Ermənistan kütləvi informasiya vasitələrində Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat verilmişdir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bununla bağlı bəyanat yayıb.

MN-nin bəyanatından deyilir ki, Ermənistan müdafiə nazirinin icazəsiz olaraq Azərbaycan ərazilərinə girməsi, qanunsuz erməni birləşmələri ilə görüşlər keçirməsi və onların döyüş hazırlığı ilə bağlı düşüncələrini səsləndirməsi hərbi-siyasi təxribatdır.

Ermənistanın müdafiə nazirinin bu təhrikçi səfəri qəsdən Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın ildönümü ərəfəsində həyata keçirilmişdir.

Bununla, Ermənistanın siyasi-hərbi rəhbərliyi üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, qəsdən bölgədəki durumun gərginləşdirilməsi və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salınması məqsədini güdür.  

Ermənistanın hərbi rəhbərliyi 44 günlük 2-ci Qarabağ müharibəsindəki total məğlubiyyətdən nəticə çıxarmaq, regionda yaranmış yeni geosiyasi duruma uyğunlaşmaq, sülhü və təhlükəsizliyi gücləndirmək yerinə daxili istehlak məqsədilə bu kimi ucuz hərbi avantüralara çalışır.

Ermənistan müdafiə nazirinin bu səfəri Ermənistanın Azərbaycan Respublikası ərazisində qanunsuz erməni hərbi birləşmələrini, aqressiv separatizmi və terror-təxribat əməllərini birbaşa dəstəkləməkdə davam etdirdiyini növbəti dəfə nümayiş etdirir. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin ünsürlərinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu qalmaqda davam edir.  

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistanın müdafiə nazirinə “keçilməz Ohanyan xətti”, “yeni müharibələr yeni ərazilər” kimi utopik iddialarla çıxış etmiş keçmiş həmkarlarının və başqa erməni generallarının aqibətini yada salaraq xəbərdarlıq edib:  

“Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edirik ki, Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq, aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcəkdir”. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın