Fransada “Marsel” FK və “Qarabağ” FK arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi təhlükəsizlik tədbirləri gücləndiriləcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Maritima” dərgisinin yazdığına görə, bununla bağlı yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, oyun zamanı baş verə biləcək insidentlərin qarşısını almaq üçün gücləndirilmiş təhlükəsizlik sistemi hazırlanıb. Ağdam klubunun azarkeşləri üçün özəl bilet satışı məntəqəsi çalışacaq və ciddi qorunacaq.

Həmçinin qarşılaşmanın oynanılacağı “Velodrom” stadionunda yerli və qonaq komandanın fanatları arasında boş tribunalar saxlanılacaq ki, bu da “bufer zona” yaratmaq məqsədi daşıyır. Bundan başqa, arenanın üzərində dronların uçuşuna və tərəfdarların priotexniki vasitələrdən istifadəsinə qadağa qoyulub.

Təhlükəsizlik idarəsinin və bir neçə polis bölməsinin əməkdaşları stadionun ətrafında, içərisində və ictimai nəqliyyatda yerləşdiriləcək. Şəhərin mərkəzində hər hansı qanunsuz kütləvi toplaşmaların qarşısı alınacaq, problem yaranarsa, dərhal müdaxilə ediləcək.

Pilotsuz uçuş aparatları ilə ümumi durum izləniləcək. Həmçinin stadiona gələnlərdən sanitar qaydalara ciddi əməl olunması tələb ediləcək.

Yada salaq ki, Fransanın Marsel şəhərinin “Velodrom” stadionunda keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşması fevralın 17-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın