Məşhur Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin 1907-ci ildə ailəsi ilə şəkli

Azərbaycanın tanınmış yazıçısı Yusif Vəzir Çəmənzəminlinin ailəsi ilə birlikdə fotosu yayımlanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Twitter”dəki “The Humans of Karabakh” səhifəsi paylaşım edib.

Fotonun 1907-ci ildə Şuşada çəkildiyi bildirilir.

Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də Şuşa şəhərində anadan olub.

İlk təhsilini Şuşada “Kar Xəlifə” ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində alıb. 1896-ci ildə Şuşa realnı məktəbinə daxil olub. Bu məktəbdə təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış “Jaloba” adlı ilk şeirini yazıb. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik” adlı aylıq yumoristik jurnal çıxarıb. 

Onun qardaşı Əbülhəsən 1904-cü ildə, atası isə 1906-ci il fevral ayının 20-də vəfat edir. Atasının ölümündən sonra ailə 19 yaşlı Yusifin himayəsində qalır.

Şuşada baş verən erməni-müsəlman toqquşmaları nəticəsində məktəbi tərk etməyə məcbur olan Yusif Vəzir təhsilini davam etdirmək üçün Bakıya gedir. 1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur.

Bu dövrlərdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur “Məlik Məmməd” nağılını qələmə alır. Əsərlərini “Bədbəxt”, “Haqq tərəfdarı”, “Müsavi”, “Stradayuşiy”, “Sərsəm” və başqa təxəllüslərlə yazan Yusif Vəzirin ən tanınmış təxəllüsü “Cəmənzəminlidir”. O, bu təxəllüsdən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb. 

Çəmənzəminli Kiyev şəhərində 1912-ci ildə “Yeddi hekayə”, 1913-cü ildə isə “Həyat səhifələri” adlı kitablarını çap etdirib. Bundan başqa, Ukraynada “Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq” kitabları da işıq üzü görüb. O, Ukraynada təhsil alan azərbaycanlı tələbələri ilə birgə “Musavatın” Kiyev şöbəsini qurur. Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən Yusif Vəzir Ukraynada diplomatik nümayəndə təyin edilir.  

Yusif Vəzir həmin dövrdə “Azərbaycanın Muxtariyyatı” və “Biz kimik və istədiyimiz nədir?” kitablarını çap etdirir. Daha sonra Nəsib bəy Yusifbəylinin təklifi ilə 1919-cu ildə səfir kimi İstanbul şəhərinə göndərilir. O, İstanbulda diplomatik fəaliyyətlə yanaşı, öz ədəbi yaradıcılığını da davam etdirir. “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi–coğrafi və iqtisadi Azərbaycan” adlı kitablarını yazır.  

Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra Yusif Vəzir Parisdə siyasi elmlər institutunun diplomatiya fakültəsində təhsil alan kiçik qardaşı Mirabdullanın yanına gedir. Lakin çox keçmədən Mirabdulla vəfat edir. Qardaşının ölümündən hədsiz dərəcədə sarsılan Yusif onu gözləyən təhlükələrə baxmayaraq Azərbaycana qayıtmağı qərara alır. Bu məqsədlə SSRİ-nin Parisdəki səlahiyyətli nümayəndəliyinə ərizə ilə və Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyova xüsusi məktubla müraciət edir.

1926-cı ildə Ümumittifaq İcraiyyə Komitəsinin qərarına əsasən Yusif Vəzir sovet vətəndaşlığına qəbul olunur. Vətəninə qayıdan Yusif “Bakı işçisi” nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyir, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyir.  

Stalin repressiyaları illərində yaxınlaşmaqda olan təhlükəni duyan Çəmənzəminli əlyazmalarının böyük bir hissəsini yandırmağa məcbur olur. 1937-ci ildə o, Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxarılır. 1938-ci ildə Yusif Vəzir Özbəkistan SSR-nin Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur.

1940-cı il yanvarın 25-də həbs edilərək Bakıya gətirilir. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra 1940-cı ilin iyulun 3-də Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilir.

Y.V.Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansıyasındakı həbs düşərgəsində vəfat edir və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunur. 1956-cı ildə bir çox başqa repressiya qurbanları kimi Yusif Vəzirə də bəraət verilir.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir