Rusiya rəsmilərinin “Azərbaycanda gizli bioloji silah laboratoriyaları olduğunu” dilə gətirməsi artıq birinci dəfə deyil. Bu iddia SSRİ dağıldıqdan sonra Moskvanın postsovet ölkələrinə və Qərbə qarşı mövqeyini “arqumentləşdirən” tezisə çevrilib.

YALAN.info bildirir ki, nəhayət Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi bununla bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi araşdırmalar aparan mərkəzlərin çalışması ilə bağlı bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələr respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması izlənilməkdədir.

DTX bununla bağlı olaraq Azərbaycanda belə elmi mərkəzlərin heç vaxt fəaliyyət göstərmədiyini vurğulayıb. Qurum ölkə əhalisinin, ya da qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı araşdırmaların aparılmadığını qeyd edib. Bildirilib ki, bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur.

Eyni zamanda, məlumatda tərəfdaşlıq münasibətlərindən çıxış edərək, müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda onların araşdırılmasına hazırlıq ifadə edilib.

İndi Rusiya tərəfi öz dediklərini əsaslandırmalı və əgər belə bir əsas taparsa, buyurub Azərbaycanla birgə araşdırmalar apara bilər. Təbii ki, Rusiya maddi dəlil təqdim etməyəcək və özünü təmizə çıxarmaq üçün bir sıra çevrələr həyasız şəkildə malalamaq üslubuna girişəcəklər.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın