Azərbaycan Milli Komandası Dünya Çempionatı 2018-in seçmə mərhələsinin C qrupunda ardıcıl 3 oyunda qapısından qol buraxmayaraq 7 xal toplamağı bacarıb. İlk oyununda səfərdə San Marino yığmasını 1:0 hesabı ilə udan millimiz, ikinci oyunda Bakı Olimpiya Stadionunda Norveç komandasını eyni hesabla udub. Millimiz 3-cü qarşılaşmasında Vitkovitse stadionunda Çexiya Respublikasının yığmasına qarşı gücünü sınayıb. Qarşılaşmada qapılardan qol keçməyib və oyun 0-0 hesabı ilə başa çatıb.

DÇ-2018 – Seçmə Mərhələsi – C Qrupu

1. Almaniya 3-0-0 8:0 9
2. Azərbaycan 2-1-0 2:0 7
3. Şimali İrlandiya 1-1-0 4:0 4
4. Norveç 1-0-2 4:5 3
5. Çexiya 0-2-1 0:3 2
6. San-Marino 0-0-3 1:9 0

Sırada Şimali İrlandiyadır

Bu günlər Azərbaycanlı futbol azarkeşləri eyforiyaya çevrilə biləcək bir sevinc içindədir. Yaşananlar sözlə deyilməyəcək qədər gözəl duyğulardır. Müstəqillik dövründə ilk dəfə milli komandamız seçmə turnirdə yaxşı nəticələr göstərir. Düzdür, hələ DÇ-2018-ə vəsiqədən danışmaq tezdir, ancaq 3 turdan sonra 7 xalla qrup ikinciliyini çox yox, cəmi ay yarım öncə düşünmək belə olmurdu. Bakıda Norveç millisini udan yığma komanda ardınca Çexiyada qapısını toxunulmaz saxlamaqla aktivinə daha 1 xal yazdırdı. Ardıcıl 3 oyunda top buraxmamaq və uduzmamaq gələcəyə daha nikbin baxmağa zəmin yaradır.

Bakıda Norveçlə qarşılaşma ilə müqayisədə çexlərlə oyunda heyətdə 3 dəyişiklik vardı – Rəşad Sadıqovu Bədavi Hüseynov, Eddi İsrafilovu Ramil Şeydayev, Ağabala Ramazanovu isə Namiq Ələsgərov əvəzləmişdi. Bakıdakı görüşün başlanğıcında hesabı açdıqdan sonra müdəfiəyəyə çəkilən futbolçularımız Çexiyada nisbətən fərqli çıxış etdilər. Zaman-zaman hücuma daha böyük güclə atılan və qol vurmağa çalışan yığmamız bu istəyini reallaşdıra bilməsə də, səfərdə sərfəli nəticə qazandı. Ümumi oyun planında futbolçularımızın bu qarşılaşmada daha yaxşı təsir bağışlaması özəl olaraq diqqət çəkir.
İndi yalnız Almaniya komandasından geri qalmaqla ikinci pillədə qərarlaşan millimizin sıradakı rəqibi Şimali İrlandiya yığmasıdır. Həmin görüşü də səfərdə keçirəcəyik. Maykl O`Nilin baş məşqçisi olduğu komanda səfərdə çexlərlə qolsuz heç-heçənin ardından öz meydanında San-Marinonu 4 cavabsız qolla udub və Hannoverdə Almaniyaya 0:2 hesabı ilə uduzub.

Yeri gəlmişkən, şimali irlandiyalılarla 4 dəfə qarşılaşmaşıq və hətta uğurlu nəticələr də qazanmışıq. Ancaq həm Azərbaycan yığması, həm də Şimali İrlandiya 3 il öncəkinə baxdıqda fərqli komandalardır. Millimiz bu rəqiblə qarşılaşmada sərfəli nəticə əldə etmək gücündədir. Qazanacağımız 1 xal isə ikinci pillədə yerimizi möhkəmlətmək üçün yetərlidir.

Bir daha yada salaq ki, 2012-ci il noyabrın 14-də səfərdə oyunun ikinci yarısına artırılmış 6-cı dəqiqədə buraxılan qolla qələbəni əldən verən futbolçularımız Bakıda rəqibini 2-0 hesabı ilə məğlub etmişdi. Bu ssenarinin təkrarlanması bizi tam qane edir. Yəqin ki, ümidlərimiz gerçəklikdə əksini tapacaq – niyə də yox!

Rober Prosineçki: Biz gələcəyin komandasını qururuq

Futbul üzrə milli komandamızın baş məşqçisi Rober Prosineçki goal.com saytına açıqlamasında yığmamızın Dünya Çempionatı 2018-in seçmə mərhələsindəki çıxışını dəyərləndirib: “Norveç üzərində qələbə və Çexiya səfərində heç-heçə böyük uğurdu. İndi Azərbaycan futbolunda eyforiya yaranıb. “Biz Dünya Çempionatının seçmə mərhələsinin sürpriz komandasıyıq. Heç kim Azərbaycan komandasından belə nəticələr gözləmirdi. Əsas odur ki, özümüz buna inanırdıq. İstənilən rəqiblə mübarizə aparacaq futbolçularımızın olduğunu bilirik. Bu müddətdə bir çox oyunçunun xidmətindən yararlandım. Onların da hər birinə inanıram”.

“Hər oyuna çox ciddi hazırlaşırıq. Futbolçuların özlərinə də demişdik ki, siz bunu bacararsınız. İndi onlar özləri də görürlər ki, hər kəsə sürpriz edə biləcək gücdədirlər. İnsanlar da bizə inanırlar. Çünki onlar heç vaxt belə nəticə görməmişdilər”.

CBC Sport bildirir ki, Prosineçki heyətdə gəncləşdirmə siyasətini aparmaqda məqsədlərinin 2020-ci ildə keçiriləcək Avropa Çempionatına hazırlaşmaq olduğunu da qeyd edib: “Bu nəticələrimiz təsadüfi deyil. Biz AÇ-2016-nın seçmə mərhələsində də bir neçə komandaya çətin anlar yaşatmışdıq. Məsələn, Norveçlə Osloda heç-heçə etmişdik. Xorvatiyadan Bakıda xal almışdıq. Həmçinin, İtaliya ilə də səfərdə heç-heçə etməyə yaxın idik. Biz Azərbaycan yığmasının futbol oynamasına çalışırıq, təkcə müdafiə olunmasına yox. Çexiya ilə oyunda Ramil Şeydayev, Namiq Ələsgərov kimi gənc oyunçuları start heyətində meydana buraxmışdım. Biz gələcəyin komandasını qurmağa çalışırıq. İndidən AÇ-2020-yə hazırlaşırıq və hədəfimiz həmin yarışın  final mərhələsinə vəsiqə qazanmaqdır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın