Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Dəstələri və beynəlxalq koalisiyanın döyüş təyyarələri Suriyanın Hələb əyalətinin Keklicə və Cerablus rayonlarının terrorçu İŞİD qruplaşmasından təmizlənməsi istiqamətində “Fırat Kalkanı” (Fərat qalxanı) əməliyyatına başlayıb. Başqa sözlə Türkiyə öz dövlət təhlükəsizliyi və ərazi bütövlüyünü qorumaq istəylə Suriya torpaqlarına girib.

Əməliyyata Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Dəstəsinin 500 hərbçisi və Suriya Azadlıq Ordusunun 2 minə qədər döyüşçüsü qoşulub. “Fırat kalkanı” əməliyyatının ilk günü İŞİD-in 46 silahlısı öldürülüb. Suriya Azadlıq Ordusunun 3 döyüşçüsü yaralanaraq, Qaziantəpdəki xəstəxanalardan birinə yerləşdirilib. Bir döyüşçü isə həyatını itirib. Bildirildiyinə görə, Türkiyə vaxtı ilə 19.30-da Cerablus bütövlükdə Suriya Azadlıq Ordusunun əlinə keçib.

Terrorçular isə Türkiyənin Karkamış rayonunu vurmağa çalışır. Yerli hökumət rayonun sakinlərini ərazidən çıxarıb.

Türkiyə hökuməti Suriyanın Hələb əyalətinə bağlı Cerablus rayonunun azad olunması üçün hərbi əməliyyatlar başlayan gün bəyanat yaydı və Cerablus bölgəsinin İŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyatların başlandığını açıqladı.

Bəyanatda Türkiyə Respublikasına və millətinə hücumların qarşısının alınması, ölkənin dinc vətəndaşlarını qətlə yetirən terrorçulara qarşı fəal mübarizə aparılması məqsədi ilə əməliyyatlar aparıldığı vurğulanıb. Əməliyyatın beynəlxalq ictimaiyyət və koalisiya gücləri ilə əməkdaşlıq çərçivəsində sürdürüləcəyi də bildirilib.

Türkiyə hakimiyyəti Celabrusdakı əməliyyatı ölkənin güvənliyinin təmin edilməsi məqsədi daşıdığını bildirib

Rəsmi Ankara bir neçə ildir ölkənin Suriya tərəfdən də təhdid edildiyini dünya ictimaiyyətinə çatdırır, PKK terrorçularının İraqdan sonra bu dövlətin ərazisindən Türkiyəyə qarşı fəaliyyət göstərdiyini bildirir.

Cerablus – Türkiyənin Qaziantep əyalətinin Kilis rayonunun şərqində, Suriyanın Ayn-ül Arab (terrorçu PKK-nın Suriyadakı qolları PYD və YPG həmin əraziyə nəzarəti ələ keçirib və rayon daha çox Kobani kimi tanınır) şəhərinin qərbində, Ezaz rayonun cənubunda, Suriyanın Hələb əyalətinin Minbic rayonunun qonşuluğunda yerləşən kantondur.

2004-cü ildə keçirilən əhalinin siyahıya alınmasının nəticələrinə görə, Cerablusun əhalisinin sayı 58 min nəfərdir. Döyüşlərdən sonra orada nə qədər insanın yaşadığı bilinmir. Rayon əhalisinin çoxu ərəb olsa da orada kürdlər də yaşayır. 2012-ci ildə kanton Suriya Azadlıq Ordusu və “Əl-Nusra” qruplaşmasının nəzarəti altında olub. 2013-cü ildə isə terrorçu İŞİD əlinə keçib.

Terrorçular sakinlərə qarşı zorakı davrandığı üçün əhalinin bir hissəsi Celabrusdan köçüb, bir hissəsi isə Türkiyəyə sığınıb.

Son bir ildə Suriya ərazisindən Türkiyənin Qaziantep əyalətinin Kilis rayonuna düşən çoxsaylı raketlər nəticəsində 20-yə yaxın yerli sakin ölüb, 50-dən çox sakini isə yaralanıb. Avqustun 21-də Qaziantepdə törədilən terror nəticəsində isə 54 dinc sakin həyatını itirib.

Terrorçu PKK qruplaşması və onun siyasi dəstəkçiləri də Türkiyəni Suriyadakı silahlılarla hədələyir, Suriyadan sonra onların hədəfində Türkiyənin olduğunu demək istəyirlər.

Heç şübhəsiz, İraq və Suriyada hakimiyyət boşluğundan istifadə edənlər bu iddianı gerçəkləşdirməyə cəhd də edirlər. Nəzərə almaq lazımdır ki, Türkiyə ilə Suriya arasında sərhədin uzuluğu 911 km-dir. Bu, başqa qonşu dövlətlərlə müqayisədə ən uzun sərhəddir. Yeri gəlmişkən, Türkiyənin İranla sərhədin uzunluğu 454 km, İraqla 331, Ermənistanla 316, Gürcüstanla 276, Bolqarıstanla 269, Yunanıstanla 212, Azərbaycanla 11 kilometrdir.

Suriyanın Türkiyə ilə sərhəd bölgələrinə isə mərkəzi hakimiyyət nəzarət etmir. Orada durum demək olar ki, aşağıdakı kimidir:

Azez – indi mərkəzi hökumətə müxalifət olan qüvvələrin nəzarətindədir. Ora terrorçu PKK-nın qolları olan PYD və YPG də girməyə çalışır.

Tel-Rlfat – bu ilin fevralınadək müxalifətin nəzarəti altında olub. Rusiyanın havadan dəstəkləməsi nəticəsində 2016-cı ilin fevralından etibarən PYD-nin əlinə keçib. Tel-Rıfat Türkiyənin sərhədində Azez və Mare ilə birlikdə müxalifətin nəzarət etdiyi əhəmiyyətli ərazi sayılırdı.

Mare – ABŞ-ın havadan dəstəyi nəticəsində PYD-nin nəzarəti altına keçib.

Menbiç – ABŞ-ın havadan zərbələr endirərək, YPG-ni dəstəkləməsi nəticəsində ərazi Suriya Demokratik Qüvvələrinin nəzarətindədir. Bu qurum PYD və YPG-nin rəhbərliyi altında çalışır.

El-Bab – bu ərazi İŞİD-in nəzarəti altındadır. PYD və YPG ABŞ-ın dəstəyi ilə oranı da öz nəzarəti altına almaq istəyir.

Kürd silahlıları Türkiyənin Cerablusun azad olunması üçün başlatdığı əməliyyatı “Rojava”, “Suriya Kürdüstanı” adlandırdıqları ərazinin birləşməsinə qarşı görürlər. PYD və başqa bu kimi silahlı qruplaşmalar bu il martın 17-də “Rojava”nı Suriyanın tərkibində dövlət elan ediblər.

PYD-nin başçılarından biri Saleh Müslüm Türkiyənin başladığı əməliyyatla bağlı Twitter səhifəsində yazıb: “Türkiyə Suriya bataqlığında çox şey itirəcək. İŞİD kimi o da uduzacaq”.

Türkiyə Celabrus əməliyyatı ilə Suriya ilə arasındakı dəmiryolu xəttinin də terrorçulardan qurtarmasını hədəfləyib.

Bundan başqa, rəsmi Ankara Suriyanın ərazi bütövlüyünü dəstəklədiyindən bu ölkədə etnik və məzhəb baxımından dövlətlərin qurulmasına qarşı olduğunu dəfələrlə bəyan edib.

PYD və başqa belə silahlı qruplaşmaların liderlərinin çıxışına gəlincə, onlar Türkiyə Silahlı Qüvvələrinin İraqda və Suriyada olmasından rahatsızlıqlarını bu şəkildə bildirirlər. Çünki türk ordusunun Suriya və İraqda olması həm bölgənin, həm də Türkiyənin təhlükəsizliyinə xidmət edəcək. Nəzərə almaq lazımdır ki, İraq və Suriyada Rusiya və İrana bağlı qüvvələr də var. PYD kimiləri indiyədək belə iddialı çıxışlar etməyiblər.

Ancaq unudulan, önəm verilməyən, ya da diqqətdən kənarda saxlanılmağa çalışılan bir məqam da var: İŞİD adlı terror qruplaşması varsa və iki ölkənin – İraq və Suriyanın böyük bir ərazisini nəzarət altına alıbsa, həmin yerlərin sakinləri qaçqın halına düşübsə, terrorçuların fəaliyyəti nəticəsində bu iki dövlətin dünyanın siyasi xəritəsindən silinməsi qorxusu varsa, o zaman belələri ilə necə davranılmalıdır?! Yoxsa, İŞİD-in varlığı həm də PYD kimi terrorçuların xeyrinə işləyir?

“Fırat Kalkanı”ndan ABŞ, Rusiya və İran da xəbərdardır. ABŞ, Almaniya, İran və Rusiya “Fırat Kalkanı”nı dəstəkləyib.

Bu əməliyyat Suriya məsələsi ilə bağlı beynəlxalq danışıqlarda Türkiyənin mövqeyinə müsbət təsir göstərəcək. Habelə PKK, PYD kimi terrorçu qrupları türk dövlətinə qarşı istifadə edənlərə, elə həmin dəstələrə də öz yerini göstərəcək. Nə qədər pafoslu və emosional səslənsə də bunu da vurğulamaq gərəkdir: dünya 101 il öncə türk millətinin gücünü görmüşdü. Suriyadakı aniterror əməliyyatında bu gücün və ruhun ölmədiyi təsdiqləndi.

Türkiyənin Daxili İşlər Naziri Efkan Ala isə deyib ki, əməliyyat ölkəsinə yönələn təhdidlər aradan qalxanadək davam edəcək.

Beləliklə, Türkiyə Silahlı Qüvvələri bölgənin taleyüklü məsələsinin çözülməsi üçün hərbi əməliyyatlara da qoşuldu. 3 milyonadək suriyalı və iraqlı qaçqını qəbul edən dövlətin bu əməliyyatı başlamasında qanunauyğunluq var.

Ancaq qorxulu və ehtiyat ediləcək hal da yox deyil. Ötən ilin noyabrında Rusiya ilə yaşanmış hərbi təyyarə böhranı rəsmi Ankaranın lazımı anda müttəfiqlərindən istənilən dəstəyi ala bilmədyini göstərdi. Bundan başqa, Türkiyəni parçalamaq istiqamətində çalışan, terror aktları törədən PKK, PYD kimi terrorçulara Qərb birmənalı şəkildə “yox” demir və onların üzünə qapıları bağlamır.

Bu isə narahatedici məsələdir. Yəni həmin müttəfiqlər ölkəni Suriyadakı hərbi əməliyyatlara cəlb etdikdən sonra adları çəkilən və çəkilməyən qruplaşmaların əli ilə Türkiyə üçün ciddi problemlər də yaşada bilərlər. Ən təhlükəlisi isə haqlı olduğun halda döyüş meydanında təklənməkdir.

Qaynaq: Sədrəddin İsmayılov, Report İnformasiya Agentliyi

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın