ABŞ prezidentliyinə namizədlərin marafonu davam edir. Müsəlmanları təhqir etməklə və başqa səs-küy salmış danışıqları ilə özünə “qalmaqallı siyasətçi” adını qazandıran amerikalı miliyonçu Donald Tramp yeni qələbəsini qazanıb.

Donald Trampın (Donald Trump) rəqibi Ohayo qubernatoru Con Kasiç (John Kasich) marafonu buraxaraq seçki kampaniyasını dayandırdığını elan edib.

“The Washington Post” qəzetinin mövqeyinə görə, bu “qələbə” ABŞ mənəviyyatının uduzmasıdır. Ancaq hərkəs belə düşünmür.

Rusiyanın tanınmış müğənnisi və iş adamı Emin Ağalarov ABŞ prezidentliyinə namizəd Donald Trampın son qələbəsini şərh edərkən bildirib ki, o, heç vaxt uduzmur.

Müğənni Instagram səhifəsində Trampla birlikdə olan şəklini paylaşıb.

Emin Ağalarovun Instagramda paylaşdığı foto

Qalmaqallı siyasətçini qələbə münasibətilə təbrik edən Emin Ağalarov paylaşdığı şəklin altında bunları yazıb:

“O deyib ki, əgər mən qaçarsam, böyük ehtimalla qələbə çalaram və bu adam heç vaxt uduzmur. Biz bunu bilirdik və buna indi əminik. Donald Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi qələbəsini təmin edib. İnanılmaz xəbərdir!!!”.

Trampla Ağalarovların əməkdaşlığı və dostluğu Moskvada ilk dəfə təşkil edilən “Miss Universe” (Miss Kainat) müsabiqəsindən başlayıb. İndiki prezidentliyə namizəd Eminin kliplərindən birində də yer alıb.

Xatırladaq ki, Tramp müsəlmanlara qarşı çıxışlarla gündəmə gəlmişdi. O bildirmişdi ki, müsəlmanlar ABŞ-ın təhlükəsizliyi üçün ciddi problem kəsb edirlər və buna görə də onların ölkə ərazisinə buraxılması məhdudlaşdırılmalıdır.

“Minlərlə müsəlman bizim ölkəmizə gəlir, biz isə onların kim olduğunu bilmirik. Bu, təhlükəsizliyimiz üçün böyük problemdir. Müvəqqəti olaraq sərhədlər müsəlmanların üzünə bağlanmalıdır” – Tramp bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın