“Sülh müqaviləsi (Azərbaycan və Ermənistan arasında – Red.) hər şeyin 100 faiz həlli demək deyil”.

YALAN.info bildirir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasında (AzTV) yayımlanan “Əsas Məsələ” verilişinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sülh müqaviləsi ilə bağlı bütün önəmli təşəbbüslərin müəllifi məhz Azərbaycandır: “Proses bir tərəfin istəyindən, arzusundan asılı deyil. Burada hər iki tərəfin müvafiq addımlar atması önəmlidir. Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra biz Ermənistan siyasi rəhbərliyi tərəfindən səslənən ismarışları diqqətlə izləyirik. Müəyyən pozitiv ismarışları da eşidirik. Ancaq pozitiv sözlərin və ismarışların verilməsi önəmli olsa da, onların real işlərə transformasiya edilməsi daha önəmli məqamdır”.

Nazir bildirib ki, rəsmi Bakı bu ilin noyabr ayının sonunda İrəvandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb: “Bir ay ərzində tərəfimizdən işlənmiş təkliflər paketi Ermənistana təqdim olunub. Proses davam edir. Düşünürəm ki, 2024-cü ildə görüşlər keçiriləcək. Biz bu məsələyə real və nikbin baxırıq. Eyni zamanda biz sülh müqaviləsi barədə danışarkən başa düşməliyik ki, bu, hər şeyin 100 faiz həlli demək deyil. Bu, ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinin əsasını qoya bilər.

Bir günün içərisində Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycan-Gürcüstan münasibətləri səviyyəsinə qədər yüksələ bilməz. Ancaq ən azından normal qonşuluq münasibətlərinin əsasının qoyulması və iki ölkə arasında açıq münasibətlərin həllinin prinsiplərini müəyyənləşdirən bir saziş ola bilər və olmalıdır”.

Ceyhun Bayramov AzTV-yə antiterror tədbirlərindən danışdı

Ceyhun Bayramov “AzTV”də yayımlanan “Əsas Məsələ” verilişinə müsahibəsində antiterror tədbirlərindən danışıb: “44 günlük Vətən müharibəsi dövründən–2020-ci ilin oktyabr ayından bu günə kimi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Azərbaycana qarşı yeddi sənədin qəbul edilməsi çağırışları olub. Təkcə bu il üç belə cəhd olub”.

O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasında irəli sürülən təşəbbüslər və çağırışlar Azərbaycanı beynəlxalq səviyyədə tanınan ərazisində süverenliyini bərpa etməsi üçün keçirdiyi antiterror əməliyyatlarına mane olmaq cəhdləri idi.

Nazir onu da bildirib ki, bu ilin 19-20 sentyabr 2023-cü il tarixində keçirilən antiterror əməliyyatını zəruri edən hallar var idi: “Ermənistan və üçüncü tərəflərin Qarabağda qalmış qanunsuz silahlı birləşmələri gücləndirmək və Azərbaycanın ərazi bütövlüyünü təhlükə altına qoymaq cəhdləri var idi”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın