İşlərinin çox olması səbəbindən “Qarabağ” FK-nun baş məşqçisi Qurban Qurbanovu əksər hallarda yalnız mətbuat konfransında görə bilirik. Əlbəttə ki, geniş söhbət üçün həmin toplantılar uyğun deyil. Ancaq Azərbaycan milli komandasının oyunları ilə bağlı yaranan fasilə Sport24.az saytına Qurban Qurbanovla söhbətləşmək imkanı yaratdı. Müsahibə nə az, nə çox, düz 97 dəqiqə davam edib.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı Sport24.az-ın ölkənin ən sevimli futbol mütəxəssisi ilə maraqlı müsahibəni diqqətinizə çatdırır:
– Söhbətimizə yaxın keçmişdən, çempionluq uğrunda “Neftçi”ylə son turun qarşılaşmasından başlayaq. Həmin məğlubiyyət Premyer Liqada 7 illik hegemonluğunuza son qoydu. Bundan sonra “Qarabağ”ın tarixində hansı yeni səhifə açıldı? Hansı nəticəni çıxardınız ki, indi komandanız möhtəşəm çıxış edir və yeni mövsümdə məğlubiyyətsiz davam edir? Bu, Konfrans Liqasını da nəzərə alsaq, artıq 14 oyun təşkil edir…
– Desək o məğlubiyyətin böyük təsiri oldu, yox. Əlbəttə, hər bir məğlubiyyət təsir göstərir. Ancaq ümumən o mövsüm orda tamamlandı, başladıq yeni sezona. Həmişəki kimi çalışmışıq hər mövsümdə daha yaxşı olmağa, daha yaxşı şəraitdə hazırlaşmağa, işimizi daha ətraflı müzakirə eləməyə. Bu, nə dərəcədə alınır, alınmır, sonranın işidi. Desəm sırf o oyuna, o məğlubiyyətə görə hazırlaşmışıq, yalançı olaram. Çünki məğlubiyyətlərimiz çox olub.
Sadəcə, həmişə qeyd eləmişəm ki, ümumiyyətlə, işimizdə ən böyük üstünlük uduzmağı bacarmalı olmağımızdı. Bunu bacarırıqsa, gələcək oyunlarda daha yaxşı, uğurlu nəticə əldə edə bilərik. Yəni, onunla bu işin heç bir əlaqəsi yoxdu. O qədər məğlubiyyətimiz olub ki, bütün çempionatlarda, mövsümlərdə.
Yox, desəm ki, məğlubiyyətin təsiri yox idi, bəlkə düzgün çıxmaz. Məğlubiyyətin təsiri olmamış mümkün deyil. Ancaq sırf işimizi ona görə qurmuruq ki, məğlub olmuşuq, buna görə mütləq bu mövsüm qalib gəlməliyik – belə bir şey yoxdu. Sadəcə, rəqibləri daha yaxşı analiz edib, daha ciddi yanaşıb, hər mövsüm futbolçulardan bunu tələb edərək işimizi bunun üzərində qurmuşuq. Deməzdim ki, o məğlubiyyətin bugünkü nəticələrə birbaşa təsiri var.
– “Neftçi”yə uduzandan sonra o məşhur fotokadr: Qurban Qurbanov əsas köməkçisi Elçin Rəhmanovu qucaqlayıb gülərək, ona nəsə deyir. Nə deyirdiniz? Sanki nəyəsə güc gəlirdiniz – uduzduq, eybi yox idi, yoxsa nə idi açması o pozitivliyin?
– İnanın ki, sırf nəyə gülmüşəm, bu, yadımda deyil. Sadəcə, həmin məğlubiyyətdən sonra bəlkə hansısa epizodu yada salmışam, sadəcə, danışa-danışa gəlmişəm, elə bir an olur. Bəlkə də belə bir gözlənti vardı məğlubiyyətin olmasına görə. Çünki bəzən iş elə qurulur ki, fikirləşirəm ola bilər sonda nəsə məğlubiyyət olsun, sonadək bu intriqa getsin.
Misal üçün, final oyunlarına özümü hazırlayıram ki, məğlubiyyət gözləniləndi. İl boyu əziyyət çəkmişik, çalışmışıq yaxşı, ən yaxşı olmağa. Və sonda bunu itiririksə, futbolçular bunu görməməli, hiss etməməlidi ki, o qədər əziyyət çəkmişik və bir məğlubiyyət oldu deyə bütün planlarımız pozuldu.
Ümumiyyətlə, həmin oyunda məğlubiyyətə də hazır idim, ancaq əlbəttə, istəkli idim qalib gəlməyə. Bunun üstundən çox vaxt keçib və onun üzərində çox dayanmağı xoşlamıram. Sadəcə, hər məğlubiyətdən sonra önə baxırıq, işimizi ona görə qururuq. Bəlkə nəsə olub, Elçinin yadında olar.
– Rəhmanovdan soruşarıq…
– İnanmıram ki, onun yadında olsun. Futbol, uğur elə bir şeydi ki, hardasa dayanmalısan. Bu, sırf “Qarabağ”la bağlı deyil. Futbolda belə bir qayda yoxdu ki, daim qalib gəlməli, çempon olmalıyıq.
– Əbədilik yoxdu…
– Bəli, belə bir şey yoxdu. Ola bilər heyətin lap yaxşı, güclü olsun, ancaq nəticən olmasın. Bunu İngiltərədə görmüşük, həmişə “Lester”in çempionluğunu misal gətirirəm. Kimlər hegemonluq edirdi, özü də İngltərədə!? Digər “Böyük Beşlik” ölkələrində də belə hallar olur.
Amma bu, işimizdi, gülə də bilərəm, normal apara da. Amma işimə həmişə məsuliyyətlə yanaşıram. Bəzən anlar, epizodlar var ki, orda kiçik hərəkətlə, sözlə komandanı dərhal ələ almaq olar. İnşallah, gələcəkdə daha ciddi yanaşma olar.
– Şəxsi mövqeyimdi ki, “Qarabağ”ın keçən mövsüm çempion olmamasının “Neftçi”dən çox sizin kluba xeyri dəydi. O mənada ki, indi tam fərqli “Qarabağ” görürük. Ola bilər deyəsiniz yox, fərqli deyil, cüzi dəyişiklik olub. Ancaq görünən kəndə nə bələdçi? Görürük ki, “Qarabağ” böyüdü. özü də əməlli-başlı. Sanki baş daşdan-daşa dəyəndən sonra daha güclənib. Çox güclü “Qarabağ” görürük bu gün. Bu fikrə münasibətinizi öyrənmək istərdik…
– Mütləq dəyişiklik var. Sadəcə, həmişə deyirəm ki, insan ilboyu sağlam ola bilməz. İllər keçdikcə, yaşa dolduqca, hər hansı çətinliklər gəldikcə, bəzən yükləmələr çox olduqca belə axsamalar olur. Adicə insan hardasa özünü naxoş hiss edir. Fubol elə bir şeydi komandanın ilboyu həmişə gümrah olması mümkün deyil, qaldı ki illər boyu. Dediyim kimi, komanda hardasa durmalı idi.
Bəzən dəyişikliklər etmək istəyirsən, kiməsə, nəyəsə güvənirsən, deyirsən ki, yox, bəlkə ola bilər bir il sonra edim, yenə bu komandanı, kollektivi qoruyum saxlayım. Həmişə bunu istəmişəm. Çünki əlində olan futbolçudan daha yaxşısını tapmaq çox çətindi. Çox asan, rahat danışarıq ki, gələn il 3-4 transfer edəcəyik, işimiz düzələcək. Mümkün deyil belə şey. Ola bilər hardasa bəxtin gətirsən, bu oyunçuları əldə edə bilərsən. Ola da bilər ki, düşündüyünüzün tam əksi olsun.
Məndə belə hallar oldu ki, hardasa dəyişiklik eləmək istədim, ancaq özəyini qorumaq şərtiylə. Bəlkə də 2 ildir tam bunu eləmək istəyirdim, ancaq alınmırdı. Bir neçə fikirlərim var idi, ancaq onlar həyata keçmədi, həmin oyunçuları əldə edə bilmədim. Buna görə tam istədiyim dəyişiklikləri edə bilmədim.
Ancaq hər bir halda komandada bir dəyişiklik edildi, ab-hava fərqli oldu. Yeni oyunçularla istər-istəməz yeni istək, yeni düşüncə olur. Bunu əldə eləməyə çalışdım, ancaq deməzdim ki, çox fərq var. Heç deməzdim ki, keçən mövsümkü komanda bu ilkindən zəifdi – belə bir şey yoxdu. Ötən mövsüm məğlub olmuşuqsa çempionluqda, deyə bilmərəm ki, bu “Qarabağ”ın zəifliyinin göstəricisidi. Buna bir az düzgün yanaşmıram.
Həmişə “Liverpul”u misal gətirirəm – Çempionlar Liqasını udur, ancaq sonrakı ildə eyni baş məşqçi, eyni heyətlə bunu əldə edə bilmir. “Mançester Siti” ardıcıl 2 il ölkə çempionu ola bilmir. Əksinə, təcrübə daha da çoxalmalıdı. Həmin Qvardiola, Klopp hamını bir nəfəsə udur, ancaq gələn mövsüm çox rahat ola bilmirlər.
Buna görə futbolda mən başda olmağa görmədiyimiz, düşünmədiyimiz elementlər, hissələr var ki, onların hamısını doğru idarə eləmək mümkün deyil. Çünki rəqib də sənə həmişə fərqli yanaşır, sənə uduzubsa, düşünmədiyin gedişi etməsi mümkündü. Bu üzdən hardasa xal itirə bilərsən.
– Bu “Qarabağ”da fərqli temp görürük, bunu ki inkar etmək mümkün deyil. Bu “Qarabağ” daha şən komanda olub temp baxımından…
– Bu yöndə bəzi dəyişikliklər var, bəzi tələblər daha da çoxalıb. Bunu çox demək istəmirəm, ancaq torpaqlarımız bizdə olmayanda məndə həmişə ehtiyatlanma var idi.
– Yəni, uduzmaqla bağlı…
– Bəli, bir az ehtiyat edirdim ki, istər-istəməz torpaqlarımız onlardadı. Qarabağı təmsil edirik, daha da kompakt olmalıyıq. Olmasın məğlubiyyət, heç olmasa bərabərlik olsun. Əlbəttə, bunları heç vaxt futbolçulara bildirmirdim, ancaq daxilimdə bunu daim düşünürdüm. Görün neçə illərdi neçə ölkədə “Qarabağ”ın adı yazılıb, hallanıb, bütün dünya baxır ona. Adi püşkatmaya baxaq, nəhənglərin yanında “Qarabağ” (Azərbaycan) adı çəkilir. Çox ehtiyatlanırdım, ancaq büruzə vermirdim futbolçuların yanında.
– Heç medianın da yanında olmayıb…
– Elədi. Futboçulardan başqa şey tələb edirdim. Müdafiəni düşünəndə də onu başqa formada çatdırırdım. Ancaq indi 44 günlük bu qalibiyyət inanın ki, bir azərbaycanlı kimi mənə də tam fərqli təsir edir. Ümumiyyətlə, hücum etməkdən qorxmuram.
Həmişə müsahibələrimdə demişəm ki, hücumda ola-ola müdafiəmizi də düzgün qurmalıyıq. İndi futbolçulara da bunu aşılayıram ki, birəbir qalmaqdan qorxmayın. Eybi yoxdu bir oyunda məğlub olaq, bir epizodda uduzaq, heç nə olmaz. Ancaq artıq bunu yaxşılaşdırmalıyıq, bundan çəkinməli deyilik. Bugünkü futbol bunu tələb edir.
Əlbəttə, rəqib səni məcbur edəcək müdafiədə oturarsan, hətta öz çempionatımızda oyunlar olub ki, 10 nəfərlə müdafiə olunmuşuq. Ancaq əlbəttə, bu, 90 dəqiqənin hansısa bir hissəsində olur. İndi inanın ki, məğlub olmaqdan qorxmuram, əksinə, hücum edərək uduzmaqda özümdə bir qəbahət görmürəm.
Azərbaycanlılar, Azərbaycan futbolu üçün bunu öz komandama daha çox önə çəkmək istəmişəm. Bu xalq olaraq hücum etməyi beynimizdə həkk etməliyik, bunu yaxşılaşdırmalıyıq. Bu psixologiyanı bu kluba, komandaya yeritmək lazımdı.
Ümumyyətlə, azərbaycanlılarda bu psixologiya olmalıdı ki, hücuma daha çox meylli olmalıyıq. Müdafiəni öz meydanımızda, qapımıza yaxın yox, daha çox öndə, minimum meydanın mərkəzində qurmalıyıq – bunu çalışmalıyıq aşılamağa futbolçulara.
Əlbəttə, bu futbolçuda hərəkətliliyi, sürəti çoxaldır. Kimin sürəti varsa, bu, o demək deyil ki, sürətli komanda olacaq. Yox, topun sürətini daim artırmalıyıq. Əvvəl topla çox oynayırdıq. indi daha tez oynamalıyıq. Bəzi elementlər var, sadəcə, bütün meydançalarımız buna imkan versə, şərait yaradılsa, mütləq bunu tələb edərik. Ancaq meydançalarımız buna imkan vermirsə, düşüncələrimizin hamısı qalacaq kənarda, tam əksi olacaq.
– Necə ki “Aberdin”lə Bakıda o tempi verə bilmirdiniz, getdiniz orda tam fərqli futbol göstərdiniz…
– Orda fərqli temp verdik. Ancaq hər bir halda şərait olmalıdı. Təkcə oyun yox, məşq meydançalarımızda da. İldən-ilə futbol nəyi tələb edirsə, buna uyğunlaşmağa çalışmalıyıq. Heç vaxt öz oyun üslubumuzdan əl çəkməmişəm. Sadəcə, hər şeyi tələblərə, reallığa uyğun etməyə çalışmışıq.
Şadam ki, komandama, oyunumuza belə dəyər verirsiniz. Ancaq bu o demək deyil ki, işlərimiz tam qaydasındadı. Bu il hər şey ideal olacaq – belə bir şey yoxdu. Hardasa komandanın durma nöqtəsi, yorğun vaxtları, oyunun getmədiyi vaxtlar var.
Bu mövsüm bizdə fərqli yanaşma var, ancaq həmin “Neftçi”dən alınan məğlubiyyətə görə deyil. Sadəcə, bugünkü reallıq bunu göstərir ki, bu tələbləri yerinə yetirmək lazımdı. Həmişə bacardığım qədər maksimum çalışmışam Qarabağ adını qoruyub saxlayım.
Ancaq əlbəttə, bu, tək mənim istəyimlə alınan bir şey deyil. Burda bütün kollektivimiz bunu dərk eləməli, başa düşməli idi. Şükürlər olsun Allaha ki, rəhbərliklə bir yerdə bütün komandayla bilib bu ad nə deməkdi, bütün Azərbaycan üçün nə deməkdi, məsuliyyətlə çalışmağa səy göstəriblər.
Əlbəttə, səhvlərimiz olub, ancaq məsuliyyətsizliyimiz yox. Çalışmışıq ki, o səhvlərdən düzgün qərar çıxaraq. İndi tam rahat məğlub olmaqdan qorxmuram. Çünki bu gün uduzsaq, heç kim kənardan nəsə irad bildirə bilməz. Çünki dilləri qısadı. Rahatlıq deməzdim, özümüzə inam var.
– “Qarabağ” “Aberdin”i Şotlandiyada, “Omoniya”nı Kiprdə udur, ancaq gəlib “Zirə”ylə, “Keşlə”ylə səfərdə heç-heçə edir. Premyer Liqada rəqib meydanında bu bərabərliklər, xal itkiləri hələ keçən mövsümdən davam edir. Səbəb nədi – motivasiya, yorğunluq, qazon amili, yoxsa..?
– Əvəllər Avropaya çıxanda, qorxmurduq, ancaq özümüzü cılız hiss edirdik. Lap milli komandanı, “Qarabağ”ı götürək. Avrokuboklarda fikirləşirik ki, bir oyun udsaydıq, yaxşı olardı, onlar bizdən üstündürlər. Get-gedə oynadıqca isə Avropa futbolu sənə daha yaxınlaşır. Görürsən, 1, 2, 3 oyun oynamaq olar. Yaxşı hazırlaşırsan, onlara uyğunlaşırsan.
Çempionatda da istər-istəməz zəif saydığın komandalar görürsən ki, 1-2 oyun oynayırlar, görürlər nəsə eləmək olar. Zatən futbol bu cür inkişaf edir. Adicə müsahibə verməyi götürək, illərlə bunu etməyəndə görürsən ki, bir az yadırğayırsan, söz tapmırsan.
– Futbol diliylə desək, formadan düşürsən…
– Düşüncən var, ancaq fikirlərini tam ifadə edə, çatdıra bilmirsən. Ancaq bir neçə müsahibə verəndən sonra görürsən ki, daha rahat, sərbəst danışmağa başlayırsan. Futbolda da eyniylədi – daha çox qarşılaşdıqca, rəqiblər səni daha yaxından tanıdıqca sənə qarşı daha rahat oynayırlar.
Futbol fəlsəfəmiz yaradıcı futboldu, ən çətinini seçmişik. Bunu kluba yeridə bilsək, 1 oyunda məğlub ola bilərik, ancaq əksərində qalib gəlmək ehtimalımız var. Bu gün uğur əldə edə bilmərik, ancaq gələcəkdə nəticə qazanmaq şansımız daha çoxdu. Yalnız müdafiəni düşünüb, əks-hücumda oynasaq, hardasa nəticə verə bilərik, bunu stabil edə bilmərik. Yaradıcı futbolu düşünsək, rəqibin nə qədər qapansa, sıx oynasa, əlbəttə, bizə o qədər çətin olur, nəticəni daim əldə edə bilmirik.
Dediyim meydança amilinin burda böyük rolu var, bunlar da təsir göstərir. Yorğunluq da var, hər il 3 turnirdə iştirak edirik. Şükürlər olsun ki, 7 ildi durmadan bunu edirik. Hə, bəlkə kənardan rahat görünə bilər ki, oynamağa, bunu udmağa nə var, mütləq qalib gəlməlisən. Ancaq xırda detallar var ki, onun təsiri olur. Adi götürək son turdakı qarşılaşmamızı. “Qəbələ”ylə görüşədək son oyunumuzdan heç 3 sutka keçməmişdi. Hətta burdan Kiprə gedəndə bizdə problem oldu.
– Maraqlıdı, nə idi?
– Uçuşumuz 2-3 saat gecikdi. Texniki nasazlıq olduğundan təyyarəni dəyişdilər, saatlarla hava limanında qaldıq. Gecə çatdıq ora, səhər məşq, sonra oyun. Səhər 7-də gəlmişik Bakıya. Burada sadəcə, fiziki, oyun yorğunluğu deyil. Təsəvvür edin ki, 7-dən ayaq üstəsən, bütün gecəni yol gəlirsən. Dəfələrlə yolda olmusunuz, yarım saat təyyarədə yatırsan, bu da yatmaq deyil. Beyin çox yorğun olanda gəlib yata da, istirahət edə də bilmirsən.
Bakıda məşq eləməyə vaxt yoxdu. Düşünürük ki, futbolçular daha çox istirahət eləsinlər. Oyun günü səhər çıxıb məşq edirik, rəqibi analiz etməli, futolçularını oyunçularımıza göstərməliyik. Burda nə qədər xırda element var. Futbolçu da insandı, istər-istəməz bu qədər yüklənmə, yoğrunluq olmaz.
Bəzən bu məqamlar ona gətirib çıxarır ki, istədiyin oyunu göstərə bilmirsən. Bu isə istədiyin nəticəni əldə edə bilməmək deməkdi. Azərbaycan daxilində də səfərə gedəcəyik – Qəbələyə, Sumqayıta. Bunlar hamısı bizim üçün səfərdi. Əlbəttə, bütün bunları analiz edirik. Çalışırıq işimizdə hər şeyi ən yaxşı şəkildə edək ki, futbolçuları lazımı formada hazırlayaq. Yəni, belə xal itkilərimiz olacaq, qaçılmazdı.
Təkcə özümüzə baxırıq – bu, “Qarabağ”dı, mütləq udmalıdı. Belə bir qayda yoxdu futbolda. Ya da “Barselona” həmişə udmalıdı, belə şey yoxdu. Hətta ən yaxşı ulduzlar heyətində olanda da. Uğurlar oldu, bunları əldə qoruyub saxlamaq çox çətindi. Vacib olan klubu, komandanı, oyun fəlsəfəsini qoruyub saxlamaq və buna uyğun futbolçuları yığmaqdı.
Əvvəlki “Qarabağ”ın güclü olduğunu deyirlər. Onda Almeyda, Cumbinyo, Reynaldo, Leroyu 6 ayın içində bir yerə yığa bildik. Öz futbolçularımızla bunların uyğunlaşması, tamamlamaq – bu işləri gördük. Belə bir komandayla 3-4 il yaxşı nəticə vermək iimkanımız oldu. Bu gün “Real” bir Ronaldo, “Barselona” bir Puyol tapa bilmir. Belə lider oyunçuları yoxdu. Halbuki, hesablarında milyonlar, milyardlar oynayır.
Əlbəttə, biz də bir anda Rəşad Sadıqov, Reynaldo tapa bilmərik. Hərənin bir üstünlüyü olur və sonda bir kollektiv əldə eləmək olur. Seleksiya baxımından əlavə bir neçə planım vardı, sadəcə, alınmadı, tamamlaya bilmədim. Ancaq hər bir halda komandamdan, futbolçularımdan razıyam, çox məsuliyyətlə çalışrılar, çox işgüzardırlar. Bu tərəfdən onlara heç bir sözüm yoxdu.
Hər bir məşqçi, hər bir komanda istəyir ki, daha usta, bacarıqlı futbolçuları olsun. Hətta məşqçinin düşünmədiyi bir epizodda görürsən ki, oyunun taleyini həll edir. Belə futbolçular da böyük uğurlara gətirib çıxarır.
– Fərdlərə də toxunmaq istəyirik və başlayaq Filip Ozobiçdən. Onun “qab”ında olduğunu görmüşük. Ancaq bu mövsüm bir qədər kölgəyə çəkilib. Yeni transfer Kadi Borges onu kölgəyə çəkdi, yoxsa mili pasportu Filipi arxayınlaşdırdı ki, onsuz da oynayacam? Yəni, geriləməni müşahidə edirik ki, Filip sanki öz “qab”ında deyil…
– Ümumən belə deməzdim. Ola bilər ki, bir az düşüşü var. O da buna görə ki, son 1 ildə 2 dəfə zədələndi – birində diz, digərində topuq nahiyəsindən. 30 yaşı var, ona formasını bərpa etmək heç də asan deyil. Ozobiç oyunun yükünü öz üzərinə çəkən oyunçulardandı. Orqanizm tam hazır olmayanda ondan çox şey tələb edirsənsə, daha çox yüklənməylə nəticələnir, öz formasının bərpa olunmasını gecikdirir.
Kadinin kölgəsində qalmasına gəlincə, ümumiyyətlə, belə şey düşünmürəm. Hər futbolçunun üzərinə düşən funksiya var, çalışırlar onu doğru yerinə yetirsinlər. Sadəcə, fərqli oyunçulardı. Amma Filip ustalığı, qol vurmaq qabiliyyətinə görə ən yaxşılardandı komandada. Əlinə bir imkan düşsə, ondan istifadə etməyi bacarır.
Pasportunun bura heç bir aidiyyatı yoxdu. Komandamda onun zəiflədiyini görmürəm. Sadəcə, axır oyunlarda həddindən çox yoruldu. 6 günə 3 oyun oynadı millidə, ondan əvvəl çempionat, bundan da öncə Konfrans Liqası. Ümuymiyyətlə, “Qarabağ”ın futbolçuları iyulun əvvəlindən bu yana klubda 14, millidə 5-ci oyun keçirəcəklər. Bu, heç də az bir göstərici deyil. Futboluların psixoloji yorğunluğu fiziki yoğrunluğundan daha təhlükəlidi.
“Fizika”ya 4-5 gün istirahət verə bilərsən ki, orqanizmi özünə gəlsin, bərpa olunsun. Sonra lap oyun oynamaz, sonrakılara tam hazırlaşar. Ancaq psixoloji yorğunluq bundan çox ağırdı. Çempionat tam başqa ab-havadı, fərqli şeylər tələb edir. Milli fərqli, Konfrans Liqası fərqli, iqlim həddən artıq fərqli, tələblər, məşqçilər, komandalar tam fərqli.
Ümumiyyətlə, futbolçunun, komandanın bu turnirlərdə stabil qalması çətindi. Kim qala bilirsə, ona əhsən deyirik. Çalışırıq onu qoruyub saxlamağa. Fikirləşirsən zədədən, psixoloji yoğrunluqdan qoruyum. O qədər xırda elementlər var ki…
Bəli, Filipdən çox şey tələb edirəm. Ondan daha çox şey gözləyirəm. Daha yaxşı nəticələr əldə etmək istəyiriksə, hər bir futbolçu daha yaxşı vəziyyətdə olmalıdı. Bunu bütün futbolçularıma bildirirəm. Bu gün bacardığımız qədər Ozobiçdən maksimumunu almağa çalışırıq. Elə oyunlar olur ki, 45 dəqiqə oynadıram, hardasa istirahət verirəm, rotasiyalar edirəm bəzi futbolçularla.
– Bəs, yaxşı, məhsuldar oyun nümayiş etdirən Kadiyə necə qiymət verərdiniz?
– Həmişə demişəm ki, 1-2 oyun qol vurmaq, nəticə vermək hər şeyin ideal olduğu demək deyil. Bu futbolçu komanda üçün yaxşısı olacaq – belə bir şey yoxdu. Ən narahat olduğum da odur. Bəli, bunu ilboyu, növbəti il də davam etdirsə, hə, ondan fərqli futbolçu olacaq. Bəzən tələsməli, aldanmalı deyilik. Bəli, Kadi qollar vurdu, ancaq Ozobiç gedib İsraildə “Aşdod”da fərqləndi vacib anda, digərində məhsuldar ötürmə verdi, çempionatda dubla imza atdı.
– Ola bilər Ozobiç oyunboyu kölgədə olsun, ancaq bir anda səhnəyə çıxaraq öz sözünü deyə, vacib qol vura bilər…
– O, zatən belə futbolçudu. Filipin mövqe seçimi yaxşıdı, qol duyumu, qol vurmaq qabiliyyəti bəzi şeyləri kölgədə qoyur.
– “Qarabağ” ilk “qaranquşunu uçurtdu” və şükür Allaha ki, ölkəni yaxşı təmsil edir. Adını uca tuta bilir hələlik. Söhbət “Legiya”da uğurla çıxış edən Mahir Emrelidən gedir. Növbəti çemodanını qoltuğuna vurub yola salmağı planlaşdırdığınız uşaq Toral Bayramovdu, yoxsa başqasıdı?
– Toral bu gün hələ tam hazır deyil. Mahir bir az fərqli xarakterli oyunçudu. Ümumiyyətlə, onun fiziki gücü, dünyagörüşü bir az fərqlidi. Emreli üçün kənarda oynamaq bəlkə daha asandı, nəinki Bayramov üçün. Toral indi övladlarımızdan biridi, çox çətinliklər görüb, hələ uşaq xarakterindədi. Əlbəttə, onun idmançı, kişi kimi daha da formalaşmasına hələ ehtiyac var. İlk olaraq bunu aradan qaldırmalıyıq.
Çünki bunlar olmayıb, futbolçu birdən ölkə xaricində olsa, xarakterindəki çatışmazlıqlar, əziyyətlərə dözə bilməmək ona mane ola bilər. Nəticədə oyunu orda alınmasın, sonra bir daha xaricə getməyi düşünməsin. Onda deyəcək ki, bir daha getmək istəmirəm Azərbaycandan kənara. Toralın çatışmayan cəhətləri çoxdu, xarakteri daha da güclənməli, idmançı, kişi, insan kimi böyüməlidi. Mahir futbol sahəsində yaxşı mənada sırtıqdı. Bu, onun üstün keyfiyyətlərindən biridi. Mahirdə məşqdə, oyunda çəkinmək, utanmaq yoxdu.
– Ancaq Toral elə deyil, utancaqdı…
– Ona görə deyirdim ki, o böyümək məsələsi Mahirdə tez getdi, əldə edə bildi. Toral isə hələ tam dərk eləmir ki, futbol, nəticə, uğur nədi. Özü də son vaxtlar gəlib “Qarabağ”da da, millidə də əsas heyət üzvü oldu, beynəlxalq oyunlarda çıxış elədi. Ola bilər hələ tam anlamır ki, hardayam. Məni bu dəqiqə narahat edən məqam budu.
Ümumən bu şeylər onun böyüməsi üçün böyük təkandı – bu yaşda ondan uğur tələb olunur və bunun üçün oynayır, məşq eləyir. Ancaq potensialı olan uşaqdı, Toral da, başqa gənclərimiz də – Elvin Cəfərquliyev də, İsmayıl İbrahimli də. Sonuncular 2 ildi bizimlədirlər, komandada tam formalaşmağa başlayıblar. İndi böyük uğurun, onu əldə eləmək üçün böyük tələblərin içinə düşüblər. Onlar hələ böyüməlidirlər, o ağır yükləmələrə tam gətirilməlidirlər.
– Yəqin ki, psixoloji cəhətdən…
– Bəli. Ümumiyyətlə, dərk eləməldiirlər ki, milli komandada nəticə nə olan şeydi, “Qarabağ”da, çempionatda nə olan şey. Çempionatda yaxşı olmalısan ki, avrokuboklarda yaxşı olasan. Orda yaxşı olmalısan ki, millidə yaxşı olasan və b. Bunlar bir-birini tamamlayır.
Var potensiallı uşaqlarımız, təkcə “Qarabağ”da deyil, bütün Azərbaycanda. İnanıram ki, Mahirin orda yaxşı olması, o güvəni qazanması, istər-istəməz Azərbaycan futboluna diqqəti daha da artıracaq. Əlbəttə, çox istərdim ki, legionerlərimizin sayı çoxalsın.
– Həmin Mahirin, Toralın və başqa istedadlı futbolçularımızın çıxış etdiyi millimiz evdə İrlandiyaya böyük hesabla uduzdu. Ölkəmizdə uşaqdan böyüyədək hər kəs üçün sevimli mütəxəssissiniz, hamı sizi bəyənir. Bəs, siz bəyəndiniz millimizin oyununu? Biz yaxşı oynadıqmı?
– Yəqin, özünüz görürsünüz, ümumiyyətlə, millidən son vaxtlar – millidən gedəndən sonra hər hansı fikir bildirmirəm. Sadəcə, həmişə ona uğular arzulamışam. Nəsə bəyəndim, nəsə bəyənmədim – mənim üçün düzgün çıxmaz. Düz də desəm, səhv də desəm, yanlışqlıq olacaq. İstər-istəməz fikirlər haçalanacaq – biri bir cür qəbul edəcək, digəri başqa cür. Ancaq uduzmağa siz nə qədər üzülürsünüzsə, mən daha çox üzülürəm.
Ona görə milliyə ancaq uğurlar arzulamaq istəyirəm. Doğurdan da futbolçularımıza görə çox üzülürəm. Oynayan bütün futbolçularımıza görə də məyus oluram. Nəticəmizə görə də ki, belə bir hesab oldu. Uğurlar arzulayırıq, ümidlə yaşayırıq, inşallah, hər şey yaxşı olar. Belə başa düşürəm ki, millinin oyununu nəsə müzakirə etməyim mənim üçün düzgün çıxmaz.
– Bəs, Musanın potensialı necədi? Ata kimi yox, məşqçi kimi…
– Ümumiyyətlə, futbolçuların hərəsinin bir özəlliyi olur. Yoxdu ki, birində sürət də, texnika da, qol vurmaq da, “pas” vermək qabiliyyəti də olsun. Bunlar ümumiyyətlə, dünya futbolunda çox azdı, barmaqla sayılası qədərdi. Xüsusilə də hücumçu. Baxırsan, bir hücumçu bu komandada ilboyu bombardirdi, liderdi, başqa komandaya keçir, tam əksidi, görürsən, ildə 2-3 qol vurur, ya vurmur. Buna görə hücumçular haqda fikir bildirmək çətindi.
Hər futbolçunun öz oyun üslubuna uyğun komandası olur. Belə olduğu halda, Musa ola bilər ki, “Qarabağ”da yaxşı oyun göstərsin, ancaq başqa komandaya keçir, ola bilər ki, oyunu tam alınsın. Eynilə də başqası. Musanın potensial olaraq başqa özəllikləri var, Mahirin başqa, Ramilin başqa. Geniş fikir bildirmək bir az düzgün çıxmaz indi. Ancaq hərəsinin öz üstün, maraqlı göstəriciləri var.
– Həmin Şeydayev potensialı olan, məktəb görmüş hücumçudu. Ancaq Rusiyadan qayıdandan sonra ilyarımlıq Azərbaycanda çıxış onu geri saldı. İndi son təbib gözüylə sizə baxılır ki, onu ancaq Qurban Qurbanov dirildə bilər. Ramil “Qarabağ”a dönəndən sonra həmin Ramil ola biləcəkmi?
– Ümumiyyətlə, futbolçu 3 il ərzində çox az oynayırsa, bu, onun üçün elə bil karyerasının sonu deməkdi. Şeydayev sonuncu dəfə qollar vuranda “Krılya Sovetov”da çıxış edirdi. Mən millidə olanda, Ramil oynamırdı. Bilmirəm, klubunun əvəzedici komandasında çıxıb 5-10 dəqiqə oynayırdı, ya yox. O yaşda futbolçunun oynamaması ən böyük zərbədi.
İl ərzində 4-5 oyun oynayırsa, bununla heç vaxt irəliləmək olmaz. Oynamayan futbolçular arasında çox nadir halda olur ki, həvəsdən düşmürlər, bununla mübarizə aparmağı bacarırlar, daxildən buna güc tapırlar. Şeydayev o illəri həddindən artıq çox itirdi – getdi ora, getdi bura, bizə də gəldi, “Qarabağ”a da götürdüm onu, sonradan hətta “Sabah”a getdi oynamamağa başladı. Bəlkə psixoloji ən çox zərbə alan futbolçudu Ramil.
Futbolçu haqda istər-istəməz yaxşı danışılırsa, kənardan yaxşı qiymət verilirsə, bu, başqadı. Ancaq öz klubunda bunu bacarmırsa, psixoloji planda həddindən artıq çox mənfi təsir göstərir futbolçuya. Fikirləşir ki, milliyə gedib qollar da vururam, ancaq kluba gəlirəm, məni oynatmırlar. Fikirləşir ki, camaat məndən razıdı, kənardan mənə qiymət verirlər, ancaq klubumda dəyər verilmir. Bununla bacarmaq hər futbolçunun gücü deyil.
Dəfələrlə demişəm ki, Şeydayev tipdə, qabaritli futbolçular Azərbaycanda azdı. Həmişə Ramili, Mahiri, Bəhlulu deyirdim, yenə sayını davam etdrmək olar. Bəli, çatışmayan cəhətləri var, ancaq onların üzərində bir yox, üç dəfə çalışmaq lazımdı. Onlardan bir yox, üç dəfə tələb eləmək lazımdı. Hər bir futbolçunun istedadı öz yerində, mənim üçün ən vacib olan həvəsidi, işgüzarlığı, məsuliyyətidi. Bunlar çox önəmlidi. Hardasa nəsə edə bilməz, nəsə alınmaz, ancaq dediyim keyfiyyətlərin hesabına sənə nəticə verə bilər.
Ramilə inanıram, güvənirəm. Oyun səviyyəsini nə dərəcədə yaxşılaşdıracağıq, ustalığını nə qədər yaxşılaşdıracağıq – bunu deyə bilmərəm. Ancaq ümumən Şeydayevlə individual məşqlərimiz olur və əfsuslar olsun ki, 3-4 gündən bir oyunlar, milliylə bağlı fasilələr, bizdən ayrılması planlarımızı pozur, onunla istədiyimiz kimi çalışa, ona istədiyimiz fərdi yükləməni verə bilmirik.
Özüm də hiss edirəm ki, get-gedə onda həvəs, inam daha da çoxalır. Hər bir futbolçuya qayğı göstərməliyik. Özəlliklə bizim oyunçulara. Onları inandırmağı bacarmalıyıq, onlarda güvən yaratmalıyıq. Ola bilər düşündüyünüz Ramil olmasın, ancaq 10-20 faiz bugünkündən daha da yaxşılaşdırsaq, 1-2 ilə daha da yaxşı ola bilər. Hər halda, indi 24 yaşı var.
Bəli, futbolçu var ki, 21 yaşında parlayır. Ancaq futbolçu da var ki, daha çox çalışmalıdı ki, 3-4 ildən sonra onun bəhrəsini görsün. Şeydayevdə nəsə yoxdursa, digər komponentlə onu kompensasiya edə bilir. Maksimum çalışıram ki, Ramil əvvəlkindən daha yaxşı olsun.
– Şeydayevin əsas heyətə düşmək uğrunda rəqabət apardığı son transferiniz olan İbrahima Vadjidi. Veni, vidi, vici – gəldi gördü, qalib gəldi – qollar vurdu. Lakin olduqca uzun müddət olmasa da, artıq bir aya yaxındı fərqlənmir. Mərkəz hücumçusu, özü də göz oxşayandı artıq. Hamı xoş sözlər deyir bu seneqallı forvard haqda. Nədə görürsünüz qollarının davamını gətirməməsini?
– Nədəsə görürəm desəm, bir az düzgün çıxmaz. Dediyim kimi, bu dəqiqə stabil oynayan futbolçu az tapılır. Hansı ki hər oyun çıxsın, 2-3 qol vursun, nəticə versin, uğur əldə eləsin. Amma əlbəttə, Vadjinin üstün cəhətləri var. Hətta dubl etdiyi “Neftçi”ylə oyundan sonra mənə sual verilmişdi ki, “Qarabağ” nəhayət, axtardığı hücumçunu tapdımı? Hələ onda dedim ki, 2 qol vurub, o demək deyil ki, hücum xəttində problemimiz olmayacaq.
İstər-istəməz belə hücumçulara qarşı digər komandalar dərhal daha ciddi hazırlaşmağa başlayırlar, ona nəzarəti daha da artırırlar. İbrahimanın da çatışmayan cəhətləri var. Futbolçu yeni çempionata gəlib, istər-istəməz o atmosferə düşmək, hər oyun o məsuliyyəti dərk eləmək, hiss eləmək üçün məncə, hələ vaxt lazım olacaq. Amma qeyd etdiyiniz müddətdə qol vurmayıbsa, bu, o demək deyil ki, ondan narazıyıq. Həm sürəti, həm fiziki gücü, həm mübarizəsi komandaya çox lazım olan elementlərdəndi.
Onun da ustalıq səviyyəsini daha da yaxşılaşdırsaq, düşünürəm ki, komandaya tam uyğunlaşa biləcək. Belə götürsək, çempionatda da tam oynamayıb, Konfrans Liqasından sonra istirahət verdiyim oyun olub. Burda limit söhbəti də var, 3 əvəzləmədən artıq eləmək də olmaz.
– Əvəzləmədən söz düşmüşkən, bunun sayının 3-dən 5-ə artırılması təklifi bir neçə klubumuz tərəfindən dəstəklənmədi. Sizcə, onlar nədən çəkindilər?
– Dərhal bir cavab verim ki, əvvəl-axır bunu edəcəklər. Bizim təklifi qəbul eləmədilərsə, sabah UEFA tələb edəcək, bundan sonra çox rahat edəcəklər. Ümumiyyətlə, bu təklfi hələ qrupa düşməmişdik, “Neftçi”nin də qrup şansı vardı, bizim də, onda vermişdim. Bu, ilk oyunlardan sonra idi. AFFA-nın Klublar Komitəsinə göndərmişdik ki, bir buna baxılsın, federasiyaya da bildirilmişdi. Sadəcə, rəsmi formada etdik, qabartmadıq ki, belə bir şey olsun, müzakirə edilsin.
Sadəcə, burda bir az fərqli yanaşmalar oldu. Bu gün futbolçularımızı qorumaqdan, gənclərə üstünlük verməkdən danışırıq, burda çox böyük amillər var. Fikir nə cür formalaşdı: Qurban ancaq özünü düşünür, “Qarabağ” yalnız özünü fikirləşir. Bəli, öz futbolçularımı, onları qorumağı, inkişafını, gənclərin artırmalarını düşünürəm. Demək olar bütün Avropa bu cür oynayır.
O gün Qvardiola İngiltərə Premyer Liqasında 3 əvəzetmənin saxlanılmasına görə narazılıq edirdi. Buna qarşı böyük üsyan elədi ki, böyük klublar 3 “cəbhə”də nə cür çalışmalıdı. 3-4 gündən bir oyundu, siz də bizdən nəticə tələb edirsiniz. Ümumilikdə Azərbaycan futbolunu düşünərək bu təklifi eləmişdim. Çünki milli komandan var, futbolçuların ora sağlam getməlidi, özü də yorğun halda yox, gümrah. Yəni, o qədər amillər var ki…
Onsuz da çox dəyişiklik edən baş məşqçi deyiləm. Konfrans Liqasında 1-2 əvəzləmə etmişəm. Hansında ki 5-nə icazə var. Onsuz da bunu eləmirəm, heç çempionatda 3 dəyişiklik etdiyim oyunlar nadir hallarda olub. Yəni, bu təşəbbüsü sırf özümüzü düşünərək desəydim, hə, deyərdilər ki, ozləri üçün edir.
İmkanım varsa, niyə 18-19 yaşlı 2 futbolçunu 15-20 dəqiqə oynatmayım? Belə hallarda bunlar daha tez böyüməyə başlayır. Onsuz da həmişə dəyişikliklərə görə narahat olmuşam ki, oyun pozular. Futbolçuların hamısı nə qədər həftəboyu səninlə birgə olsalar da, istər-istəməz bir “11-lik”lə hazırlaşırsan, 1-2 rotasiya edirsən. Sonradan meydana girmək – hər futbolçuda bu bacarıq olmur. Çünki nəfəsin, ayaqların tutulması var.
Öz başıma gəlib. Elə qarşılaşmalar olub ki, çıxmışam, baş məşqçinin mənə inamını yerinə yetirə bilməmişəm. Sonradan oyuna girmək tam fərqlidi. Orda əzələlərin tutulma anları var, İstəkli çıxırsan və sürətlə bir-iki reyd etdikdən sonra görürsən ki, ayaq, nəfəs tutuldu. Nəticədə lazım olan epizodlara gedib çata bilmirsən.
– Kənardan isə belə təəssürat yaranır ki, indi çıxdı, artıq yoruldu…
– Ay sağ ol, sanki məsuliyyətsizdi həmin oyunçu. Ancaq bundan asılı deyil. Sadəcə, orqanizmlər tam fərqlidi. Bəli, elə futbolçular var ki, çıxırlar, bacarırlar bunu. Xüsusən də sənə əks-hücumda oynamaqda lazım olanda, futboçunu buraxırsan, bir dəfə qaçdı, ikincini lazımdı qaçsın, qaça bilmir. Ya da cərimə meydançasında nəsə eləmək lazımdı, komanda yoldaşlarınla anlaşa bilmirsən.
Çox müzakirə olundu bu mövzu. Məsələ bunda idi ki, reqlament təsdiqlənmişdi. Biz deyəndə, çempionatın başlamasına 10-15 gün vardı. Pley-offun 2-ci oyunundan qabaq idi, hələ vaxt da var idi. Bəli, ola bilər ki, klubların üzərinə əlavə güc düşsün. Deyə bilərlər ki, cəmi 13-15 futbolçum var, heç 3 əvəzləmə edə bilmirəm. Futbolumuzun inkişafını istəyiriksə, bu sayı mütləq artırmalıyıq. Sadəcə, özümü düşünən kimi qələmə verdilər. Onsuz da şükür Allaha, 7 ildi 3 əvəzetməylə addım-addım gəlirik.
Əvvəlki illər futbol başqa şeylər tələb edirdi, indi fərqli şeylər. Bununla ayaqlaşmağı bacarmalıyıq. Başqa ölkələr buna elə-belə getmirlər. Ümumiyyətlə, bu dəyişiklik olanda, klubların məsuliyyəti daha da çoxalacaq. Deyəcək ki, niyə 13 futbolçu saxlayım, çalışmalıyam 15-20 futbolçu saxlayım, həmin 5 əvəzetməyə çıxası futbolçuların bacarığı daha yaxşı olsun. Bu zaman sənin məşq prosesin daha aktiv olacaq, çünki bacarıqlı futbolçularının sayı artacaq. O qədər müsbət amillər var ki…
– Konfrans Liqası Avroliqayla müqayisədə zəifdi ki, “Qarabağ” 1-ci yerdədi, yoxsa “Qarabağ?” o səviyyəyə yüksəlib ki, artıq lider olmağa layiqdi?
– Konfrans Liqasının daha zəif olması barədə düşüncə ən nifrət etdiyim yanasmadı. Allaha şükür ki, dəfələrlə imkanımız olub qrupdan çıxaq – istər “İnter”lə, istər PAOK-la, istər “Anderlext”lə eyni qrupda oynadığımız mövsüm olsun. PAOK-u 2 dəfə udanda, bizə 1 qələbə də lazım deyildi, sadəcə, yunanlar gedib İtaliyada “Fiorentina”nı udmaması kifayət edirdi.
- Son saniyələrdə 3:2 hesablı qələbəni qopardılar…
– Nə oldu, nə olmadı, bilən yoxdu. Bizim udmaq yox, sadəcə, onların xal itirməsi lazım idi. Bəzən düşünmədiyin elə şeylər oldu ki… Baxırsan, 2-ci yerlə çıxanla xal fərqimiz çox az idi – 6-7 xal toplayırdıq. “Zəifdi” sözünü ümumiyyətlə, futboldan qaldırmaq lazımdı. Təkcə sizə yox, hamıya deyirəm.
Zəif bizik – bu gün ümumən götürək, belədi. Zəif bizim çempionatdı, bunu düşünməliyik. Bu gün qrupda olan klubların büdcəsi bizdən 2, ya da 0,5 dəfə artıqdırsa, onların çempionatlarında 16-18 komanda iştirak edirsə, 7-8 komandası çempionluğa oynayırsa, onların legioner sayı bizimkilərdən çoxdursa, onlara niyə zəif deməliyik? Bunu futbolumuzun inkişafı naminə azarkeşlərin də düşüncəsindən qaldırmaq lazımdı. Real baxaq, zəif bizik, bizim çempionatdı, bizim stadionlardı, ordakı azarkeşlərimizdi.
Oturmuşuq danışırıq – “Qarabağ” udub, onlar zəifdi, filankəs zəifdi. Yoxdu belə bir şey! Ya da filan rəqib bizim çempionatda filan səviyyədə komandadı – “Sabah”, “Səbail”, “Keşlə”ylə eyni səviyyədədi. Bu fikirlərdən uzaq olmaq lazımdı. İnanın ki, bunun mənə heç bir təsiri yoxdu. Sadəcə, futbolumuzun inkişafı üçün azarkeşlərdən o psixologiyanı götürmək lazımdı.
Gəlin, real analiz edək - Kipr, Yunanıstan, Qazaxıstan, İsrail çempionatlarına bizdən zəif demək olar? Yox, mümkün deyil! Keçən mövsüm uduzduğumuz “Molde”yə deyirlər ki, “Keşlə”, “Sabah” səviyyəsində komandadı. Onlar gedib 1/8-a çıxdılar. Sadəcə, “Qarabağ” oynayanda belə fikir formalaşır. Bu isə ümumiyyətlə, düzgün bir şey deyil. İnanın ki, futbolçuların zəhməti yerə vurulur. Sanki biz yüksəkdəyik, hər şey bizdə yaxşıdı, rəqiblər isə üzr istəyirəm, it gündədirlər. Bu fikirləri uzaqlaşdırmaq lazımdı.
“İnter”i udmuşduq, çıxırdıq qrupdan, sadəcə, təmiz qolumuzu saymadılar. Zəif ola-ola “Monako”nu udmuşuq. Sən demə, Fransa çempionatı, “Monako” bizdən zəifdi. PAOK-u orda da udduq, burda da. Deməli, yunanlar bizdən zəifdi? Yoxdu belə bir şey. Olur da futbolda uğurlu oyun da, uğursuz da. Sanki neçə ildir bu fikir formalaşır və mənə adi düşüncə kimi gəlir. Ancaq azarkeş psixologiyasını pozmalı deyilik.
Qoy, “Sumqayıt” gedib zəif komandanı udsun. Əksinə, deməliyik ki, halal olsun, əhsən, gör necə oynadılar, uddular. Futbolumuzu bu cür qaldırmalıyıq. Yoxsa udursan, rəqibin zəzif idi, uduzursan, sən nə gündəsən! İnanın ki, bu şeylərə düzgün baxmıram. Fikirləşirik ki, Qazaxıstan zəifdi. Onlar da fikirləşir ki, “Qarabağ” zəifdi, şansımız var udmağa. Ya da “Omoniya” belə düşünür.
Qardaş, orada futbol, iş sistemi, tibb sahəsi tam başqadı. “Legiya”nı gedib orda 3:0 udduq, deməli, Polşa çempionatı bizdən zəifdi, gör nə gündədirlər… Mahirlə danışıram, “Legiya”nın səhv eləmirəmsə, 5 fizioterapevti var.
– Bu qədər fizioterapevt?
– Hələ təkcə tibbdən danışıram, bunların inkişafını göstərirəm. Biz birini tapa bilmirik. Azərbaycanı gəzək, klublarda fizioterapevt varmı? Yoxdu! Onların 4 fiizki hazırlıq üzrə məşqçisi var. Hələ “Legiya”nı deyirəm. Gör “Tottenhem”də nə qədərdi, baxsan “ekip”inə 35 nəfərdirlər. Onlarla oynayırıq, 1:0 da irəlidə idik hesabda. Burda 0:1 uduzurduq. Narazılıq edirlər, deyirlər ki, udmalısınız.
İndi “Legiya” görün hardadı. “Şerif”i 3 il dalbadal udduq, indi Çempionlar Liqası qrupundadırlar. Əlbəttə, bunu ictimaiyyətə bildirmirəm. Ancaq acı reallıqlar var. 7-8 il əvvəlki çempionat, klublar qalsaydı, bizim futbolumuz Allah bilir harda idi. “Bakı”, “Xəzər Lənkəran”. “Qəbələ”, “Neftçi”, “İnter”dəki futbolçuları götür. Əfran harda böyüyürdü, 19-20 yaşı vardı, kimlərə qarşı oynayırdı? Rauf Əliyev hansı müdafiəçilərə qarşı çıxış edirdi?
– Elvin Məmmədovu da misal çəkə bilərik…
– Elvinin məgər çox böyük potensialı vardı? Yox, sadəcə, oynaya-oynaya, bərkiyə-bərkiyə gəlib o səviyyəyə çıxmışdı. Ya da indikləri götürək – Maksim Medvedevlə Qara Qarayev harda böyüdülər. İndi əksinə, düşə-düşə gedirik. “Omoniya”, Konfrans Liqası zəifdi. Allah eləməsin, sabah “Kayrat”a uduzsaq, gör bizi nə günə qoyacaqsınız. Deyəcəksiniz ki, necə uduzduq bu komandaya. Ya da başqa rəqiblərə məğlubiyyətimizdə.
Bu komandaların hamısı istənilən rəqibləri udmaq gücündədi. Qardaş, biz yerimizdə sayırıq. Şükürlər olsun ki, biz “Qarabağ” olaraq maksimum mübarizə aparırıq, “Neftçi” pley-offadək getdi. Ancaq ümumən götürsək, bu çempionat çempionat deyil. Artıq 5 ildi hər mövsüm “Səbail”in meydanına gedəndə, deyirəm bu qazonu dəyişmək lazımdı.
Bunu “Səbail”dən qorxub demirəm. Sabah onlara uduzsam, bunu səbəb kimi göstərməyəcəm də. Sadəcə, niyə “Səbail” bütün məşqlərini o meydanda eləməlidi? Ordan sağlam futbolçu çıxarmı? Mümkün deyil! Niyə meydançalarımızın hamısını oyundan qabaq, fasilədə sulamırlar? Bunlar xırda elemetlərdi hamısı, ancaq ən vacibləri sırasındadır.
– Niyə sulamırlar?
– Olmaz “Qarabağ”la, böyük komandalarla oyunlarda. Buna necə ixtiyarları var? Reqlamentdə göstəriblər ki, 1 saat qabaq sulanmalıdı. Bir də iki komanda razılaşarsa, oyundan qabaq da, fasilədə də bir daha sulanmalıdı. Ev sahibi razı olmursa, mümkün deyil.
- Deməli, reqlament dəyişməlidi…
– Onu demək istəyirəm ki, bunlara fikir verməlidirlər, aradan qaldırmalıdırlar. Ən diqqət yetiriləsi şeylərdən biri budu. Bir misal çəkim, millimizin 0:8 hesabıyla uduzduğu oyundan…
– 2005-ci ildə Polşayla səfər görüşünü…
– Bəli. Təsəvvür edin ki, məşqlərimiz “Tofiq Bəhramov”da olurdu. O vaxt otu qupquru idi, “podkat” edəndə oran-buran sıyrılırdı, top qalxırdı. Fikirləş ki, belə qazonda topun sürəti necə olacaq. Getdik Polşaya düşdük, qardaş, tam başqa mənzərə. İsinmə hərəkətlərinə çıxdıq, qazonu sulayırlar. Hələ üstəlik, yağış da yağır, ancaq buna baxmayaraq, yenə sulayırlar. Oyuna çıxmazdan qabaq də suladılar.
Oyuna çıxdıq, top bilirsiniz necə sürətlə gedir… Sonra da deyirik ki, bizə 8 dənə vurdular. Sən harda artırmalısan? Onlarla həmin standartlarla, xırda elemetlərdə belə ayaqlaşmırsan, necə gəlib onlarla başabaş ola bilərsən? Federasiya rəhbərliyi getsin “Səbail”in meydançasında baxsın, orda icazə verilər, verilməz?
Verilməməlidi, o meydançada futbol oynamağa icazə verilməməlidi. Premyer Liqanın oyunu orda keçirilməməlidi. 5 idlir bir meydançanı dəyişdirə bilmirik. Niyə? Qazaxıstan, Kipr, o birilər zəifdi? Yox, belə bir şey yoxdu. Yuxarı haqda fikirləşirik, ancaq aşağı barəsində düşünmürük. Yuxarını istəyiriksə, aşağıları düzəltməliyik.
– “Qarabağ” o taktikadan istifadə edib? Güclü rəqiblərlə oyunlardan öncəsini nəzərdə tuturuq?
– Heç vaxt. Oynamaq, inkişaf eləmək istəyiriksə, Avropa standrtlarından əl çəkməməliyik, ona uyğunlaşmalıyıq. Bu, mütləq olmalıdı. Bəzən “Tofiq Bəhramov”a yağış yağandan onda olub ki, sulamamışıq. Belədə, buna rəqib də fikir verməyib. Həmin stadionun torpağı elədi ki, çox su vuranda ot durmur, kökü qalmır. Ora çox su vurdun, artıq ot durmur, kökü qalmır.
Bəli, süni örtüklərimiz var, “Keşlə”dəki stadionda vəziyyəti pis deyil. Onsuz da ora su vursan da, qısa zamanda quruyacaq. Bu cür meydançalarda top fərqli traektoriya cızır, sürət olmur. Hərçənd, baxırsan kənardan, düppədüz meydançadı.
Düzdür, soyuq ölkələrdə – Skandinaviya təmsilçilərində, Qazaxıstanda sintetik meydanlardı, ancaq orada iqlim buna vadar edir – hava orda çox soyuq, sərt olur. Ancaq bizdə şükür Allaha ki, şəraitimiz var, bunu niyə etməyək? Yenə deyirəm ki, “Səbail”də oyun oynamaq absurddu. Deyək ki, mən iki oyun oynanıram orda. Heç milli futbolçuların bizdə çıxış etməsini də nəzərə almıram. Hansılar ki, 3 gündən bir meydana çıxır. Onlar yorğun, əzələlər hazır olmayan halda çıxırlar “Səbail”in meydançasına. Normalda ötürməni 5 sürətlə etməlisənsə, bu qazonda 15 etməlisən ki, istədiyin ünvana gedib çatsın. İndi gəl bu hesabı götür görüm…
Həm də axı, bu, əlavə güc itirmək deməkdi. Kənardan rahat danışırıq ki, mütləq udmalıyıq. Yox, belə bir şey yoxdu. O qədər zəif yerlərimiz var, onları bərpa eləmək lazımdı. İş orasındadı, ən asanı da odur, ən vacibi də. Ancaq bunu etmirik. Yazıq Aftandil Hacıyev, futbolçular neyləsin, il boyu orda məşq edirlər. Bəli, onlar bizdən daha yaxşı uyğunlaşacaqlar, topu daha yaxşı hiss edəcəklər. Ancaq yazıqlar 1-2 il dözəcəklər, bundan sonra nə edəcəklər? Diz yox, topuq nahiyəsi, bel yox.
Bir sözlə, bu psixolojiyanı azarkeşlərdən uzaqlaşdırmaq laızmdı. Bunu atırlar ortaya, sanki xidmətlərimizi kiçildirlər. Qardaş kim onayır qrupumuzda? “Omoniya”, son çempion, “Kayrat” da həmçinin. “Bazel” də məlumdu səviyyəsi. Onlar Çempionlar Liqasında, Avropa Liqasında oynayıb gəliblər, təcrübələri bizdən qat-qat üstündü. Biz isə Konfrans Liqasında oynamışıq.
– “Bazel”in səviyyəsini hələ o vaxtlar “Bakı”yla oyunlarda görmüşük…
– “Bazel”in formasını görürsünüz – “Barselona”nın farm-klubu kimidi. Onların həmişə futbolu tam fərqli olub – sürətli oyuna üstünlük verirlər. Burda görürdünüz, hardasa bir az boşluq oldu, dərhal istifadə edirdilər. Zatən ən köklü klublardan biridi. Məlumdu “Bazel”in səviyyəsi, bunlara dəyməyək. O birilər isə öz ölkələrinin çempionlarıdı, “Omoniya” keçən il qrupda çıxış edib. Gəlin, indi bunları kiçildək? Üst-üstə düşmür axı.
– Biz kiçiltmirik, sadəcə, bu sual verilməlidir, onun cavabı da olmalıdı, insanlar real qiymət verməlidi. Biz deməklə də iş bitmir, bu da var. Necə kiçildə bilərik ki, “Bazel”lə oynadınız. “Qarabağ” sərgilədiyi futbolla özü haqda yalnız müsbət fikir formalaşdırdı. Yalnız bundan sonra dedik ki, qrupdan çıxmaq şansı var. Bunadək ehtiyatlanırdıq. Söhbət Sport24.az-ın mövqeyindən gedir…
– Sırf özümüzü düşünərək yox, ümumiyyətlə, Azərbaycanda bu pisxologiyanı aradan götürmək lazımdı. Biz ilk növbədə öz futbolumuzu, öz çempionatımızı düşünək hansı səviyyədədi, sonra buna uyğun fikir bildirək. İnsanları əksinə, formalaşdırmalıyıq ki, bu səhv fikirləri aradan qaldıraq. Əksinə, desinlər ki, halal olsun. Bizə inam yaransın, qəhrəmanlıq kimi baxsınlar. Zəifik, güclünu udduq fikrini formalaşdırmaq lazımdı. Onsuz da belədi…
– Kiprdə xarakter göstərdiniz. Fasiləyə hesabda geridə yollansanız da, ikinci yarıda əzmkarlıq göstərərk böyük hesablı qələbə qazandınız…
– Ya da bu oyunu udmuşuq deyə bu, o demək deyil ki, qrupdan çıxmışıq, ya yox. Sabah sənin bir məğlubiyyətin – hansı ki yüzdə yüz ola bilər – durumu dəyişdirir. Hardasa “ilişə” bilərsən. “Kayrat” bizi gəlib udmaq gücündə deyil? Gücündədi! Baş məşqçisi Kurban Berdiyev bizə qalib gəlmək gücündə deyil? Gücündədi. Məndən də təcrübəli, məndən də bacarıqlı məşqçidi. “Kayrat”ın sponsoru zəifdi? Yox. 18-20 milyon dollar büdcələridi, prezidentləri də ölkənin sabiq başçısı Nursultan Nazarbayevin kürəkənidi. İndi gəl, de görüm bu klub zəifdi. Bunların bacarığı, pulu yoxdu? Əlbəttə, var.
Əksinə, xoşlayıram bunların üzərinə getməyə. Bunu edək, udaq onları orda da, burda da. Niyə də yox?! Sadəcə, zəifdi deyərək, qalib gəldiyimizi bildirməyək. Zəif olan vaxtımızda gedib “Dnepr”i udmuşuq. Nə olsun burda 1:2 hesabıyla yenilmişik. Gedib orda 1:0 udmuşuq. “Dnepr” həmin il gedib finalda oynadı. “Vorskla”yla da eyni ssenari oldu. Məgər Ukrayna çempionatı bizdən zəifdi?
Nəsə düzgün olmayan fikirlər formalaşır. Futbolu belə sevdirə bilmərik. Görürsən biri inanmır, beşi inanır. Biri sözə fikir vermir, beşi müzakirə edir. Ona görə elə şeylər var ki, məncə, daha fərqli yanaşmalıyıq. Belə düşünürəm bu mövzuda.
– Konfrans Liqasına artıq lider prizmasından yanaşırıq. 1-ci yerlə 2-ci arasında yerlə göy arasıda fərq olduğunu bilirsiniz…
– Elədi, təkcə rəqib yox, mərhələ baxımından da. Çünki səhv etmirəmsə, qrup qalibi 1/8 finaldan başlayır.
– Bəli. 2-ci yeri tutan isə bir mərhələ tez başlayır. Hətta o mərhələni də – pley-offu da Azərbaycan heç vaxt görməyib. Həm də 1-ci yeri tutanın rəqibi Konfrans Liqasından olacaq, 2-ci pillənin sahibi isə Avropa Liqasının 3-cüsü ilə görüşəcək. Hələ ki yaza çıxmağa toxunaq ki, “Kayrat”la qoşa oyunlarda buna nöqtə qoymaq mümkündü…
– Bu, elə bir turnirdi ki, o qədər gözlənilməz nəticələr olur. PAOK-un gedib orda “Fiorentina”nı udması elə-belə şeylər deyil. Yəni, düşünmədiyimiz vəziyyətlər, görmədiyimiz situasiyalar var. Yenə səviyyə fərqinə gəlirik ki, istənilən komanda istənilən komandaya qalib gələ bilər. “Yanq Boyz” “Mançesyer Yunayted”i uddu. Hansı ki, “Bazel”in İsveçrə çempionatında çempionluq uğrunda rəqibidi. Sabah hər şey ola bilər. Çoxdu sensasiyalar, danışılası deyil.
Futbolda o qədər ağlına gəlməyən nəticələr olur. Özəlliklə də son vaxtlar. Səviyyə elə bil bərabərləşməyə başlayır. O qədər turnirlərdə iştirak edirlər, inam olur. Hamıda inam yaranır ki, bu rəqibə qalib gəlmək mümkündü. Görürsən ki, 90 dəqiqə bir komanda hücumda olur, ancaq oyunu əldən verir, uduzur. Bu, hətta böyük klubların başına gəlir.
Buna görə buna bu gün bir az düzgün yanaşmalıyıq. Çünki tam fərqli turnirdi. Burda yorğunluq, zədələr, komandanın psixoloji yorğunluğu, bir sözlə, hər şey var. O qədər incə yanaşmalı, futbolçuları düzgün hazırlamalyıq ki, hardasa səhvimiz olmasın.
Ola bilər ki, qrup qalibi son turda bilinsin. Konfrans Liqası belə bir turnirdi. Ya da Kiprdə uduzsaydıq, bu, o demək deyildi ki, turnir bizim üçün artıq bitdi. Eynilə də onlar üçün. Bir qalibiyyətləri, bizim də bir məğlubiyyətimiz olacağı halda gəlib xallar bərabərləşəcək.
Bəli, maksimum çalışacağıq ki, uğurlu nəticə əldə edək, komandanın oyununu qoruyub saxlayaq. Nəticə qazanmaq üçün yenə ən düzünü etməyə çalışacağıq. Çox da istəkliyik, hamımız pley-offa çıxmaq istəyirik. Ancaq bununla əndazəni aşmamalı, özümüzü yandırmamalıyıq. Qalib gəlmək istəyinin həddən artıq çox olması mane olur. Buna görə bir az soyuqqanlı olmalıyıq. Çünki idman düşüncədi, biclikdi, taktikadı. Burda hər şey var. Birini yaddan çıxardınsa, məğlub ola bilərsən.
Bu üzdən kollektiv oyunlar həmişə çox təhlükəlidi. Bir oyun düşünmədiyin səhv elədinsə, oyun getdi. Məsələn, 5-ci dəqiqədə planlaşdırılmayan qırmızı vərəqə hər şeyi alt-üst edir. Buna görə səbrlə, diqqətlə qarşıdakı oyunlara hazırlaşmalıyıq. Hələ 2 oyun oynamışıq, qarşıda 4-ü var. Bunlar az göstərici deyil. Hansı ki 3 xallıq sistemdə.
– Vacib amillərdən biri də qazondu. Yenidən Respublika stadionunda oynayanacaqsınız. Yaydakı kimi çətinlikləriniz olmayacaq? Ot örtüyü tam qaydasına düşübmü orda? Yaxşılığa doğru fərq varmı?
– Var. Ola bilər toprağın bərkliyi ilk oyunda problem olsun. Gərək bir neçə məşq edək orda, buna da imkanımız olmayacaq. 2-3 məşq edək ki, torpaq tam otursun, buna uyğunlaşasan. Ancaq hər bir halda yaydakından yaxşı olacaq. “Kayrat” da topla oynamağı xoşlayan komandadı, texnikalı, ağıllı futbolçuları var. İstənilən halda, düşünürəm ki, yaxşı futbola şahid olacağıq Allahın izniylə.
– 1-ci yeri istəyirik. Siz bizdən də çox istəyirsiniz aydındı. Bu, sualın birinci hissəsidi. İkinci hissə də odur ki, 2-ci olsanız, “Legiya” ilə görüşə bilərsiniz. Mahir Emrelinin oynadığı komandayla, istəyərdiniz bunu?
– Bunların hamısı versiyalardı da. Mən də indi 1-ci yeri istəyirəm. Ancaq durum elədi ki, indi “Kayrat”ı fikirləşməliyik. Bəli, mövsümün əvvəlindən qarşımıza məqsəd qoyuruq. Bu da hansı turnirdə iştirak ediriksə, burda ən yaxşı nəticəni göstərməkdi. Bunun üçünsə sənə hər oyun vacibdi. Bu dəqiqə düşüncəmiz “Kayrat” olmalıdı. Çünki 3 rəqibimizdən biridi.
Bundan sonra vaxtımız olacaq digər oyunlar haqda fikirləşməyə. Bəlkə son oyunda “Bazel”lə 1-ci yer uğrunda mübarizə gedəcək. Ya da heç ora gedib çıxmayacağıq. Yəni, hər şey ola bilər. Buna görə çox da önə baxmayaq, irəlini düşünüb, buranı yaddan çıxarmayaq. Sadəcə, indi əsas odur ki, futbolçularımız millidən sağlam qayıtsınlar.
“Kayrat”adək çempionat oyunumuz var, orda hər şey qaydasında olsun, futbolçularımızı yenidən müəyyən səviyyəyə gətirək. Hər bu pauza olanda çox şey itiririk. Bu arada müəyyən bir səviyyəyə qalxmışdıq, komanda daha rahat idi və yenə pauza. Hərə bir tərəfə getdi, “Kayrat”adək hələ çempionatda bunları normal səviyyəyə gətirməliyik.
Birinə əla məşq, birinə istirahət əlavə istirahət verəkmi, birinin zədəsi varmı – hər birinə özəl yanaşma gərəkdi. Futbolçular millidən gələndən sonra yenidən başlayaq ki, nəyi nə cür edəcəyimizi müəyyənləşdirəcəyik. Elə etməliyik ki, həm çempionat, həm də “Kayrat”la oyuna hazır olaq. Ona görə bir az çətinliklərimiz var.
– Söhbətimizi Mahirlə sona çatdıraq. Artıq 10 qol vurub “Legiya”da. Onunla telefonla danışırsınız, təbriklərinizi çatdırırsınız. Maraqlıdı, ilk olaraq həmişə nəyi tövsiyə edirdiniz? Özünüz də bir hücumçu kimi legioner həyatı yaşamasınız, çətinlikləri, incəlikləri bilirsiniz qərib ölkədə hər halda. Ona kənardan düzgün məsləhət vermək çox vacibdi…
– Çox olur yazışmalarımız, danışıqlarımız. Özəlliklə oyunlardan sonra. Bilmirəm sırf nəyi tələb edirəm ondan. Çünki hər gedişatda ona fikirlərimi çatdırmışam. Digər tərəfdən, belə situasiyalarda bəzən futbolçu özü özünü düzgün hazırlaya, doğru idarə edə bilirsə, onun uğuru əldə eləməsi daha tezləşir. Həmişə futbolçularımdan nə tələb, nə tövsiyə eləmişəm – sadə olmalarını, sadə oynamalarını, işgüzarlıq göstərmələrini, ruhdan düşməmələrini. O qədər belə olur ki, bu oyunda qol vurmur, bu, ona pis təsir göstərir.
Əlbəttə, həmişə çalışıram Mahirin yanında, ünsiyyətdə olmağa. Çünki həqiqətən qərib ölkədə dostları, ətrafının düzgün yanında olması çox vacibdi. Həm də Mahirin dil baxımından üstünlükləri var. Həm rus, həm ingilis dilini bilir. Onun üçün bu, çox böyük avantajdı. İstənilən insanla birbaşa kontaktda olur, bu, çox vacibdi. Adicə futbolçuma biri var tərcüməçiylə fikirlrimi çatdırıram, biri də var tet-a-tet. Bu, çox fərq edir.
Bu dəqiqə Mahiri bir az sakit qoymalıyıq. Əlbəttə, uğurlarına sevinirik, istəyirik daha yaxşı səviyyəyə çıxsın. Ancaq ona həddən artıq çox maraq olduqca, haqqında çox yazıldıqca, danışdıqca, istər-istəməz ola bilər özü hiss eləmədən diqqət mərkəzinə düşür və bu, mənfi təsir edə bilər. Bu üzdən Mahiri sakit qoymalıyıq. İnşallah, inanırıq, güvənirik, fəxrimizdi. Həmişə onu bir tərfiləmişəmsə, üç tənqid eləmişəm. Bu cür yanaşmışam ona. İnşallah, ən yaxşısını arzulayırıq Mahirə.