl meydanlara qayıda bilər”.

Q.Qurbanov qrupdan çıxmaq şansları ilə bağlı sualı bu cür cavablandırıb: “Həmişə ehtiyatlı danışmağa çalışırıq. Futbolda düşünülməmiş nəticələr də olur. Bu gün oyun heç-heçə də bitə bilərdi. Məsələn, autdan topu düz qapının önünə ata bilirlər. Mənim üçün komandamın oyunu vacibdir. Heyətdə böyük dəyişiklik olsa da, istəyi qoruyub saxlaya bildik. Mənim üçün vacibi budur. “Çelsi” Çempionlar Liqasını qazananda ən zəif mövsümü idi, heç kim gözləmirdi. Biz də bu qələbə ilə arxayınlaşmamalıyıq. Hər oyun gərgin keçir. Proqrama uyğun hər görüşə lazım olduğu qədər hazırlaşacağıq. Futbol elə səviyyəyə çatıb ki, ev oyunlarında üstünlük olur. Ancaq son vaxtlar bu tendensiya aradan qalxır. Bəzən komanda səfərdə daha yaxşı çıxış edir. Buna görə də səfərdə evdəkindən daha çox xal qazana bilərdik”.

O, Marko Yankoviçin bir epizodda əsəbiləşdiyini, bu üzdən onu sakitləşdirməyə çalışdığını deyib: “Hirslənmişdi, sakitləşdirdim. Öz-özünə əsəbiləşmişdi, aqressiv oyunçudur. Sonda özü də nəyə hirsləndiyini bilmədi”.

Q.Qurbanov: “Qələbəmizi ordumuza, əsgərlərimizə həsr edirik. Bu gün onların da gücü bizimlə idi”

“Molde”nin baş məşqçisi: “Qarabağ” qələbəyə layiq idi”

Norveçin “Molde” klubunun baş məşqçisi Erlinq Moe Bakıda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunundan sonra mətbuat konfransında çıxış edib.

53 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşün ardından fikrini bu sözlərlə davam etdirib: “Bilirdik ki, “Qarabağ” hücum futbolu oynayır və bizi öndə sıxacaq. Yaxşı təzyiq göstərməyi bacaran kollektivdir. Bunu da gördük. Hər zaman müdafiədən oyun qurmağa çalışıram. Bu istiqamətdə inkişaf etməliyik. Bunun düzgün yol olduğunu düşünürəm. Hər dəfə uzun toplarla müdafiədən çıxmağı düzgün saymıram. Evdə daha yaxşı oyun göstərəcəyimizə inanıram”.

Norveçli mütəxəssis komandasının çıxışından narazı qaldığını etiraf edib: “Məğlub olmağı sevmirəm. Bu üzdən özümü yaxşı hiss etmirəm. Ancaq deməliyəm ki, yaxşı oynamadıq. Xüsusən də müdafiədən çıxarkən ötürmələrin keyfiyyəti yaxşı deyildi. Komandanın performansından məyusam. Ümid edirəm ki, növbəti görüşlərdə daha yaxşı olacağıq”.

O, komandaların qrupdan çıxmaq şanslarına da toxunub: “Məncə, nəsə demək üçün hələ tezdir. Cəmi bir tur keçib. Bir neçə oyundan sonra konkret nəsə demək olar. Qrupun favoriti “Bayer 04″dür. Onlar Almaniyanın ən yaxşı ikinci klubudur. Digər üç komanda ikinci yer uğrunda mübarizə aparacaq”.

O, “Qarabağ”ı UEFA Çempionlar Liqasının pley-off mərhələsində məğlub olduqları Türkiyə klubu “Qalatasaray”la müqayisə edib: “Bugünkü oyunda rəqib bizə çox az zona verdi. “Qarabağ” “Qalatasaray”la müqayisədə komanda şəklində daha yaxşı futbol göstərir. Sonda Azərbaycanın ölkə olaraq bizi çox yaxşı qarşıladığını deməliyəm. Hazırda sizin üçün çətin dönəmin olduğunu bilirəm. Ümid edirəm ki, sonda hər şey sizin üçün yaxşı nəticələnər”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın