“Azərbaycanın neft-qaz sənayesi bizim nəyimizə lazımdır? Bizə lazm deyil. O, çox zəif qorunur. Əgər insanlar söz başa düşmürsə, onda konkret işlə başa salmaq lazımdır”.

YALAN.info bildirir ki, Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini, iqtisadçı və publisist Mixail Delyaqin “Rossiya 1” telekanalındakı “60 dəqiqə” (60 minut) proqramında çıxış edərkən belə deyib.

Olqa Skabeyeva və Yevgeni Popovun aparıcılıq etdiyi proqramda Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatla bağlı mövcud durumdan danışan M.Delyaqin bir sıra dövlətləri “xəyanətkar və aqressiv mövqe” tutmaqda suçlayıb: “Ukraynanın ərazisində normal dövlətçiliyi, idarəetməni və hakimiyyəti bərpa etmək gərəkdir. Yaxşı olar ki, bütün bunlar Ukraynanın Rusiyanın tərkibində olduğu halda baş versin. Əks halda denasifikasiya və demilitarizasiya alınmayacaq”.

Onun sözlərinə görə, rəsmi Varşava Polşa-Rusiya sərhədi boyunca qoşun yığmağa davam edir. Daha sonra o, postsovet məkanı ölkələri ilə Rusiyanın münasibətlərindən, daha doğrusu, Rusiya Federasiyasının indiki şəraitdə “nə etməli olduğundan” bəhs edib: “Çox yəqin ki, NATO tərkibində yox, müstəqil olaraq Polşa Belarusa hücum etməyə çalışacaq. Belarusun sərhədi isə faktiki olaraq Rusiyanın sərhədidir”.

“Azərbaycanlılar doğurdan da atəşkəsi pozub. Bizimkilər bildirdilər ki, Azərbaycan tutduğu mövqelərdən geri çəkilib. Ancaq Azərbaycan rəsmən elan etdi ki, heç yerə çəkilməyiblər. Baxın, ABŞ-ın sattelitləri, indiki halda Türkiyə tərəfindən həyata keçirilən aqressiya və “Türkiyənin proksisi”, hansı ki, biz dövlət adlandırırıq (Azərbaycanı nəzərdə tutur – Red.) bu gün real təhlükədir”.

“Əgər biz buna görə Azərbaycanı birmənalı şəkildə sərt cəzalandırmasaq, Azərbaycanın neft-qaz sənayesi bizim nəyimizə lazımdır? Bu asan sualdır. O, bizə lazım deyil. O, çox zəif qorunur. Əgər insanlar söz başa düşmürsə, onda konkret işlə başa salmaq lazımdır. Əgər bunu etməsək, o zaman biz olmayacağıq, başa düşürsünüz?! İndi məsələ ancaq bu cür qoyulmalıdır”, – deyə həddini aşan deputat bildirib.

Proqramın aparıcısı Olqa Skabeyeva isə deyib: “Moldova və Gürcüstan bizə qarşı sanksiyalara qoşulmadılar. Təsəvvür edin – Gürcüstan! Ancaq Azərbaycan… Azərbaycanın Müdafiə Nazirliyi belə bəyanat verib. Bununla məşğul olmalıyıq. Mümkündür, indi vaxtı deyil. Ancaq məşğul olmalıyıq!”

Rusiyanın Xarici İşlər Nazirliyi Dövlət Dumasının deputatı Mixail Delyaqinin yerli televiziya kanalında Azərbaycanla bağlı verdiyi səriştəsiz və cəfəng açıqlamalara münasibət bildirib. “Deputat Delyaqinin Azərbaycanla bağlı fikirləri Moskvanın mövqeyi ilə uyğun gəlmir, bu cür açıqlamalar yolverilməzdir”, – deyə Rusiya XİN-dən vurğulanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın