“13 noyabr 2023-cü il tarixində Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borelin Brüsseldə Xarici Əlaqələr Şurasının toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycana qarşı səsləndirilmiş, regiondakı reallıqları qəsdən təhrif edən ittihamları tamamilə adekvat deyil və qəbuledilməzdir”.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Avropa Birliyinin 30 ilə yaxın müddətdə ölkəmizin suveren ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına biganə yanaşması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri, bir milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın durumuna düşməsi faktını qınamaqdan çəkinməsi fonunda, Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir:

“AB Xarici Fəaliyyət Xidmətinin bu və digər bölgələrdə sərgilədiyi riyakar yanaşmalardan da göründüyü kimi, bu qurum yanlış addımların qurbanına çevrilib. Bununla yanaşı, Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir addım atmayan AB-nin nümayəndəsinin səsləndirdiyi ittihamlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təhdiddir.

Bir daha yada salırıq ki, istər 44 günlük Vətən Müharibəsi, istərsə də bu ilin sentyabr ayında 24 saatlıq antiterror tədbirləri ölkəmizin suveren ərazilərində həyata keçirilib. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz suverenliyini bərpa edib.

AB-yə üzv ölkələr aqressiv separatizm meyillərindən əziyyət çəkdiyi halda, Azərbaycanın öz suveren ərazilərində mövcud təhdidlərə qarşı haqlı mübarizəsinə münasibətdə AB-nin xarici siyasət qurumunun ölkəmizin ərazisində separatizmi qızışdırmağa çalışması ciddi narahatlıq mənbəyidir”.

“AB tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır və bunun məsuliyyəti eyni zamanda AB-nin üzərinə düşür. Bu məqsədlə, başqa sahələrlə yanaşı, hərbi potensialın gücləndirilməsini nəzərdə tutan Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir.

Bir daha yada salırıq ki, Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı dost olmayan hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaq”, – XİN-in bəyanatında deyilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın