“Azərbaycanın öz torpaqlarda Ermənistanın silahlı qüvvələrinin təcavüzünə qarşı apardığı mübarizə dönəmində Türkiyə dövlətinin və xalqının qardaş Azərbaycan xalqına dəstəyini göstərmək üçün bu gün Azərbaycana gəlmişəm”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Türkiyə həmişə Azərbaycanın yanında olacaq:

“Biz bu gün də, sabah da Azərbaycanın yanında olacağıq. Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan və türk xalqının sizlərə salamı var. Bütün dünyaya demək istəyirik ki, Dağlıq Qarabağ Azərbaycanındır!

Azərbaycanın işğal olunmuş torpaqları bütün qərarlara baxmayaraq, bu günə kimi qaytarılmayıb. Heç bir beynəlxalq qərar yerinə yetirlmədi. Bir milyondan artıq məcburi köçkün öz evlərinə köçmək üçün gözləyir”.

O vurğulayıb ki, Ermənistan hər zaman Azərbaycan torpaqlarına təcavüz edib:

“Onlar mülki şəxslərə və orduya hücum etdilər. Ermənistan silahlı qüvvələri Gəncəyə, Mingəçevirə, Xızıya, Abşerona hücum edir. Bu, insanlıq günahıdır”.

Mövlud Çavuşoğlu: Bu günə kimi atəşkəs olması nəyi dəyişdi?

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla döyüşlərdə mülki şəxsləri hədəf almır:

“Beynəlxalq qərarlara riayət edən və etməyən iki dövlət arasında fərq budur. Biz Azərbaycanla bir millətik. Beynəlxalq aləmə bildiririk ki, biz Gürcüstanın, Ukraynanın, Suriyanın, İraqın ərazi bütövlüyün müdafiə ediriksə, Azərbaycanın ərazi bütövlüyünü eyni şəkildə müdafiə edirik. Dünya da belə etməlidir.

Bu mövzularda ikili standart olmaz, olmamalıdır və olmayacağını da Azərbaycan bildirir. Digər tərəfdən, Ermənistan və Azərbaycanı eyni məsafədə tutmaq işğalçını mükafatlandırmaq anlamına gəlir”.

O qeyd edib ki, dünya beynəlxalq hüququn yanında yer almalıdır:

“Bu gün dünyadan gələn çağırışlara baxdıqda, dərhal atəşkəs istəyirlər. Sonra nə olacaq? Bu günə kimi atəşkəs olması nəyi dəyişdi? Ermənistan Tovuza hücum etdi, Azərbaycan qarşılığını verdi. Beynəlxalq ictimaiyyət yenə atəşkəs dedi.

Atəşkəs oldu, ancaq qısa zaman sonra Ermənistan Azərbaycana hücum etdi. Ermənistana dərhal Azərbaycanın torpaqlarından çəkilməli olduğunu deyə bilirsiniz? Çəkilməsi üçün həll vasitəsi tapdınızmı? 30 ildir klassik, eyni çağırışlar səslənir.

Biz bu problemin sülh yolu ilə həll olunması üçün çalışdıq və dəstək verdik. Ancaq 30 ildir Ermənistan işğalın dadını çıxarır. Son zamanlar bütün beynəlxalq anlaşmaları tapdayaraq, işğal etdiyi torpaqlara fərqli regionlardan gətirdikləri erməniləri yerləşdirirlər.

Yəni burada qalıcı olduqları mesajını verirlər. Bu müddətdə Azərbaycanın haqlı davasını müdafiə etməyə davam edəcəyik. Dünyanın da haqlının yanında olması üçün çalışacağıq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın