Azərbaycan Respublikasında dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Füzuli və Şuşa rayonuna gəlib.

YALAN.info bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərinin Baş planı ilə tanış olub

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçılarına Füzulidə görülən və həyata keçiriləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq.

Yaşayış ərazilərinin sıxlığının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə yanaşı, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılıb.

Xüsusi vurğulandı ki, ötən ilin avqustunda Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin, bu gün isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi füzulililər üçün unudulmaz hədiyyə olmaqla yanaşı, ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının daha bir göstəricisidir.

Diqqətə çatdırıldı ki, Baş planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə işğalçı Ermənistanın 30 il boyunca Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları ilə bağlı da məlumat verildi.

Azərbaycan və Qazaxıstan prezidentləri Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

Dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşüblər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dedi:

– Sizi burada, müqəddəs Azərbaycan torpağında görməyimə çox şadam. Bildiyiniz kimi, mən dünən və bu gün ölkənizdə dövlət səfərindəyəm. Çox şadam ki, bu səfər tam uğurla – dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişafına ən ciddi təkan verəcək son dərəcə mühüm sənədlərin imzalanması ilə başa çatır. Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram.

Mədəni–humanitar sahədə əlaqələrin inkişafına, möhkəmləndirilməsinə böyük diqqət yetiririk. Burada Qazaxıstan mədəniyyət günləri böyük müvəffəqiyyətlə keçirildi. Dünən səmimi qəbula görə minnətdarlığımı bildirdim. Azərbaycanın mədəniyyət xadimlərini Qazaxıstanda gözləyirik.

Azərbaycanın hörmətli Prezidenti İlham Heydər oğlu Əliyevin Sumqayıt şəhərində bir küçəyə Qazaxıstanın məşhur maarifçisi Axmet Baytursınovun adının verilməsi qərarına görə ona çox minnətdaram. Eyni zamanda, ötən il biz hörmətli Prezidentlə paytaxtımızda dahi dövlət xadimi Heydər Əliyevin şərəfinə adlandırılmış küçənin açılışını etdik. Belə təmaslar, şübhəsiz ki, davam edəcəkdir.

Sizi bir daha müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm. Sizə ən xoş arzularımı çatdırıram. Bu Mərkəz Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir. Hökumətin tapşırığına və mənim şəxsi göstərişimə əsasən “BI Group” özəl şirkəti bu hədiyyəni səmimi-qəlbdən, bütün xalqın adından təqdim edir. Zənnimcə, bu obyekt şübhəsiz ki, ölkələrimiz arasında rifahın, bütün əlaqələrin, hərtərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacaq.

Sizə uğurlar, tərəqqi arzulayıram. Heç bir şübhə yoxdur ki, Azərbaycanın müqəddəs regionu güclü inkişaf edəcək. İndicə gələcəyə dair planla tanış olduq və əlbəttə ki, o, miqyası və intensivliyi ilə bizi valeh edir. Sağ olun.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

– Hörmətli Kasım-Jomart Tokayev, çox sağ olun. Füzulililər, ictimaiyyətimiz və bütün Azərbaycan xalqı adından Sizə bu qardaş hədiyyəsinə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Azad olunmuş torpaqlarda Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması Sizin şəxsi təşəbbüsünüzdür. Ötən dəfə – ilyarım əvvəl Azərbaycana səfəriniz zamanı bu Mərkəzin təqdimatı oldu və bir il ərzində Mərkəz tikildi, bu gün onun rəsmi açılışıdır. Mərkəz qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyır.

Dünən biz Sizinlə danışırdıq ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq. Hər bir belə layihə Azərbaycan xalqının qəlbini riqqətə gətirir, çünki 30 il ərzində bu balaca uşaqların valideynləri, babaları və nənələri bir arzu ilə – öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar. Onlar qayıtdıqda dağıdılmış, yerlə-yeksan edilmiş Qarabağı gördülər, əlbəttə, çox acı hisslər yaşadılar. Bu qayıdışın ağrılı-acılı və eyni zamanda, sevinc hissləri bir-birinə qarışmışdı.

İndi qardaş Qazaxıstanın köməyi ilə Füzulidə çox gözəl Uşaq Yaradıcılıq Mərkəzi açılır. Bu təşəbbüsə görə Sizə səmimi–qəlbdən minnətdarıq. Bu, azərbaycanlıların, burada yaşayanların və yaşamayanların, buraya gələn və bu gözəl binanı görən hər kəsin yaddaşında qalacaq. Ən başlıcası, buraya gələn, əksəriyyəti Bakıdan, Sumqayıtdan və digər böyük şəhərlərdən olan uşaqlar öz qəlblərinin səsi və əcdadlarının çağırışı ilə tədbirdə iştirak edirlər.

Diqqət yetirdikdə görürük ki, burada – Füzulidə yaşayan insanlar, onların əksəriyyəti Füzulinin işğalı dövründə dünyaya gəliblər, yaxud çox balaca olublar. Demək olar ki, onlar öz doğma şəhərini, öz rayonunu görməyiblər, amma bu torpağa məxsus olduqları, uğrunda mübarizə apardığımız, döyüşdüyümüz, qan tökdüyümüz və uşaqlarımızı itirdiyimiz müqəddəs Qarabağ torpaqlarına aid olduqları üçün buraya qayıdıblar.

Bu gün, Qarabağın dirçəldiyi bir vaxtda əziz qardaşımızı, Türk dünyasının ən böyük ölkəsinin, sürətli inkişafa malik, beynəlxalq arenada iri aktor olan, Azərbaycanın müttəfiqi qardaş Qazaxıstanın Prezidentini salamlamaqdan böyük şərəf hissi duyuruq. Siz yəqin ki, bizim dünənki görüşlərimizi izləmisiniz, həmçinin axşam da bizimlə birlikdə olmusunuz. Yəqin ki, bu ab-havaya nüfuz etmisiniz. Ünsiyyətimizin bütün işgüzar komponenti ilə yanaşı, məhz mənəvi bağlar bizə güc verir. Sizi təbrik edirəm və sizin adınızdan bir daha Kasım-Jomart Tokayevə təşəkkürümü bildirmək istəyirəm.

Prezident Kasım-Jomart Tokayev: Azərbaycanın gənc vətəndaşlarına, müqəddəs Füzuli sakinlərinə ayrıca səadət, uğurlar arzulamaq istəyirəm.

Prezident İlham Əliyev: Mən bizim nümayəndələri təqdim edim. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar.

Prezident Kasım-Jomart Tokayev: Bəli, tanıyıram.

Prezident İlham Əliyev: Konservatoriyanın rektoru. Xalq yazıçısı, yəqin ki, Siz onun da kitablarını bilirsiniz.

Xalq yazıçısı Çingiz Abdullayev: Mən onun atası haqqında yazmışam.

Prezident Kasım-Jomart Tokayev: Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Milli Konservatoriyanın rəhbəri. Memarlar İttifaqının sədri.

Memarlar Birliyinin sədri Elbay Qasımzadə: Mən qazax adı daşıyıram, adım Elbaydır. Atam mənə cəbhədə həlak olmuş dostunun adını qoyub.

Prezident İlham Əliyev: Məşhur kinorejissor Oqtay Mirqasımov, Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev, bizim gənc füzulililərimiz, istedadlarımız buradadırlar.

Müəllim Məhin Orucova: Hörmətli cənab prezidentlər. Sizi Azərbaycan mədəniyyətinin qədim tarixi mərkəzi olan Qarabağ torpağında salamlayırıq. Cənab Prezident İlham Əliyev, Sizə minnətdarıq ki, bizi öz torpağımıza qaytarmısınız. Biz Sizə və şanlı Ordumuza minnətdarıq.

Bu gün bizim və uşaqlarımız üçün əlamətdar gündür. Bu gün Qazaxıstan milli mədəniyyətinin böyük nümayəndəsi, qazax xalq musiqisinin patriarxı Kurmanqazı Saqırbayulının adını daşıyan Füzuli Uşaq Yaradıcılıq Mərkəzinin açılışıdır. Biz Qazaxıstan Prezidenti cənab Kasım-Jomart Tokayevə və onun simasında bütün Qazaxıstan xalqına belə gözəl Mərkəzə görə minnətdarıq. Bütün füzulililər adından uşaq yaradıcılığı fəaliyyətinə göstərilən qayğıya görə iki dövlətin liderlərinə çox təşəkkür edirik.

Bu Mərkəzdə uşaqlar təkcə Azərbaycan deyil, həm də qazax mədəniyyətini öyrənəcəklər. Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Qazaxıstan ilə Azərbaycan arasında dostluğun rəmzi olacaq.

Prezident Kasım-Jomart Tokayev: Sağ olun. Həqiqətən Kurmanqazı qazax musiqisinin nəhəngidir, demək olar ki, Türk mədəniyyətinin ayrılmaz hissəsidir. Kurmanqazının adı olmadan qazax musiqisini təsəvvür etmək çətindir. Ona görə də deməliyəm ki, onun musiqisi çox dinamikdir və indiyədək çox müasirdir. Məşhur “Küy Sarı Arka” indiyədək böyük həyəcanla dinlənilir.

Prezident İlham Əliyev: Əlbəttə, uşaqlar burada onun yaradıcılığını öyrənəcəklər.

Dövlət başçıları Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdilər. Sonra xatirə şəkli çəkdirildi. Prezidentlər Uşaq Yaradıcılıq Mərkəzində yaradılan şəraitlə tanış oldular.

Qeyd edək ki, Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir. Təməli 2023-cü ilin martında qoyulan Mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetiriləcək.

Vurğulandı ki, layihəni “BI Group” şirkəti hazırlayaraq həyata keçirib. Tikintidə qabaqcıl texnologiyalardan və şirkətin illər ərzində qazandığı təcrübədən istifadə olunub. Şirkətin müasir mühəndis həlləri və təhsil obyektlərinin tikintisi nöqteyi-nəzərindən yüksək səviyyəli peşəkar təcrübəsi var.

Qeyd edək ki, yeni təhsil kompleksi üçün Kurmanqazı adının seçilməsi də təsadüfi deyil. Görkəmli musiqiçinin əfsanəvi əsərləri bütün Türk dünyasının mirasına çevrilib. Mərkəzin yaradılması Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, gənclərin keyfiyyətli təhsilinə, regionda yaradıcılığın, idmanın və elmin inkişafına töhfə vermək məqsədi daşıyır.

Prezident Kasım-Jomart Tokayev: Bu avtobus bizim hədiyyəmizdir. Qazaxıstanın uşaqlara ərməğanıdır, istifadə etmələri üçündür. Üzərində “Balalar” yazılıb.

Prezident İlham Əliyev: Sağ olun.

Qazaxıstan nümayəndəsi: Qazaxıstanda yığılıb.

Prezident İlham Əliyev: Çox sağ olun.

Prezident Kasım-Jomart Tokayev: Çox şadam ki, Sizin xoşunuza gəldi. Bu, bizim Azərbaycan xalqına səmimi hədiyyəmizdir. Bilirəm ki, Azərbaycanın potensialı böyükdür və Siz özünüz də bütün bunları edə bilərsiniz, amma biz həmişə qardaşlıq hisslərimizi ifadə etməliyik və belə maddi formada.

Toplantı iştirakçıları: Sizə təşəkkür edirik.

İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə tikiləcək Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olublar

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olublar. Səhiyyə naziri Teymur Musayev dövlət başçılarına xəstəxanada yaradılacaq şərait barədə məlumat verdi.

Bildirildi ki, Baş plan layihəsinə əsasən 180 çarpayılıq yeni xəstəxana 4,5 hektar ərazidə inşa olunacaq. Xəstəxananın inşasında Qazaxıstanın “BI Group” və bir sıra Azərbaycan şirkətləri iştirak edəcək. Bu tibb ocağında inzibati bina, qəbul, terapiya, kardiologiya, nevrologiya, cərrahiyyə, travmatologiya-ortopediya, oftalmologiya, otorinolorinqologiya, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək.

Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq. Müalicə ocağı ən müasir tibbi avadanlıqlarla təchiz ediləcək.

Diqqətə çatdırıldı ki, xəstəxana ilə yanaşı, eyni ərazidə Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Yardım Stansiyası və Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi də tikiləcək. Burada rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılacaq. Beləliklə, öz doğma yurdlarına qayıdacaq rayon sakinləri bu tibb ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.

Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli rayonuna gəlib

Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Şuşa şəhərinə səfər ediblər. Dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxdılar.

Bildirildi ki, işğal zamanı ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər Prezident İlham Əliyevin göstərişi ilə əvvəlki yerlərinə qaytarılıb.

Prezident İlham Əliyevə və Prezident Kasım-Jomart Tokayevə Şuşanın Baş planı barədə məlumat verildi. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirdi ki, şəhərin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunub saxlanılması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapıb. Hazırda Baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir.

Natəvan bulağı ilə tanışlıq zamanı qeyd olundu ki, Şuşa işğaldan azad edildikdən qısa müddət sonra istifadəyə verilən “Xan qızı” bulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə də tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti “Xan qızı” bulağı adı ilə məşhur idi. İşğal dövründə suyu quruyan bulaq yenidən sakinlərin və şəhərin qonaqlarının istifadəsindədir.

Prezidentlər daha sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxdılar. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlət başçılarına Mərkəz və sərgi barədə məlumat verdi. Bildirildi ki, Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra ötən il mayın 10-da istifadəyə verilib. Bina ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır.

Qeyd edildi ki, “Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf sahələrindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin sərgidə Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb.

Məlumat verildi ki, 1969-cu ildən etibarən Qarabağın və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev mürəkkəb tarixi şəraitdə bölgə həyatının bütün sahələrində geniş islahatlar aparmağa nail oldu. 1979-cu il yanvarın 12-də Ümummilli Liderin iştirakı ilə Ağdam–Xankəndi dəmir yolu açıldı. Bu, Ulu Öndər Heydər Əliyevin Qarabağın Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Ulu Öndər Şuşanın inkişafına da xüsusi əhəmiyyət verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirirdi.

Sonra prezidentlər Saatlı məscidində oldular. Məlumat verildi ki, məscid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəllər Molla Pənah Vaqifin dərs dediyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub. Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi, Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb və ötən ilin may ayında məscidin açılışı olub.

Dövlət başçıları daha sonra Bülbülün ev-muzeyində oldular. Muzey barədə məlumat verən Polad Bülbüloğlu bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin göstərişi əsasında keçmiş Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşa işğaldan azad olunduqdan sonra isə Bülbülün ev-muzeyində də bərpa işləri aparılıb və 2021-ci il avqustun 29-da muzeyin açılışı olub.

Azərbaycan və Qazaxıstan prezidentləri Cıdırdüzündə də oldular. Ali qonağa məlumat verildi ki, Cıdır düzü Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi ərazidir. Sonra dövlət başçıları XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş üç yaşayış binasından ibarət “Yasəmən” otelində oldular.

Bildirildi ki, Şuşa şəhərinin Köçərli küçəsində yerləşən və işğal zamanı dağıdılan həmin binalar Heydər Əliyev Fondu tərəfindən bərpa edilərək otel kimi istifadəyə verilib. Autentik üslubda bərpa edilən “Yasəmən” otelinin eksteryeri və interyeri buraya gələnləri orta əsr Şuşasına qaytarır. Otel “double”, “twin” və “junior” otaqların olduğu iki korpusdan, restoran və bir neçə terrasdan ibarətdir.

Qonaqlar otelin həyətində dövrünün üslubuna uyğun salınan bağçada və terrasda dincələ, şəhərin mənzərəsini seyr edə bilərlər. Terrasdan Mehmandarovların malikanə kompleksinə və ümumi şəhərə gözəl mənzərə açılır. Otelin interyeri, otaqları xüsusi dizayn edilib. Buradakı hər bir element, əşya məhz bu dizayna uyğun seçilib. Bu da qonaqlarda nostalji hisslər yaradır. Mədəniyyət paytaxtı Şuşa ilə tanışlıq ali qonaqda dərin təəssürat doğurub.

Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın