11 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Ceyhun Bayramov həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzünün nəticələri və azad edilmiş ərazilərdə infrastruktura dəymiş ziyan və dağıntıların miqyası, habelə post-münaqişə dövründə bölgədə mövcud olan durumla bağlı geniş məlumat verib.

Bu xüsusda, Ceyhun Bayramov Avropa Birliyi ölkələri tərəfindən beynəlxalq hüquqa uyğun yanaşmanın tətbiq edilməsinin vacib olduğunu vurğulayıb. Ceyhun Bayramov Avropa Birliyi ilə əməkdaşlıq və gündəlikdə duran önəmli məsələləri qeyd edib. Avropa Birliyi ilə sazişin yekunlaşmasına verdiyimiz əhəmiyyət qeyd edilib.  

Artis Pabriks ölkəsinin Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini və Azərbaycanı özünün strateji tərəfdaşı hesab etdiyini bildirib. Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu və bunun əlamətdar hadisə olduğunu vurğulayıb.

Görüşdə Ukraynada baş verən hadisələr və Azərbaycan tərəfindən Ukraynada böhranın aradan qaldırılması məqsədilə göstərilən humanitar yardım məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və başqa məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın