İtaliya A Seriyasının XI turunda “Roma”ya qarşı oyunda karyerasının 400-cü qoluna imza atan “Milan”ın hücumçusu Zlatan İbrahimoviç qarşılaşmadan sonra jurnalistlərə açıqlama verib.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 40 yaşlı futbolçu gözəl oyun keçirdiklərini, meydanda öz güclərinə inanaraq mübarizə apardıqlarını və üslublarına sadiq qaldıqlarını bildirib:
“Oyunun asan olmayacağını bilirdik. “Roma” bu mövsümdə doğma meydanda uduzmamışdı. Biz çox yaxşı oyun keçirdik. Yubiley qolu? Mən hələ də sürprizlər göstərə bilərəm! Cərimə zərbəsi zamanı top saatda 101 kilometr sürətlə uçdu? Oh! Adətən daha sürətli uçur, ən azı saatda 200 kilometr sürətlə. Yəqin ki, yaş öz sözünü deyir”, – deyə İsveç yığmasının futbolçusu vurğulayıb.
Futbolçu “Roma” fanatları tərəfindən təhqirlərə məruz qalmasına da münasibət bildirib:
“Bu, mənə lazımdır. Nə qədər qışqırırlarsa, özümü bir o qədər canlı hiss edirəm. Adrenalin yaranır”, – deyə Z.İbrahimoviç bildirib.
Yada salaq ki, İtaliya A Seriyasında XI turun mərkəzi görüşündə “Roma” və “Milan” komandaları qarşılaşıb. Paytaxtın “Olimpiko” stadionunda keçirilən oyun qonaqların qələbəsi ilə sona çatıb – 2:1.
Hesabı 26-cı dəqiqədə Zlatan İbrahimoviç açıb. 40 yaşlı hücumçu cərimə zərbəsindən fərqlənərək, karyerasında A Seriyasında 150-ci, karyerasında 400-cü qolu vurub.
Bu qələbə sayəsində xalını 31-ə çatdıran “Milan” 2-ci yerdə qalıb. Lider “Napoli”nin də eyni sayda xalı var. 19 xalı olan “Roma” isə 5-ci yerə düşüb.