2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. 

Sərəncamda qeyd edilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünün qeyd olunması qərara alınsın.

Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı.

Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində özəl yer tutur. Uzun illər boyunca mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.

İmzalanmış sənədə uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın