“Qarabağ” Futbol Klubu Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə “Araz-Naxçıvan”a 1:2 hesabı ilə məğlub olub.

YALAN.info bildirir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Çox da istəkli idilər. Futbolçularımın oyuna ilk dəqiqələrdən yanaşmasından narazı qaldım. Ancaq belə oyunlar, nəticələr bu arada gözləniləndir. Başqa sözüm yoxdur, qarşıdakı oyunlara hazırlaşacağıq.

– Demək olar ki, komanda oyuna tam hazır deyildi?

– Bir az psixoloji gərginlik və fiziki yorğunluq var idi. Oyuna daha ciddi yanaşmaq lazım idi. Belə hallar olur. Qarşıdakı oyunlarda bunları aradan qaldırmağa çalışacağıq. Komanda bir az oyun ritmindən düşüb.

– Buraxılan qolları necə şərh edərdiniz?

– Texniki səhvdir. Qol olmayası yerdən vurdular. İkinci qolda hörmətli hakimlərimiz cərimə zərbəsi verməli idilər. Rəqib Yankoviçə qarşı qaydanı pozmuşdu. Nəsə desək dəyişən bir şey olmayacaq. Son dəqiqələrdə belə qollar dəfələrlə görmüşük. Hakimlər diqqətli olmalıdırlar. Rəqib komandanın məşqçiləri çox istəkli kollektiv yaradıb. Nəticələri boşuna deyil.

– “Qarabağ”ın Xankəndidə oyunlar keçirəcəyi deyilir. Bu, cari mövsümdə nə dərəcədə realdır?

– Bu, mənə aid olmayan sualdır. Çünki, dövlət səviyyəsində verilməli olan qərardır. Əgər belə qərar verilsə, biz orada oynamağa hazırıq.

– “Qarabağ” FK son illərdə mövsümə belə uğursuz başlamayıb. Bu, nə ilə bağlıdır?

– Uduzuruqsa, səbəbini özümüzdə axtarmalıyıq. Bəzən rotasiyalar özünü doğrultmur. Futbolun qanunlarıdır. Böyük klublar da məğlub olurlar.

– Adama Diakabi istəkli görünürdü. Onu Avropa Liqasının qarşıdakı oyunları üçün UEFA-da sifariş ərizəsinə daxil etmək mümkündür?

– UEFA-da limit bağlanıb. Yanvar ayına kimi heç bir oyunçunu siyahıya əlavə edə bilmərik.

Onu da bildirək ki, Xankəndi stadionunun tikintisinə 1955-ci ildə başlanılmış və 1956-cı ildə istifadəyə verilmişdir. Stadion ilk dəfə İosif Stalinin, bir neçə il sonra isə Stepan Şaumyanın adını daşımışdır. 1991-ci ildə şəhərin tarixi adı qaytarıldıqdan sonra “Xankəndi Şəhər Stadionu” adlandırılmışdır. SSRİ dövründə stadionda Qarabağ Xankəndi Futbol Klubu ev oyunlarını keçirib.

2023-cü ildə Xankəndi Azərbaycanın nəzarətinə qaytarılıb. Növbəti mövsümdən etibarən Ağdamın “Qarabağ” Futbol Klubu Azərbaycan Premyer Liqasında ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilməsi haqqında Azərbaycan mətbuatında məlumat yayılıb. Bunun üçün ilk növbədə stadionda müəyyən bərpa işlərinin həyata keçirilməsi planlaşdırılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın