Futbol üzrə Azərbaycan Milli Komandası UEFA Millətlər Liqasının ilk oyununda Qazaxıstanın qonağı olub.

YALAN.info bildirir ki, Canni De Byazinin baş məşqçisi olduğu yığma Nur-Sultan şəhərindəki “Astana Arena” stadionunda meydan sahiblərinə 2:0 uduzub. Hər iki qolu Abat Aymbetov vurub.

Oyunun ilk yarım saatı ərzində meydanda bərabər mübarizə getsə də, fasiləyə doğru Azərbaycan millisi pressinq hesabına təşəbbüsü ələ alıb. Ən real qol vəziyyəti 31-ci dəqiqədə qeydə alınıb. Renat Dadaşovun rəqib cərimə meydançası xaricindən endirdiyi güclü zərbəni qapıçı İqor Şatski dəf etməyi bacarıb. Bir dəqiqə sonra Şatski Azər Salahlının fərqlənməsinə imkan verməyib. 35-ci dəqiqədə isə Salahlının qapıya doğru qüvvətli zərbəsindən sonra top Emin Mahmudova dəyərək, istiqamətini dəyişib.

İlk yarıda qol vurulmasa da, fasilədən sonra meydan sahibləri daha inamlı təsir bağışlayıblar. 50-ci dəqiqədə Aymbetovun uzaq məsafədən zərbəsindən sonra top tora girib. Tezliklə Qazaxıstan millisi ikinci qolu vurub. Ancaq macarıstanlı referi İştvan Vad VAR sistemini izlədikdən sonra qolu saymayıb. 60-cı dəqiqədə Abat Aymbetov yenidən fərqləndikdə də VAR-a baxılıb. Bu dəfə qolun qaydalar çərçivəsində vurulduğu aydın olunub.

Qalan dəqiqələrdə Azərbaycan millisinin ən azı təsəlli qolunu vurmaq üçün çalışsa da uğurlu olmayıb. 68-ci dəqiqədə Aleksey İsayevi Anatoli Nuriyevin, Renat Dadaşovu Namik Ələskərovun, 79-cu dəqiqədə Bədavi Hüseynovu Tural Bayramovun, Emin Mahmudovu Dmitri Nazarovun və Mahir Emrelini Ramil Şeydayevin əvəzləməsi də faydasız olub.

Beləliklə, Azərbaycan yığması UEFA Millətlər Liqasına uğursuzluqla başlayıb. C Liqasında 3-cü qrupun digər qarşılaşmasında Slovakiya Belarus üzərində 1:0 qələbə qazanıb. Bununla da top fərqindəki üstünlüyə görə Qazaxstan qrupunun liderliyinə yüksəlib. Eyni xalı olan Slovakiya 2-ci, Belarus isə 3-cü yerdə qərarlaşıb. Azərbaycan millisi son yerdədir.

Milli komanda növbəti görüşünü iyunun 6-da Serbiyanın Novi-Sad şəhərində Belarusa qarşı keçirəcək. Eyni gündə Slovakiya Qazaxıstan millisini qəbul edəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın