Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çennay şəhərində keçiriləcək 44-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak etməməsinə aydınlıq gətirib.

YALAN.info bildirir ki, “Report” 35 yaşlı qrosmeysterin açıq məktubunu yayımlayıb:

“Mən bütün şüurlu həyatımı şahmata, həm fərdi, həm də komanda yarışlarında ölkəm – doğma Azərbaycanım üçün oynamağa həsr etmişəm. Şahmat karyeram ərzində əldə etdiyim nailiyyətləri sadalamaq istərdim: Gənclər arasında Avropa çempionatında 4 qızıl medal, onlardan birini 12 yaşımda 18 yaşa qədər kateqoriyada qazanmışam. Bu nəticə indiyə qədər təkrarlanmayan rekord olaraq qalır. Yeniyetmələr arasında dünya çempionatının qızıl medalı.

14 yaşında beynəlxalq qrosmeyster və kişilər arasında FİDE-nin dünya reytinq siyahısında ilk 100-lüyə daxil olan ən gənc şahmatçı kimi tarixə düşdüm. 15 yaşında Linaresdə keçirilən turnirdə o, vaxtlar dünya şahmat reytinqində birinci olan Harri Kasparovu məğlub etdim. Həmin il Ruslan Ponomaryov və Vişvanatan Ananda qalib gəlməklə tarixdə bir il ərzində üç dünya çempionunu məğlub edən ilk şahmatçı oldum.

“Dünya yığması”nın heyətində Rusiya komandasına qarşı tarixi qarşılaşmada qələbə sevinci yaşadım. 2002-ci ildə Rusiya komandasının tərkibində Kasparov, Kramnik, Karpov və başqa ən yaxşı şahmatçılar çıxış edirdi. Kişilər arasında dünya çempionatının bürünc mükafatçısı, Liviya 2004. 2005-ci ildə kişilər arasında Avropa çempionatının gümüş mükafatçısı.

Avropa Çempionlar Kubokunun beşqat qalibiyəm. Həmçinin SOCAR Azərbaycan şahmat klubunun üzvü kimi Avropa Çempionlar Kubokunda birincilik əldə etmişəm. Mən bir çox beynəlxalq superturnirlərin, Qran-pri seriyalı turnirlərin qalibi və 2015-ci ildə Berlində sürətli şahmat üzrə dünya çempionatının bürünc mükafatçısıyam.

2019-cu ildə gərgin mübarizədə finalda dünyanın reytinq üzrə ikinci şahmatçısı çinli Dinq Lireni məğlub edərək Dünya Kubokunda ölkəmizə qızıl gətirməyi bacardım. Həmin ilin yekunlarına görə Azərbaycanın ən yaxşı idmançısı kimi tanındım.

2021-ci ildə Maqnus Karlsenin “Championship Tour” silsiləsindən “Airthings Masters” turnirinin finalında gərgin mübarizənin sonunda Levon Aronyanı məğlub edərək turnirin qalibi oldum.  “Championship Tour” yarışının final turnirində dünya çempionu Maqnus Karlsendən sonra ikinci olmaqla mötəbər yarışda ikinci yeri tutdum.

2022-ci ildə Madriddə dünya şahmat tacına iddialı 8 ən yaxşı şahmatçı iştirak etdiyi Namizədlər Turnirində üçüncü yeri tutaraq ölkəmə bürünc medal qazandırdım.

İlk dəfə 2001-ci ildə, 14 yaşım olanda millidə oynamağa başladım və bu günə qədər bir çox fiziki, psixoloji və başqa problemlərə baxmayaraq, ölkəm və xalqım üçün oynamışam. Azərbaycan millisinin tərkibində üçqat Avropa çempionu oldum. 30 ildən artıqdır ki, mən şahmatda ölkəm üçün oynayıram, onun maraqlarını beynəlxalq arenada, şahmatda və ondan kənarda müdafiə edirəm, xalqımızın mənafeyini qoruyuram və bütün gücümlə dövlətimizin bayrağını yüksəklərə qaldırmağa çalışıram.

İndi mən səhhətimə görə məcburi – fors-major vəziyyətdə Olimpiadada iştirak etməməyimlə bağlı vəziyyəti izah etmək istərdim. Uzun müddətdir ki, müalicə üçün dərman qəbul edirəm, şiddətli fiziki ağrılar yaşayıram. İstənilən peşəkar şahmatçının həyatında və karyerasında əsas turnir olan Namizədlər Turniri gözlənildiyi kimi mənim üçün fiziki və psixoloji sağlamlığımı tamamilə pozan ən çətin sınaq oldu.

Həmçinin, turnirdən qayıdandan sonra yüksək hərarət, ağır öskürək və post-COVID sindromu ilə ağırlaşmalara səbəb olan COVID-19 xəstəliyinə tutuldum. Səhhətimin indiki durumunda milli komandaya xeyir verə bilmərəm. Bir müddət bərpa olunmağa məcburam. Nəzərinizə çatdırım ki, həkimlər bir neçə ay ərzində ambulator müalicəni tövsiyə etməklə hər hansı bir psixo-emosional stresi qadağan edib.

Peşəkar şahmata qayıtmaq və gələcəkdə ölkəmin milli komandasına xeyir vermək üçün hər şeyi edəcəyəm. Azərbaycan milli komandasındakı bütün yoldaşlarıma qarşıdan gələn Olimpiadada uğurlar arzulayıram. Onlara azarkeşlik edərək bütün görüşləri izləyəcəyəm və komanda yoldaşlarımla birgə həyəcanlanacam. Ümid edirəm ki, yenidən Azərbaycan millisində yüksək səviyyədə yarışa biləcəyəm!”

Bildirək ki, Teymur Rəcəbovun komanda yoldaşı Vasif Durarbəyli öz “Facebook” hesabında paylaşım edərək onu bu addımına görə qınayıb. Durarbəylinin sözlərinə görə, Teymurun Hindistana yollanmaması yığmamızın medal qazanmaq şansını azaldacaq:

“Bu dəfə Azərbaycanın ilk olimpiya medalı qazanmaq üçün tarixi şansı yaranmışdı. Prinsipcə, hələ də itməyib, lakin açıq danışmaq lazımdırsa, Azərbaycanda Rəcəbovu əvəzləyəcək şahmatçı yoxdur və onun getməməsi medal şansını xeyli azaldır. Bu məqamda xatırlatmaq yerinə düşər ki, Rəcəbovun bu mövqeyə çatması üçün dövlət milyonlar xərcləyib. Təbii ki, belə borcu ödəmək mümkünsüzdür. Fəqət, ən azı, şəxsi şahmata davam edilən müddətdə yığmada oynamaq şərtdir. Şəxsi turnirlərdə hər kəs sırf öz mənfəəti, yığmada isə ümumi xeyir üçün iştirak edir”.

Onu da bildirək ki, Rəcəbovu Olimpiadada əvəzləyəcək şahmatçı da artıq bilinib. Bu, 35 yaşlı qrosmeysterin yerinə Hindistana kapitan kimi getməli olan Nicat Abasovdur. Komandada onunla yanaşı, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli yer alacaqlar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın