Bir neçə gün öncə rusiyalı tanınmışlar – Timur Temirov və Soso Pavliaşvili Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək Azərbaycan Respublikası torpaqlarına giriş qadağasının ləğv olunmasını xahiş ediblər.

Adı XİN-in “qara siyahı”sından çıxarılan Rusiyanın gürcü müğənnisi Soso Pavliaşvilinin bu ilin dekabrında Bakıda konsert verəcəyi xəbəri Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı.

Bayram Səfərov: Soso Pavliaşvili öncə qaçqınlarla görüşsün

Pavliaşvilinin Bakıya gəlməsinin əleyhinə olan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov bildirib ki, “Gürcü müğənni Azərbaycan xalqından bir deyil, dəfələrlə üzr istəməlidir”.

“Bir icra rəhbəri, şuşalı, azərbaycanlı kimi Soso Pavliaşvilinin Azərbaycana gələrək konsert proqramı ilə çıxış etməsinin əleyhinəyəm. O, Azərbaycan xalqından bir dəfə deyil, dəfələrlə üzr istəməlidir.

Yaxşı olardı ki, Pavliaşvili öncə ehtiyac içində yaşayan məcburi köçkünlərimizin həyat şəraiti ilə tanış olsun və başa düşsün ki, erməni işğalçıları Azərbaycanın dinc əhalisinə hansı müsibətləri göstəriblər”, – deyə B.Səfərov bildirib.

Ramiz Fətəliyev: Soso Qarabağda münaqişələr zamanı Ermənistana səfər edən ilk müğənnilərdəndir

Sosial şəbəkədə Azərbaycanın Xalq artisti Ramiz Fətəliyevin Soso Pavliaşvilidən Bakıda planlaşdırılmış konsertdən imtina etməsi ilə bağlı xahiş məktubu dərc edilib.

Azərbaycan kino xadiminin sözlərinə görə, Soso Qarabağda münaqişələr zamanı Ermənistana səfər edən ilk müğənnilərdəndir, bu səbəbdən də Bakıda çıxış etməyə haqqı yoxdur.

Soso Pavliaşvili: Onlara gəmirmək üçün sümük lazımdır

“Siz mənim üçün rahatsız olmayın. Ağzına gələni danışmaq bekar adamların işidir. Onlara gəmirmək üçün sümük lazımdır. 80-ci illərin sonunda bəzi bədheybətlər əllərinə bıçaq alaraq uşaq və qadınları doğramağa başlayıblar. Bakıya gəlib-gəlməyəcəyimi dramaturqdan soruşmayacağam, onun kim olduğunu bilmirəm. İndi populyar oldu, bu səbəbdən onu təbrik edirəm. Buna görə mənə bir şüşə konyak hədiyyə etsin. Mənim konsertimə çağırıram, gəlsin. Mən sülhsevər insanam. İnsanlarla milliyyəti və ya inanclarına görə yox, hərəkətlərinə görə yoldaşlıq edirəm.

Allah mənə istedad verib, bunlar üçün oxu, o birilər üçün isə oxuma deməyib. Bu qışqırıq salanlar isə Qarabağı qaytarmaq istəyirlərsə, hücum qrupu yaradıb, gedib qaytarsınlar. Özləri üçün divanda uzanıb, Sosonun gəlib-gəlməyəcəyini düşünürlər. Qarabağın qaytarılması bundan asılı deyil, şükür Allaha. Mən Qarabağı heç kimin əlindən almamışam. Məni harada gözləyirlərsə, ora da gedirəm və oxuyuram!

Bakıdan mənə zəng edirlər və deyirlər ki, “Soso biz sənin mahnılarını oxuyuruq, sağ ol ki, varsan. Bakı səni sevir!”.

Hər bir insan öz fikrini deməkdə azaddır. Demək istəyirsə, qoy desin. Mən heç zaman münaqişəni qızışdırmamışam. Yanan odu hər zaman söndürməyə çalışmışam. Ermənilər ilə dostluq etmişəm, edirəm, edəcəyəm də, heç kimdən soruşmayacağam. Mən heç valideynlərimdən çoxdandır ki, kiminlə dostluq edəcəyimə dair məsləhət almıram.

Bakıda tezliklə xeyriyyə konsertimiz olacaq. Mən hamını böyük məmnuniyyətlə həmin konsertə çağırıram. Gəlmək istəmirlər, ömürləri uzun olsun, 100 il yaşasınlar, onlara əmin-amanlıq arzu edirəm!”, – deyə Soso Pavliaşvili bildirib.

Ayaz Salayev: Soso Pavliaşvilinin konsertinə getməzdim

“Ramiz Fətəliyevin məktubu kifayət qədər korrektə olunmuşdur. Amma Soso Pavliaşvilinin cavabı olduqca kobuddur. Heç kimin ixtiyarı yoxdur ki, kinomuzun ağsaqqalı haqqında, nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda artıq-əskik sözlər işlətsin”.

Bunu Soso Pavliaşvilinin Bakıda – noyabrın 30-da Heydər Əliyev Sarayında keçiriləcək konserti ətrafında yaranan qalmaqala münasibət bildirərkən, tanınmış azərbaycanlı kino tənqidçisi, kinorejissor, ssenarist, əməkdar incəsənət xadimi Ayaz Salayev bildirib.

O, ötən gün xalq artisti Ramiz Fətəliyevin sosial şəbəkədə Soso Pavliaşviliyə ünvanladığı məktubuna və müğənninin də ona verdiyi kobud cavabına sərt münasibətini bildirib:

“Azərbaycanın razılığı, istəyi olmadan Qarabağa gedənləri burada gülərüzlə qarşılamayacaqlar. Onları Azərbaycana buraxıb-buraxmamaq mənim işim deyil, amma şəxsən evimin qapıları onların üzünə bağlıdır. Soso Pavliaşvili deyir ki, Ramiz Fətəliyevi tanımır. Bu Ramiz Fətəliyevin deyil, Soso Pavliaşvilinin problemidir. Ramiz Fətəliyev hətta Azərbaycanın hüdudlarından kənarda da tanınır. Hətta onun ssenarisi əsasında Nikita Mixalkovun filmi də çəkilib. Şəxsən mən Soso Pavliaşvilinin konsertinə getməzdim”.


Soso Pavliaşvili – İrəvan (Сосо Павлиашвили – Ереван)

Xatırladaq ki, Pavliaşvili 2004-cü ildə işğal altında olan Dağlıq Qarabağ ərazisində konsert proqramı ilə çıxış etmiş və bununla da Azərbaycan hökumətinin qəzəbini doğurmuşdu. Azərbaycanın Mədəniyyət və Turizm Nazirinin sərəncamı ilə Pavliaşvilinin bütün mahnılarının respublikanın radio və televiziyalarının efirində verilməsinə, eləcə də artistin konsert proqramı ilə çıxış etməsinə qadağa qoyulmuşdu.

Qeyd edək ki, Soso Pavliaşvili qondarma “erməni soyqırımı” ilə bağlı da dəfələrlə çıxış edərək “soyqırımın” bir daha təkrar olunmaması üçün bunun haqqında susmamaq, hamı tərəfindən tanınana qədər danışmaq (qışqırmaq) lazım olduğunu vurğulamışdı.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın