Azərbaycanın Eurovision 2016 təmsilçisi Səmra Rəhimli Miracle mahnısı üçün “Globen Arena”da ilk məşqini edib. Müğənni Stokholmun səhnəsindəki hazırlıq çıxışını Youtube kanalı ilə də canlı yayımlayıb.

Sonradan həmin video S.Rəhimlinin kanalından silinsə də müğənni bununla Avropa Yayım Birliyi (EBU) qaydalarını pozmuş olub. EBU qaydalarına görə, Eurovision təmsilçilərinin ilk sınaq çıxışları yayımlanmamalıdır. Bu hüquq təkcə Eurovisionun rəsmi saytı və YouTube səhifəsinə aiddir.

“Eurovision Times” saytı iddia edir ki, EBU qayda pozuntusuna görə, Azərbaycan nümayəndə heyətinə xəbərdarlıq edib və cərimələyib. Ötən il eyni hadisəni Rusiya təmsilçisi Polina Gagarina da etmiş, EBU tərəfindən cərimələnmişdi.

İTV rəsmisi isə Qafqazinfoya açıqlamasında televiziyaya belə bir məlumatın daxil olmadığını bildirib.

Azərbaycanlı gənc müğənni məşqdən əvvəl səhnədə onunla birgə 4 rəqqas və bek-vokalçı Diana Hacıyevanın çıxış edəcəyini açıqlayıb.

S.Rəhimlinin çıxışının səhnə tərtibatının rejissoru Roin Soderlundun sözlərinə görə, müğənninin ifa-çıxışı “Alisa möcüzələr ölkəsində” mövzusunda, amma daha müasir formada olacaq.

Müğənninin növbəti məşqi mayın 6-da baş tutacaq.

Azərbaycanın Eurovision nümayəndəliyi bu il də ənənəsinə sadiq qalaraq Sandra Bjurman və Amir Aly-nin daxil olduğu isveç və ukraynalı heyətlə əməkdaşlıq ediblər.

Xatırladaq ki, Sandra Bjurman Safura Əlizadənin “Drip Drop” (2010), Ell and Nikkinin “Running Scared” (2011), Səbinə Babayevanın “When The Music Dies” (2012) mahnılarının söz yazarıdır.

Qeyd edək ki, “Həmrəy olaq” şüarı altında İsveçdə keçiriləcək 61-ci Eurovision mahnı müsabiqəsində ölkəmiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Səmra Rəhimli Möcüzə (Miracle) adlı mahnısını yarışmanın ilk günündə 14-cü sırada oxuyacaq.


Samra Rahimli – Miracle (Azerbaijan ESC-2016) First Rehearsal

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın