“Şuşa ərazisini meşəli təpələri və yumşaq iqlimindən dolayı bir zamanlar “Azərbaycanın İsveçrəsi” adlandırırdılar”.

YALAN.info bildirir ki, bu fikirlər dünyanın ən nüfuzlu informasiya agentliklərindən biri olan “Reuters” agentliyinin Şuşa şəhəri ilə bağlı reportajında yazılıb.

Yazıda qeyd olunur ki, ilyarım öncə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Şuşada, 1992-ci ildə 15 min azərbaycanlı əhali ermənilər tərəfindən öz doğma yurd-yuvalarından qovulub və şəhər zəbt edilib. Ancaq Azərbaycanlıların geri aldıqları Şuşa sovet dövründə turizm kurortu idisə, indi şəhər öz öncəki halının kölgəsidir. Orada məskunlaşan və onu Şuşi adlandıran 4000-ə yaxın etnik erməni 1992-ci ilin yaralarının çoxunu hələ də daşıyan boş bir şəhər qoyub qaçdılar.

Məqalədə indi Azərbaycan dövlətinin sürətlə şəhəri dirçəltməklə məşğul olduğu vurğulanıb:

“Yerli icra hakimiyyətinin, polis idarəsinin və baş poçt idarəsinin binası bərpa edilib, Yuxarı Gövhər Ağa məscidinin və Qazançı erməni pravoslav kilsəsinin ətrafında taxtabəndlər qurulub. Üç hotelin tikintisi Azərbaycan hökumətinə hər il keçirilən Bakı Enerji Həftəsi konfransı üçün Şuşanı seçməyə və BƏƏ-nin “Masdar” firmasının Azərbaycan üçün birlikdə elektrik enerjisi istehsal edəcək günəş və külək elektrik stansiyaları tikəcəyini elan etməyə imkan verib”.

Yazıda həmçinin qeyd olunur ki, indi Şuşa şəhərində üç supermarket çalışır. Həftədə beş avtobus reysi Şuşa ilə Azərbaycanın paytaxtı Bakını birləşdirərək yerli turistləri və işçiləri buraya gətirir. “Mən Şuşaya gələndə hər şey dağıdılmışdı”, – “Azərişıq” elektrik şəbəkəsində çalışan Elxan Quliyev deyir. “Bu səkkiz ayda çox işlər görülüb. Elektrik, su çəkilib, hər şey bərpa olunub. İndi bura çoxlu turistlər, tələbələr gəlir”.

Cahid Ələkbərov isə şəhərdən hələ 25 yaşında gedib. İndi 56 yaşı var, tikinti işçisi kimi qayıdıb, ancaq keçmiş sakinlərin öz mülklərinə qaytarılacağı günü həsrətlə gözləyir. O, ailəsinin köhnə evinin xarabalığını da tapıb. “Ondan ancaq divarlar qalıb” deyir və soyulan sarı divar kağızını göstərir: “Şəhərin bərpası ilə məşğul olan şirkətdə işləyirəm. Ancaq Şuşa bu durumda da gözəldir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın