Xankəndi – Azərbaycanın tarixi məkanı olan bu şəhər hər bir azərbaycanlının qürur mənbəyidir. Bu ad bizim üçün çox şey ifadə edir. Əvvəllər Xankəndi sözünü eşidən hər bir azərbaycanlının ürəyi sızıldayırdı. Ancaq bu sızıltı, ağrı-acı artıq aradan qalxdı. Doğma torpaqlarımız düşmən tapdağından azad olundu.

Oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində suverenliyini bərpa etməsi münasibətilə Dövlət Bayrağımızı ucaltdı. Biz hər birimiz bu tarixi günlərin şahidi olduq. Hər bir azərbaycanlı bu tarixi günü səbirsizliklə gözləyirdi. Ancaq Xankəndililərin həsrəti isə tamam başqadır. Oxu.az-ın əməkdaşı əslən Xankəndidən olan məşhur simalarla danışıb.

Xankəndidə dünyaya göz açan jurnalist Anar Həsənov (Şuşalı) doğma yurdu ilə bağlı xatirələrindən danışıb:

Jurnalist Anar Həsənov

“Xankəndini, Şuşanı təmsil etmək, onların adını daşımaq fəxr və qürur hissidir. Mənim uşaqlıq illərim Xankəndi şəhərində keçib. 5 yaşıma qədər Xankəndidə yaşamışam. Xatirəmdə çox az şeylər qalıb. Ancaq bəzi nüanslar var ki, yadımdadır. Bizim Xankəndidəki evin qarşısında böyük bir tut ağacı var idi. Atam və anam hər dəfə işdən gələndə havanın xoş olan vaxtları orada samovar qaynadardılar. Biz gecələr oturub, çay içib, yemək yeyirdik.

Erməni uşaqları bağçada bizimlə birlikdə təhsil alırdılar. Qonşu idilər. Çox xain millətdir, çünki atamgil ev inşa edəndə onlar hər zaman çalışırdılar ki, bizə ziyan vursunlar. Uşaq olsam da, yadımdadır. Bizim həyətə onların uşaqları da daş atar, meyvə ağaclarımızı qırardılar. Uşaqlıqdan bunları görmüşəm. Uşaqlıqdan onlara qarşı əsəbim var idi”.

A.Həsənov Xankəndiyə qayıtmağın ən böyük arzusu olduğunu qeyd edib:

“Xankəndi çox gözəl şəhərdir. Xankəndinin küçələri yadımda qalıb. Şükürlər olsun ki, Xankəndi azad olundu. Şuşadan həmişə Xankəndiyə baxanda ümidim var idi ki, bir gün ora qayıdacağıq. Öz-özümə düşünürdüm ki, “Şuşaya gəlmişiksə, deməli Xankəndiyə də gedərik”. Şükür ki, üçrəngli şanlı bayrağımız Xankəndidə dalğalandı.

Xankəndiyə qayıtmaq ən böyük arzumdur. Mən könüllü olaraq hazıram ki, Xankəndidə işlər görülən zaman dövlətimə yardım edəm. Şərəfdir. İnşallah, öz evimizə qayıdarıq”.

“Xankəndində televiziyası kanalının açılması ən böyük arzumdur. Adı da Xan TV olsun. Orada işləməyi arzulayardım. Dövlətimiz Xankəndidə yenidənqurma işləri həyata keçirəcəklər. Daha da gözəl olacaq. Xankəndidə yeni binalar inşa ediləcək.

Orada erməniəsilli Azərbaycan vətəndaşları da yaşayacaqlar. Dövlətimiz necə qayğı göstərirsə, elə də olacaq. Onlarla birlikdə yaşasaq da, çomağı əldən yerə qoymamalıyıq. Biz onları daim diqqətdə saxlamalıyıq ki, yenidən baş qaldırıb, torpaq iddiasına çıxmasınlar. Xankəndli kimi sevincimin həddi-hüdudu yoxdur. Çox sevinirəm. Qürur duyuram ki, Xankəndi azad olundu”, – deyə A.Həsənov əlavə edib.

Xankəndinin sabiq deputatı Flora Qasımova uşaqlıq illərindən söz açıb:

Xankəndinin sabiq deputatı Flora Qasımova

“Xankəndidə doğulmuşam. Həyatımın ən gözəl günlərini Kərkicahan qəsəbəsində keçib. Beşinci sinfə kimi orada təhsil almışam. Orada yaşayan insanların içərisində böyümüşəm. O insanların səmimiliyini, milli adət ənənələrimizə necə riayət etmək lazım olduğunu orada öyrənmişəm.

Novruz bayramı təmtəraqlı şəkildə qeyd olunurdu. O günləri heç vaxt unutmaram. O illər Xankəndi çox sakit bir şəhər idi. Düşmənin xainlik, torpaq hərisliyi, böyük Ermənistan yaratmaq arzusu onları azərbaycanlılara qarşı qaldırdı. Çox şükür torpaqlarımız azadlığına qovuşdu”.

F.Qasımova Xankəndidə yaşamağın ən böyük arzusu olduğunu dilə gətirib:

“Ən böyük arzum doğma torpaqlarımızda yaşamaqdır. Atamın və anamın ora getmək ən böyük arzusu olub. Onlar görmədilərsə də, nəvələri, nəticələri gedib görəcəklər. Ərazi bütövlüyümüzü tam təmin elədik. Arzum budur ki, Xankəndidə inşa edilən gözəl binalarda bizim şəhid ailələrimiz və qazilərimiz gedib yaşasınlar”.

“Azərbaycan xalqı özünü bütün dünyaya göstərdi ki, necə mərd, döyüşkən, torpağının qədrini bilən bir xalqdır. Ali Baş Komandanımız sözü və imzası qədər etibarlı ordu yaratdı. Ordumuzun nüfuzu bütün dünyaya səs saldı”, – deyə F.Qasımova qeyd edib.

Jurnalist İlham Cəmiloğlu 35 il ərzində bu günü gözlədiyini deyib:

Jurnalist İlham Cəmiloğlu

“Müharibə bizim şəhərdə, məhz bizim küçədə başlamışdı. Müharibənin ilk qığılcımlarını mən Xankəndidəki məşhur “obkom”un binasından və şəhərin baş meydanından 5-10 metr aralıda olan mənzilimizin eyvanından görmüşdüm. Müharibə elə eyni məkanda da bitdi. Adətən insanlar üçün ən ağır yük dərd yükü olur.

Ancaq elə hadisələr də var ki, onların sevinc yükü dərd yükündən də ağır gəlir. Qələbə sevincinin yükü də belələrindəndir. Yaxşı anlamda Qarabağ müharibəsinin qələbəmizlə sona çatmasının sevinc yükünü daşımağa hələ də özümdə güc tapa bilmirəm. Hisslərimi bölüşməkdə çətinlik çəkirəm. Düz 35 ildir ki, bu günü gözləmişəm. Bu illər ərzində həm müharibə iştirakçısı, həm jurnalist, həm də bir xankəndili kimi nə qədər ağrılar yaşadığımı sözlə ifadə etmək mümkün deyil”.

İ.Cəmiloğlu qeyd edib ki, biz öz evimizə qayıdacağıq və Xankəndi əvvəlki Xankəndi olmayacaq:

“Bütün müharibələrdə oxşar mənzərələr çoxdur. Qarabağ savaşında isə fərqli mənzərələri gördük. Dünyanın ən böyük savaşlarından biri sayılan II Dünya müharibəsinin sonunda alman faşizminə qarşı mübarizə aparan müttəfiqlər, SSRİ, ABŞ və Britaniya liderləri Stalin, Trumen və Çörçill qələbənin ən böyük rəmzi sayılan bayraq ucaltması tədbirində şəxsən iştirak etməyiblər. Berlində Reyxstaq üzərinə bayraq sancmayıblar, onlar qələbəni sadəcə kabinetlərində qarşılayıblar.

Yəqin ki, bunun əsas səbəblərindən biri də təhlükəsizlik məsələləri olub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev isə müəllifi olduğu qələbənin son tədbirini də özü keçirdi, Xankəndidə Azərbaycanın Bayrağını özü ucaltdı. Təsəvvür edin, qalib prezidentin Xankəndidə üçrəngli bayrağımızın ucaltması, erməni millətçilərinə və bütün dünyaya verdiyi mesajlar nə qədər qürurvericidir.

Bəli, müharibə bitdi. Biz öz evimizə qayıdacağıq və Xankəndi əvvəlki Xankəndi olmayacaq. Mən Xankəndi şəhərində anadan olmuşam, atam da bu şəhərdə anadan olub. Doğmalarımın məzarları da bu şəhərdədir. Sovet dövründə Xankəndi kənardan sakit bir şəhər təəssüratı yaratsa da, bu şəhərdə həmişə bir gərginlik yaşanıb. Ermənilər bütün vasitələrə əl ataraq azərbaycanlıları sıxışdırmağa çalışıblar. Məhz həmin illərdə ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində keçmiş Dağlıq Qarabağda məskunlaşan ermənilər öz çirkin niyyətlərini həyata keçirə bilməyiblər. Ancaq təəssüf ki, sonralar, 1980-ci illərin sonunda Azərbaycana rəhbərlik edənlər qətiyyət nümayiş etdirə bilmədilər”.

“İşğaldan azad olunmuş digər yaşayış məntəqələrində olduğu kimi Xankəndi ilə bağlı da xüsusi proqram hazırlanacaq, şəhərin bütün sahələr üzrə inkişafı və gələcək taleyi dövlət tərəfindən ən yüksək səviyyədə müəyyənləşəcək. Xankəndi Azərbaycanın mirvari şəhərinə çevriləcək. Ən əsası isə biz Xankəndiyə qayıdacağıq. Uşaqlıq, yeniyetməlik, gənclik illərimizin xatirələrinə dönəcəyik. Gələcək arzularımdan biri Xankəndidə fəaliyyət göstərəcək kütləvi informasiya vasitələrinin birində çalışmaqdır. Görün necə gözəl səslənir: “İlham Cəmiloğlu Xankəndidən xəbər verir”, – deyə İ.Cəmiloğlu fikrini tamamlayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın