“Mənim üçün 2023-cü il Xalq artistinin bərbad geyimi ilə yadda qaldı”.

YALAN.info bildirir ki, bu sözləri Oxu.az-a müsahibəsində stilist Anar Ağakişiyev deyib. Onunla gələn ilin dəbini, qalmaqalları, zövqlü və zövqsüz məşhurları, layihələri müzakirə etdik. Müsahibəni təqdim edirik:

– Anar bəy, sizi görmək çox xoş oldu. Necəsiniz? İşləriniz necə gedir?

– Şükür, hər şey əladır. Gördüyünüz kimi, temp yavaş-yavaş yığılır. Pandemiyadan sonra sektor dirilir. Bu səbəbdən Bakıda tapılmıram. Hər şey yaxşıdır. Təşəkkür edirəm.

– Qarşıdan 2024-cü il gəlir. Yeni ildə nə kimi yenilikləriniz olacaq?

– İllərlə üzərində çalışdığım bir layihə var, inşallah, 2024-də onu gerçəkləşdirməyi düşünürəm. Amma açıqlaya bilmərəm. Öncədən demək mənə düşmür. Oxucular məni başa düşəcəklər. Onu həyata keçirməyə hazırlaşıram. İnşallah, Allah alnımı açıq edər. Əsas o layihəyə köklənmişəm. Üzərində səylə çalışıram.

Bununla yanaşı, TV-də yayımlanan “Dəyişən cavab” yenidən bərpa olunur. Hətta dekorasiyaları da gətiriblər. Bənövşəyi podium olacaq. Əvvəl TV studiyasında çəkilirdi. Bir qədər çətinliyimiz olurdu. Qərara gəldik ki, elə burada, öz mərkəzimizdə çəkək.

– “Dəyişən cavab” layihəsi efirdə nə zamandan yayımlanmağa başlayacaq? Formatında nə kimi yeniliklər olacaq?

– Yeni ilin ilk həftəsindən yayımlanacaq. Bizim layihəni Türkiyədə də həsədlə izləyirdilər. İlk yayımda canlı korifeyi qonaq qismində dəvət edəcəyik.

Bizim birinci verilişimizdə o zaman Xalq artisti Flora Kərimova iştirak edirdi. Çox möhtəşəm alınmışdı. İndi də “ağır artilleriya” ilə başlayırıq. Bəzi fərqlər olacaq. Əvvəl həm müğənni dəyişirdi, həm də öz tarixçəsini danışırdı. İndi dəyişiklik bir balaca az olacaq. Verilişə gələnlərin 80 faizinin zövqü normaldır. Bir növ, qonaq içində saxladığı, yığılıb qalanları danışacaq.

Müğənnilər mənə nə isə danışanda bəzən düşünürdüm ki, bunları mənə niyə deyirlər? Bir dəfə özüm qonaq qismində oturdum. Gördüm ki, həqiqətən, məni ab-hava apardı. Heç vaxt heç yerdə demədiklərini danışırlar. Bu dəfə, bir növ, qarşı tərəfə də söz ixtiyarı veriləcək. Məsələn, bir müğənni digər şəxs haqqında danışırsa, artıq süjet ilə qarşı tərəfin cavabını ala biləcək.

– Aparıcı Kamran Həsənlinin telekanalların bugünkü fəaliyyəti ilə bağlı fikrinə sosial şəbəkədə münasibət bildirmisiniz.

– Təsadüfən İctimai Televiziyada Kamran Həsənlinin çıxışını gördüm. Məncə, heç də doğru fikir deyil. Şəxsən mən öz adımdan deyə bilərəm ki, kanallarda hər şey yüksək səviyyədədir. Yeni formatda verilişlər yayımlanır.

Ola bilər ki, trendə düşən müğənnilərin birbaşa efirə yolları açılır. Bu, normal haldır. Dünyanın hər yerində bayağı mahnılar səslənir. Onların da öz kütləsi var. Efirdən elə fikir səsləndirmək kənardan gülməli görünürdü. Əgər Kamran bəy öz vaxtı ilə müzakirə edirsə, onu deyə bilərəm ki, əvvəl toy kameraları ilə çəkilirdi.

Kamran Həsənli böyük bir fasilə verib, indi özünü toparlaya bilmir. Heç bir vəzifəsi yoxdur, heç bir kürsüdə oturmayıbsa, bu, Kamran Həsənlinin öz problemidir. Başqalarına söz atmaq lazım deyil.

Ağlamalı, “Səni axtarıram” tipli verilişlərin çoxluğundan kimsə gileylənirsə, Türkiyədə Müge Anlı illərlə reytinqdə birincidir. Heç bir tamaşaçı qalxıb demir ki, bezdik.

– Qadınları makiyajla dəyişirsiniz. Bu, çox böyük səs saldı. Bəs kişilərlə bağlı belə bir layihəniz varmı?

– Belə bir şeyi heç vaxt düşünməmişəm. Bəylərimizin çərçivəsi çox dardır. Çərçivədən çıxa bilmirlər. Ona görə də düşünmürəm. Lakin pis də görünmürlər. Yaxşıdırlar.

– İndi hansı məşhurlarla işləyirsiniz?

– Daimi olaraq heç kəslə çalışmıram. Burada olanda Röya Ayxan, Samirə Əfəndi, Manana Caparidze gəlirlər. İşlərim səbəbindən vaxtım yoxdur. Xaricdə layihəm var. Yerli telekanalların birində də kadr arxasında çalışıram. Üst-üstə düşür deyə vaxtım olur. Beş-altı ildir ki, belədir.

– Anar bəy, sizinlə işləmək istəyən, ancaq imtina etdiyiniz məşhurlar olubmu?

– Yox, olmayıb. Mənə zövqü manat və dollar verir. O yaş dövrümü yaşayıram ki, yalnız qazancdan zövq alıram. Fərqi yoxdur. Danışmadığım müğənni belə gəlib, qapımı döysə, işləyərəm. Mən kimsə ilə prinsip aparmıram.

“Altın Kelebek” mükafatında Kamilə Babayeva məndən müsahibə aldı. Mən o xanımla bir ildir ki, danışmıram. Ancaq bunu normal qəbul etdim. O da işini görürdü. Mikrofonu uzatdı, ona gülümsəyərək cavab verdim. Bəzən məclislərdə də danışmadığım adamlarla bir araya düşmüşəm. Heç vecimə də olmayıb. Elə bir kompleksim yoxdur. Hər bir insan belə olmalıdır. Bir insanı silmişəmsə, onunla əsla barışmıram.

Barışdığım yalnız Roza Zərgərlidir. Sadəcə, münasibətimiz düzəlib. Başqaları ilə inanmıram ki, düzəlsin. İstər Nanə, istərsə də digərləri olsun. Adlarını çəkmək istəmirəm. Qəlb sındısa, bitdi. Bir daş altda, bir daş üstdə. Bir insan digərinə qarşı səhv addım atdısa, sabah mənə qarşı da ata bilər. Ona görə uzaqlaşıram. Elə düşünməsinlər ki, Nanə xanım mənimlə barışmaq istəyir, xeyr. Sadəcə olaraq, kimisə bu günə qədər uzaqlaşdırmışamsa, o demək deyil, düşmənimdir. Sadəcə, ortaq mövzuda olmaq istəmirəm.

– Bu ilin ən zövqlü və ən zövqsüzləri kimlər oldu?

– Məni heç maraqlandırmır. Heç vecimə də deyil. Kimin nə zövqü varsa, odur. Həyat çox qəribə olub. Artıq əvvəlki qığılcım qalmayıb. Kim zövqlü geyinib, özü bilər. Dünya başqa tərəfə yönəlib. “TikTok”a girirsən, görürsən ki, dünyanın sonu ilə bağlı danışırlar. Zövqlü-zövqsüz məsələsi arxa planda qalıb. Heç maraqlı deyil. Zövqsüzə belə xoşdur ki, elə gəzir. Özü bilər.

– “Altın Kelebek” müsabiqəsindəki məşhurların geyimi sizi qane etdimi? Hətta tənqidlər oldu ki, yaxşı deyildi. Nominasiyada iştirak edənlərin stilinin kimsəni təəccübləndirmədiyini söyləyirdilər.

– Xeyr. Tam qane etmədi. Mən onların geyimləri ilə məşğul olmurdum. Sadəcə, mükafat üçün təklif almışdım. Qəbul etdim. Məncə, öz vəzifəmi yüksək səviyyədə yerinə yetirdim. Özümdən çox razıyam. Orada, sadəcə, Samirə Əfəndi məndən onu bəzəməyimi xahiş etdi. Mən də qəbul etdim.

Məndən olsaydı, aktrisa Kamalə Piriyevanın saçını açardım. Pencək geyindirməzdim. Ağ paltarda olması şərt idisə, ağ məxməri sadə bir paltar və beli incə göstərən qızılı kəmər, paltarında dizdən yırtıq olsaydı, yaxşı olardı. Sadəlik daha önəmlidir.

– 2023-cü il “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən qardaşların geyimi, stili də çox tənqid olundu. Siz nə düşünürsünüz?

– Geyimləri bərbad idi. Mən özüm oradaydım. Onlar klipdə olan obrazda çıxsaydılar, bəlkə də, daha yaxşı olardı. Onlar oraya getməməli idilər. O tip obraz Avropada addımbaşı hər yerdə var. Onların yerinə Roza Zərgərli getsəydi, bəlkə də, yaxşı olardı. Bir növ təəccüblü gəldi. Orada bir qədər atlanıb-düşsəydilər, finala düşərdilər. Qardaşlarla şəxsi tanışlığım yoxdur. İnciməsinlər. Ruhdan da düşməsinlər. Problem onları oraya göndərəndədir.

Onlar qadınsayağı geyim və saç düzümündə idilər. Bu bir növ, bəlkə də, komandanın problemi idi. Onlar orada nə Konçita Vurst kimi idilər, nə də başqa cür. Ortada qalmışdılar. Böyük problem yaratdılar. Nəticə də göz önündə idi.

Roza Zərgərli dar, qırmızı rəngli lateksdə (bədən formasını büruzə verən), uzun mavi saç ilə qəşəng obraz ola bilərdi. Afrika mahnısı ilə getsəydi, finala düşərdi. Musiqi festivalında mahnıda millilik olmasa da olar. Uşaqlar orada sönmüşdülər. Acıdil deyiləm. Vokal kiminsə xoşuna gələ bilər. Eldar Qasımovu, bəlkə də, xatırlatmaq istədilər. Eldar Qasımov tarixi yazdı. O da bir dəfə oldu, bitdi.

Pulumu versələr, təbii ki, stil üzrə məsləhətçi ola bilərdim. Mən hər il orada işləyəndə qonorar alırdım. Son iki ildə qonorarları yetmirdi deyə razılıq vermədim. Bizimkilər düşünürlər ki, pulsuz işləməlisən.

– Sizcə, 2023-cü il dəb dünyasında nə ilə yadda qaldı?

– Heç xatırlamıram. Sanki burada deyiləm. Mənim üçün 2023-cü il Xalq artistinin çox bərbad şəkildə geyinib, səhnəni bölüşməyi ilə yadda qaldı. Sosial şəbəkələrdə paylaşılmışdı. Ondan sonra ayıldı. İndi gül kimi görünür. Deyilməliydi. Ona söz batır. Digər aşağı səviyyədə olanlara söz deyəndə paxıllıq etdiyimi düşünürlər. O isə səhəri gün özünü dəyişdi. İndi 35-40 yaşında xanıma oxşayır. Dəhşət idi. Ona edəcəyim yaxşılıq idi.

– 2024-cü ildə hansı yeniliklər gözlənilir?

– Qısa saçlar daha çox önə çıxır. Pandemiyadan sonra dizaynerlər hələ də ayıla bilmirlər. Bir-birilərini təkrar edirlər. Nə olacağı hələ də bəlli deyil. Bir onu bilirəm ki, bütün dizaynerlər daha çox robot elementlərinə üstünlük verəcək. Bu elementlər önə çıxacaq. Məsələn, Beyonse sonuncu konsertində bundan istifadə etmişdi, sonra Madonna, sonra isə Röya.

– Azərbaycanlıları dəbli hesab etmək olar?

– İndi hə. Bir növ ayaqlaşa bilirlər. Çünki gənc nəslimiz çox gözəl, müasir tərzdə geyinir. Sosial şəbəkələrin gücü görünür. Çox bəyənirəm. Qızlar açıq geyinmirlər. Geyindikləri normaldır. Dəblə müasirliyi bir arada tutmağı bacarırıq. Buna çalışırıq.

– 2024 – “Əjdaha” ilidir. Dəb dünyasında da özünü göstərəcəkmi?

– Onu gələn il biləcəyik. Mənə elə gəlir ki, qlobal dəyişikliklər olmayacaq. Adi pencəkdir, tutaq ki, düyməsindəki detala incə toxunuşla dəyişmək mümkündür. Düyməsini fərqli bağlamaqla dəb olur. Qeyri- adi dəyişiklik olmayacaq. Ancaq xırda detallarda.

– Anar bəy, stil deyəndə daha çox siz yada düşürsünüz. Yəqin ki, bu günə qədər çox çətinlikləriniz olub.

– Çətinliklər olub. Hamı nə görübsə, onu mən də görmüşəm. Savaşsız nə isə əldə etmək maraqsız olardı. Öz zövqümlə həyatımı yaşamışam. İndi gənclərdə inamsızlıq var. Tənbəldirlər.

Heç bir tapşırıq olmadan bu gün qazandıqlarım hamısı öz hesabımadır. Gənclərə tövsiyəm budur ki, dayanmasınlar. Bacardıqları qədər həyatdan qoparsınlar.

– Bizim məşhurlarla xaricdə yaşayanların stilini müqayisə etməyinizi istərdim.

– Müqayisəolunmazdır. Bir tək Röyadır. Digərləri özləri-özlərini təkrarlayırlar. Çox bərbad görünürlər. Öz bədənlərini tanımırlar. Birini dəyişirsən, yüngül şəkildə normal hala gəlir. Sonra lütlənib, çıxır efirə. Biabırçılıqdır.

– Stil deyəndə ağlınıza kim gəlir?

– Yerli ad yoxdur. Şoudan heç kəs.

– Qərb stili bizə gəlib çıxıbmı? Həmçinin, bu qədər qərbə meyilliliyə gərək varmı?

– Bir qədər gəlib. Bəylərimizin boş geyimləri, xanımlarımızın da açıq-saçıq geyimləri qərbdən gəlib. Qərbə meyilliliyə gərək var. Onlar dəbi diktə edirlər. Dəb həmişə o tərəfdən gəlir. Ehtiyac da var. Çətin sualdır. Biz ölkə olaraq gəncik. Onlar əzəldən azad olublar. Biz əvvəllər basqı altında olmuşuq. Lakin gənclik dövrümüz üçün çox iş görmüşük. Öz yerli dizaynerlərimiz var ki, gürcülərdən geri qalmırlar. Bəyənirəm.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın