18 oktyabr 2021-ci il tarixində Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Pirizin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bununla bağlı məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycanın NATO ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini bölüşdüyünü ifadə edərək, bir sıra istiqamətlərdə həyata keçirilən əməkdaşlığı məmnunluqla qeyd edib. Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu vurğulayan nazir, beynəlxalq təhlükəsizliyin təmin olunmasında bölüşülən dəyərləri və bu xüsusda, Azərbaycan sülhməramlılarının NATO əməliyyatlarında iştirakını səsləndirib.

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı NATO-nun zirvə görüşləri nəticəsində qəbul edilmiş birgə bəyanatlarında tərəfdaş ölkələrin suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstək mövqeyinin tərəfimizdən yüksək dəyərləndirildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Nazir Ceyhun Bayramov NATO-nun xüsusi nümayəndəsinə bölgədəki ən son durum, o cümlədən Ermənistan tərəfindən onilliklər ərazində həyata keçirilmiş, tarixi-mədəni və dini irsimizin məqsədyönlü dağıdılması siyasəti, qeyri-qanuni fəaliyyət və nəticələri, indi Azərbaycan Hökuməti tərəfindən azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, habelə ərazilərin minalardan təmizlənməsi, üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı Azərbaycanın gördüyü işlərlə bağlı geniş məlumat təqdim edib.

Ərazilərimizin işğalı faktorunun aradan qaldırılması ilə Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğu NATO rəsmisinin diqqətinə çatdırılıb.

Xüsusi nümayəndə Xavyer Kolomina Piriz bölgəyə reallaşdırdığı səfəri çərçivəsində Azərbaycan tərəfi ilə müzakirələrin bölgədəki cari durumla bağlı geniş məlumatın əldə edilməsi baxımından çox faydalı olduğunu bildirib.

Azərbaycan sülhməramlılarının Türkiyə qüvvələri ilə birgə Əfqanıstanda fəaliyyəti, özəlliklə də Kabil hava limanından vətəndaşların təxliyəsi ilə bağlı fəaliyyəti yüksək dəyərləndirilib və bununla bağlı xüsusi nümayəndə Müttəfiq ölkələrin adından təşəkkürünü bildirib. O, NATO-nun Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini vurğulayıb.

Görüşdə tərəflər, həmçinin NATO-Azərbaycan tərəfdaşlıq gündəliyi, habelə gələcək perspektivlər üzrə fikir mübadiləsi aparıblar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın