Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Çempionlar Turunun (Champions Chess Tour) “Opera Euro Rapid” adlanan üçüncü mərhələsində 1/4 finala yüksəlib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, qrossmeysterimiz ardıcıl Liren Dinq (Çin), indiki dünya çempionu, norveçli Maqnus Karlsen, fransalı Maksim Vaşye-Laqrav, amerikalı Uesli So ilə heç-heçə edib. Teymur Rəcəbov günün son qarşılaşmasında – 15-ci turda prinsipial rəqibi ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Ağ fiqurlarla oynayan şahmatçımızın Ermənistan təmsilçisi ilə də oyunu heç-heçə başa çatıb.

Teymur Rəcəbov seçmə mərhələni 15 oyundan 8 xalla 7-ci yerdə başa vurub. Polşalı Yan Kşiştof Duda da eyni sayda xal toplasa da, daha üstün göstəriciləri olduğu üçün 6-cı yerdə qərarlaşıb.

Keçirdiyi 15 görüşünün heç birində uduzmayan Rəcəbov 1 qələbə, 14 heç-heçəyə nail olub. Duda isə qarşılaşmalarından 4 qələbə, 8 heç-heçə, 3 məğlubiyyətlə ayrılıb.

Yarışın təşkilatçısı, norveçli dünya çempionu Maqnus Karlsen və niderlandlı Aniş Giri 9,5 xalla ilk 2 yeri bölüşüb. ABŞ təmsilçisi Uesli So 9 xalla 3-cü olub. Ermənistanlı Levon Aronyan və fransalı Maksim Vaşye-Laqrav hərəyə 8,5 xalla 4-5-ci yerləri bölüşdürüb.

8-ci yeri isə rusiyalı Daniil Dubov tutub. Dubov ABŞ təmsilçisi Hikaru Nakamura ilə eyni sayda – 7,5 xal toplasa da, əlavə göstəricilər sayəsində 1/4 finala adlayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın