FIFA ötən ilin ən yaxşı futbolçularına verilən “The Best” mükafatlarının sahiblərini açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, FIFA-nın “The Best” 2021 mükafatlandırma mərasimi qurumun rəsmi saytı üzərindən canlı olaraq yayımlanıb.

İlin ən yaxşı futbolçusu Polşa millisi və “Bavariya”nın hücumçusu Robert Levandovski seçilib. Futbolçu FIFA-nın versiyasına əsasən ardıcıl ikinci dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.

İlin ən yaxşı qoluna verilən Puşkaş mükafatı bu dəfə “Arsenal”ın qapısından keçirdiyi topa görə “Tottenhem”in futbolçusu Erik Lamelaya verilib. Mükafata Çexiya millisinin hücumçusu Patrik Şikin AVRO-2020-də Şotlandiyayaya, həmçinin Portuqaliya “Portu”sunun forvardı Mehdi Tareminin UEFA Çempionlar Liqasında İngiltərə “Çelsi”sinə vurduğu qollar da iddia edirdi.

İlin ən yaxşı qapıçısı “Çelsi”nin qolkiperi Eduard Mendi olub. Həmçinin, klubun çalışdırıcısı Tomas Tüxel ilin məşqçisi nominasiyasında qalib gəlib.

Portuqaliya millisi və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo isə FIFA-nın özəl mükafatına layiq görülüb.

Danimarka millisi “Fair Play” mükafatına sahib çıxıb. Bu ölkənin fanatları isə finlandiyalı futbol təəssübkeşlərilə birlikdə 2021-ci ilin ən yaxşı azarkeşləri mükafatına layiq görülüblər.

2021-ci ilin ən yaxşı qadın futbolçusu adına İspaniya “Barselona”sından Aleksiya Putelyas layiq görülüb. Onu da bildirək ki, mükafata Kataloniya təmsilçisinin digər oyunçusu Cennifer Ermoso və İngiltərə “Çelsi”sindən Samanta Kerr də iddia edirdi.

FIFA 2021-ci ilin rəmzi heyətini də açıqlayıb. Ən yaxşı 11-likdə İngiltərə klublarının futbolçuları üstünlük təşkil ediblər.

Qapıçı: Canluici Donnarumma (PSJ, Fransa)

Müdafiəçilər: David Alaba (“Real Madrid”, İspaniya), Ruben Diaş (“Mançester Siti”, İngiltərə), Leonardo Bonuççi (“Yuventus”, İtaliya)

Yarımmüdafiəçilər: Jorjinyo, N Qolo Kante (hər ikisi “Çelsi”), Kevin De Brüyne (“Mançester Siti”, İngiltərə)

Hücumçular: Kriştiano Ronaldo (“Mançester Yunayted”, İngiltərə), Erlinq Holann (“Borussiya” Dortmund, Almaniya), Robert Levandovski (“Bavariya”, Almaniya), Lionel Messi (PSJ, Fransa)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın