Bir neçə gün sonra erməni vəhşiliyinin ən bariz nümunəsi olan Xocalı Soyqırımının növbəti ildönümünü anacağıq. 30 ildən sonra faciə qurbanlarını elə Xocalının özündə yad edə biləcəyik.

YALAN.info bildirir ki, Azərbaycan Respublikası Milli Məclisinin Xocalıdan olan deputatı Elman Məmmədov Xocalı Soyqırımının anım mərasiminin elə yerində anılmasının önəmini Modern.az-a belə açıqlayıb:

“Ermənilər tərəfindən Xocalıda törədilən Soyqırımının 32-ci ildönümü Xocalıda yad ediləcək. Bu il də respublikamızın hər bir guşəsində, təşkilatlarda, müəssisələrdə, xarici ölkələrdəki diplomatik korpuslarda, müxtəlif cəmiyyətlərdə Xocalı Soyqırımı anılacaq.

Bu il ilk dəfə olaraq Xocalıdan olan müəyyən qrup Soyqırımını qurbanlarını doğma torpaqlarda yad edəcək. Bu da Azərbaycanın gücündən, onun suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunmasından xəbər verir. Anım gününü Xocalıda keçirmək şəhidlərimizin ruhunun şad olması, xocalılıların həsrətinə son qoyulmasıdır. Bununla bağlı cənab Prezidentimizin rəhbərliyi ilə hələ çox işlər görüləcək. Xocalıda, ermənilərin qırğınlar törətdikləri ərazilərdə kütləvi məzarlıqlar aşkar olunur. Belə məzarlıqlar hələ çox yerlərdə aşkar olunacaq. Bunlar erməni qəddarlığından, düşmənçiliyindən xəbər verir”. 

E.Məmmədov Qarabağda Soyqırımı muzeyinin açılmasından da danışıb: “Mən və xocalılar tərəfindən müəyyən təkliflər səsləndirilib. Yəqin ki, cənab Prezidentin rəhbərliyi ilə məsələlərə xüsusi diqqət yetiriləcək. Xocalıda soyqırımı abidəsi qoyulacaq, muzeyin yaradılması da məqsədəuyğundur. Kütləvi qırğın olan ərazilərə xatirə lövhələrinin vurulması vacibdir. Yəni çox işlər görüləcək. Tək Xocalıda yox, digər işğaldan azad edilmiş ərazilərimizdə də bu məsələlərə xüsusi diqqət yetiriləcək”.

Yada salaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın