Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında Rumıniya yığmasıyla Azərbaycana gələcək dünyanın ən gənc beynəlxalq qrossmeysteri Boqdan Daniel Dikin (Bogdan Daniel Deac) Report informasiya agentliyinin Şərqi Avropa bölümünə müsahibəsini YALAN.info oxucularına çatdırırıq.

– Öncə özünüzü tanıdın: Boqdan Daniel Dik kimdir?

– Mən, Boqdan Daniel Dik 8 oktybar 2001-ci ildə anadan olmuşam, rumıniyalı şahmatçıyam. Bu il, beynəlxalq dərəcəli qrossmeyster adını almaq üçün gərəkli normaları yerinə yetirmişəm. Qoyulan 2500 əmsal limitini keçmişəm və 1 sentyabr 2016-cı ildə açıqlanacaq FİDE-nin yeni reytinq sıralamasında 2524 əmsalım olacaq. İndi isə dünyanın ən gənc beynəlxalq qrossmeysteriyəm. Bu adı 14 yaş, 7 aylığımda qazanmışam.-

– Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasının başlanmasına çox az vaxt qalıb. Olimpiadaya hazırlıq necə gedir?

– Şahmat Olimpiadası karyeramda önəmli yarışlardan biridir. Özəl olaraq, sırf olimpiada üçün hazırlaşdığımı deyə bilmərəm. Bu yarışa qoşulduğum başqa turnirlərlə eyni səviyyədə baxıram və çalışıram ki, oynadığım öncəki yarışlarla qarşılaşdırdıqda daha yaxşı çıxış edim.

– Olimpiadada Sizin və habelə, Rumıniya millisinin hədəfləri nə olacaq?

– Ümid edirəm ki, şahmat taxtası arxasında güclü rəqiblərlə mübarizə aparacağam. Çünki onlarla görüşlərdən çox şey öyrənə bilərəm. Rumıniya millisinin bu olimpiadada məqsədi isə yüksək nəticələr əldə etməkdir. Niyə də yox? Hesab edirəm ki, sonda millimiz ilk “6-lıq”da yer alacaq.

– Sizcə 180-ə yaxın ölkədən 2500-dək şahmatçının qoşulduğu Olimpiadada 1-ci yeri kim tutacaq?

– Düşünürəm ki, Şahmat Olimpiadasında qalib adına namizəd ölkələr çoxdur. Bu sıraya Rusiya, ABŞ, Ukrayna və Azərbaycanı da artıra bilərəm. Məncə, ola bilər ki, saydığım ölkələrdən biri turniri qazanacaq.

– Şahmat Olimpiadasını keçirən ölkə – Azərbaycan haqqında bilgiləriniz varmı?

– Təəssüf ki, Azərbaycanla bağlı elə çox bilgim yoxdur. Bu, mənim ölkənizə ilk gəlişim olacaq.

– Azərbaycan şahmatçılarından kimi tanıyırsınız?

– Əlbəttə, Azərbaycan şahmatçılarını tanıyıram. Şəhriyar Məmmədyarov, dünyasını dəyişmiş Vüqar Həşimov kimi şahmatçıları dünyada kim tanımır ki?

– Zəngin ənənələrə malik Azərbaycan şahmat məktəbi haqqında eşitmisiniz?

– Azərbaycanın bacarıqlı, gənc şahmatçılarının olduğunu bilirəm. Hətta yarışlarda da görürəm. Öncəki illərdə keçirilən Dünya və Avropa çempionatlarında Vüqar Əsədli və Abdulla Qədimbəyli kimi şahmatçılarla qarşılaşmışam.

– İndi dünyanın ən gənc qrossmeysteri özünü vunderkind sayırmı?

– Yox, özümü vunderkind saymıram. Bu idman növünü çox bəyənirəm. Ola bilsin, son illər şahmat taxtası arxasında çox vaxt keçirmişəm.

– Maqnus Karlesen kimi gənc yaşlarında Dünya çempionu olmaq üçün Boqdan Daniel Dik nə etməlidir?

– Maqnus Karlsen səviyyəsinə çatmaq elə də çətin deyil. İnkişaf etməli və əmsalımı daha da artırmalıyam. Hardasa 340 xal. Bundan sonra İddiaçılar Turnirinə qatılmaq imkanı əldə edəcəyəm. Oradakı şahmatçılara və dünya çempionu adı uğurunda görüşdə rəqibimi də udaraq, şahmat tacını qazancam. Əlbəttə, bu bir zarafatdır, amma bunun üçün daha həvəslə və səylə çalışmalıyam.

– İndi Rumıniya şahmat məktəbinin səviyyəsi necədir?

– Rumıniyanın şahmat tarixində səviyyəli və dəyərli şahmatçıları olub. Bunlardan Nisipyanu, Georqiu, Suba, İstratesku, Çiokaltyanı göstərə bilərik. Onların da hər biri öz çağlarında gənc şahmatçılar üçün örnək olublar. İnanıram ki, gələcəkdə Rumıniyada şahmatla daha çox uşaq məşğul olacaq. Elə onların da Rumıniya yığmasının heyətində Olimpiya çempionu titulunu qazanmalarını arzu edirəm.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın