NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiya Ukraynanı “çirkli bomba” istifadə etməkdə günahlandırır və bu bəhanədən istifadə edərək Ukraynada eskalasiyanı genişləndirmək niyyətindədir.

YALAN.info bildirir ki, Şimali Atlantika Alyansının rəhbərinin bu açıqlaması NATO-nun rəsmi saytında yayımlanıb.

“NATO müttəfiqləri bu saxta ittihamı rədd edirlər. Rusiya tez-tez başqalarını günahlandırır. Biz Suriyadan tutmuş Ukraynayadək bu tendensiyanın şahidi oluruq. Rəsmi Moskva durumu daha da gərginləşdirməmək üçün belə bəhanələrdən əl çəkməlidir. Dünya Rusiyanın etdiklərini çox diqqətlə izləyir”, – deyə Y.Stoltenberq vurğulayıb.

Stoltenberq söyləyib ki, Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi həlledici məqama qədəm qoyur: “Prezident Putin döyüş meydanındakı uğursuzluqlarına artan aqressiya, dinc əhaliyə və mülki enerji infrastrukturuna zərbələr, yaşayış məntəqələrinə pilotsuz təyyarələr və raket hücumları ilə cavab verib”.

Baş katib yada salıb ki, son bir neçə gündə İranın Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi dəstək verdiyi bilinir. NATO rəhbəri belə bir durumu qəbuledilməz adlandırıb: “Heç bir ölkə bu cinayətkar müharibədə təcavüzkara yardım etməməlidir. Mən müttəfiqlərin və Avropa Birliyinin rəsmi Tehrana qarşı sərt sanksiyalar tətbiq etməsi faktını alqışlayıram”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın