Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Qətər yığmasına qarşı keçiriləcək yoxlama oyunundan öncə fikirlərini bölüşüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, italiyalı mütəxəssis noyabrın 13-də baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizim işimizi tək nəticələrlə dəyərləndirmək düzgün olmaz. Əsas məqsədimiz futbol hərəkatının inkişafı ilə bağlı idi. Bunun üçün şərait yaratdıq və gənc oyunçuları yığmaya dəvət etdik. Mənim və bizim ideyalarımız var. Nə istədiklərimizi bilirik. Komandada inkişaf görürəm. Rəqiblər bizdən güclü olsa da, başabaş oynamışıq. İnkişaf dövründə bizə təcrübə lazımdır.

Lüksemburqla hər iki oyunda qırmızı vərəqə aldıq. Bütün oyunlarda son dəqiqəyə kimi mübarizə aparmışıq. Bütün görüşlərdə vuruşmaq istəyirik. Hər rəqibə çətinlik yarada bilərik. Bu dövrdə 15-ə yaxın oyunçu millidə debüt edib. Bu, çətin və riskli dövrdür. Nəzərə almaq lazımdır ki, futbolçuların çoxu gəncdir. Qarşıda nəticələr olacaq. Çoxlu çətinliklərlə qarşılaşdıq. Pandemiya və müharibəyə görə ev oyunlarımızı Bakıda keçirə bilmədik. Bəzi məqamlarda vacib oyunçuların çoxunu zədə səbəbindən itirdik.

Qətərə qarşı ilk dəqiqələrdən ən yaxşı heyətlə meydana çıxacağıq. Bu, mənim sonuncu mətbuat konfransım ola bilər. Hələlik heç nə bilinmir. Ona görə bu fikirlərlə mətbuat konfransına başladım. Ümumilikdə 15 ay boyunca olanlarla bağlı danışdım. Sabah 20-ci oyunumuza çıxacağıq. Bu, elə də böyük rəqəm deyil. Bu gün onu deyə bilərəm ki, artıq futbolçuları çox yaxşı tanıyıram”.

Qeyd edək ki, noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Qətər qarşılaşması saat 21:00-da başlayacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın