Rusiya-Ukrayna müharibəsindən qazanclı çıxmağa çalışan Amerika Birləşmiş Ştatları Avropanın təhlükəsizliyini qorumaq üçün “Patriot” hava hücumundan müdafiə sistemlərini daha bir ölkədə – Slovakiyada (bu ölkə Ukrayna ilə sərhəddir) yerləşdirir. Ağ Ev bununla 4 ssenari üzrə hədəflərini müəyyənləşdirir:

  1. Avropada hərbi iştirak səviyyəsini qaldırır,
  2. Rusiyanı mümkün təcavüzlərdən çəkindirir,
  3. Hücum olacağı təqdirdə Rusiyanın məqsədlərinə çatmamasına çalışır,
  4. Silah bazarındakı liderliyi qoruyub saxlayır.

ABŞ “Patriot”ları dünyanın 18 ölkəsində yerləşdirib. Onlardan altısı Avropa məkanında özünə mövqe seçib (Almaniya, Niderland, Yunanıstan, İspaniya, Rumıniya, İsveç və Polşa). Hərbi anlamda Rusiyanın Ukrayna sərhədlərindəki cinahlardan hava hücumundan müdafiə sistemləri vasitəsilə əhatəyə alındığını görürük: “Patriot”ların yerləşdirildiyi Rumıniya, Polşa, və həmin sistemlərin yerləşdiriləcəyi Slovakiya Ukrayna ilə sərhəddir.

Pentaqonun “Patriot” sisemlərini Slovakiyaya göndərməsinin qərarının arxasında Avropa ictimai-siyasi mühitində Rusiyaya əleyhinə meyillərin gücləndirilməsi dayanır. Qərbin iki gücü – ABŞ və Britaniya – Rusiyanın başqa ərazilərdə ocaqlar yandıracağı ehtimallarını əldə rəhbər tutaraq Avropadakı təhlükəsizlik zolağını gücləndirmiş rejimə kökləyir.

Tarixi təcrübədə ABŞ-ın da okeanın o tayından gələrək başqa ölkələrə hərbi müdaxilələri olub, yəqin ki, Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra ABŞ da özünü analoji metodla sınağa çəkəcək. Mümkündür ki, ABŞ-ın hədəf taxtasındakı ölkələrdən biri Avropada olsun – məsələn, NATO üzvü olmayan və Rusiyaya aşırı simpatiya nümayiş etdirən Serbiya.

Rəsmi Belqrad Rusiyaya arxalanmaqdan və millətçi duyğulardan vəcdə gələrək Bosniya və Herseqovinaya məxsus Serb Respublikasındakı serbləri qızışdırıb ortaya salmaq taktikasını yürüdür ki, bu da Qərbi rahatsız edir. Balkan regionundakı suların bulanıqlaşması Avropa üçün təhdidlərin miqyasını genişləndirir. ABŞ-ın qoca qitəyə hərbi qiyafədə iştirakını artırmaq missiyası da həmin səbəblərdən qaynaqlanır.

ABŞ-ın Slovakiyanı tamamilə öz orbitinə çəkməsinin əlamətləri təkcə “Patriot”la bitmir. İki ölkə arasında olan Müdafiə Əməkdaşlığı Sazişinə uyğun olaraq, Ağ Ev Slovakiyanın iki hərbi bazasından 10 il müddətinə istifadə etmək imkanı qazanıb.

Bununla da qlobal münasibətlər sistemində yeni dünya düzəni yaratmaq ideyalarının tətbiqinin başqa mərhələyə keçəcəyi ehtimalını səsləndirməyə əsaslar yaranır. ABŞ-ın Avropadakı canlı güc və hərbi texnika sayının artırması həmin fazaya keçidə hazırlıqdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın