Oktyabrın 8-də futbol üzrə 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Azərbaycan və Norveç milli komandaları qarşılaşıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı xəbər verir ki, Azərbaycan millisinin start heyətində Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Maqomed Mirzabekov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Ruslan Qurbanov, Dmitri Nazarov və Ağabala Ramazanov meydana çıxıblar.

Norveçin ilk on birliyində isə Rune Yarsteyn, Yunas Svensson, Even Havlann, Stefan Strannberq, Haytam Alisami, Per-Silyan Şelbred, Ole-Kristian Selnes, Pol-Andre Hellann, Markus Henriksen, Adama Domande və Coşua Kinq yer alıblar.

İsrailli baş hakim Liran Lianinin yönəltdiyi oyunun 11-ci dəqiqəsində millimizin futbolçusu Maksim Medvedev hesabı açıb. Görüşün ilk yarısı yığmamızın minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

İkinci yarıda qapılardan top keçməyib. Beləliklə, görüş Azərbaycan Milli Komandasının 1-0 hesablı qələbəsi ilə sona çatıb.


DÇ-2018: Azərbaycan – Norveç 1:0

Komandamız sıradakı oyununu oktyabrın 11-də səfərdə Çexiya yığmasına qarşı keçirəcək.

Yada salaq ki, milli komandamız seçmə mərhələdə ilk görüşündə San Marino yığması ilə qarşılaşıb və 1-0 hesabı ilə qalib gəlib.

DÇ-2018-in seçmə mərhələsində keçirilmiş Azərbaycan – Norveç oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Per-Mathias Hogmo (Norveç millisinin baş məşqçisi): “Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm. Təbii ki, bu nəticədən çox narazıyıq. Oyun ərzində şanslarımız olsa da, qol vura bilmədik. Futbolda isə qol vurmadan qələbə qazanmaq qeyri-mümkündür. Hava ötürmələrindən çox istifadə etsək də, istəyimizə çata bilmədik. Bu gün Bakıda qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Ötən seçmə mərhələdə Azərbaycan millisindən 4 xal almışdıq. Artıq növbəti oyunları düşünməliyik. Azərbaycan yığmasının inkişafı göz önündədir”.

Robert Prosineçki (Azərbaycan Milli Komandasının baş məşqçisi): “Oyunun çətin keçəcəyini demişdim. 90 dəqiqədən sonra xoşbəxt olduğumu deyə bilərəm. Əzmkar oynadıq. Bu, bütün Azərbaycan üçün vacib qələbədir. Rəqib bizə futbol oynamağa imkan vermirdi. Buna baxmayaraq, futbolçular bütün gücünü meydanda qoydu. Belə çətin rəqib üzərində qələbə qazandıq. Heyif ki, çox sevinməyə vaxtımız yoxdur. 3 gündən sonra bizi önəmli oyun gözləyir. Komanda əlindən gələni etməlidir ki, Çexiyadan da yaxşı nəticə ilə qayıdaq. Azarkeşlərə minnətdaram; ilk dəqiqədən futbolçuları qələbəyə səsləyirdilər. Bu gün stadionda əla atmosfer var idi. Bu uğurda azarkeşlərin də böyük rolu var. İlk iki oyunda qələbə qazanmışıq. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm”.

Baş katib Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və “Sumqayıt” klubunun rəhbəri Kamran Quliyevlə birgə yığma üzvlərini paltardəyişmə otağında təbrik edən AFFA prezidenti Rövnəq Abdullayev, daha sonra brifinq keçirib:

“Rəqib güclü və iddialı komanda idi. Hətta norveçli jurnalistlər dünən millimizin mətbuat konfransına da gəlməmişdilər. Sanki hər şeyi həll etmişdilər. Ancaq biz arxayın həyat yaşamırıq. Mənim üçün necə oynamağımızın fərqi yoxdur. Çox sevinirəm ki, Azərbaycan 2 oyundan 6 xalla qrup lideridir. Bu, bizim tariximizdə olmayıb. Hamınızı təbrik edirəm”.

AFFA prezidenti seçmə mərhələyə “Niyə də yox?” şüarı ilə başladıqlarını xatırladaraq, yığma üzvlərinə “komandamızın heç kimdən əskikliyi yoxdur, əksinə artığıq: gedin, vuruşun, qazanın” söylədiyini deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın