Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəyli yaratdığı təkrarsız obrazlarla öz adını Azərbaycan sənət tarixinə yazdırmağı bacaran sənətkarlardandır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan teatrının görkəmli nümayəndələrindən olan, milli kino sənətimizin bənzərsiz simalarından sayılan Leyla Bədirbəylinin anadan olmasından 102 il ötür.

Leyla Bədirbəyli inanılmaz bacarığı olan teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib.

Görkəmli aktrisanın fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilib. Prezident İlham Əliyev 2019-cu ilin dekabrın 29-da imzaladığı Sərəncamla ölkəmizdə Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib.

O, 1920-ci il yanvarın 8-də Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.

Balaca Leylanın uşaqlıq illəri Bakıda, daha doğrusu, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Belə ki, həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Belə ki, fərqli xarici görünüşə və rəqs bacarığını olan L.Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına çağırılır.

Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına çağırılır. O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri hər zaman yada salınır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və başqa bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.

Kinoda bu xanımın parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olur. Belə ki, 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşlü qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.

Əlbəttə, Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakarcasına xidməti təkcə Gülçöhrə ilə bağlı deyildir. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.

“Azərbaycan gözəli” adını almış aktrisa 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

MƏNBƏAzərbaycan Dövlət İnformasiya Agentliyi
Öncəki xəbərAlmatı nəzarət-buraxılış məntəqələri ilə tam əhatəyə alınıb
Sonrakı xəbərQazaxıstanda iğtişaşlar zamanı 6 minə yaxın adam saxlanılıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın