“Qarabağ” FK Polşa çempionatında da yüksək yerlər üçün mübarizə apara bilər. Komandanın bir il öncə “Legiya” ilə oyununu yadınıza salın. Cütün taleyi bir görüşdə həll olunduğu üçün Azərbaycan çempionu çətin durumda idi. Çünki qarşılaşma Polşada keçirilirdi”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yerli mətbuata müsahibəsində deyib.

24 yaşlı hücumçu bir il öncə baş tutmuş Avropa Liqasının pley-off mərhələsinin oyununu yada salıb: “Həmin görüşdə “Qarabağ”ın özəl planı var idi və bunu həyata keçirə bildik. “Legiya”nın daha açıq futbol oynaması üçün hesabı erkən açmağı planlaşdırırdıq. Nəticədə 3:0 hesablı qələbə qazandıq. “Qarabağ”ın avrokuboklarda Polşa klubunu mübarizədən kənarlaşdırması ilk dəfə deyildi. Bir neçə il qabaq “Pyast”a, hətta daha öncə “Visla”ya qarşı da eyni hal yaşanıb”.

Legia 0-3 Qarabag FK Highlights | Leqiya 0-3 Qarabağ FK İcmal

Emreli Azərbaycanda Polşa çempionatının dəyərləndirilməməsinə də münasibət bildirib: “Liqa dəyərləndirilməyə bilər, ancaq ölkə çempionunu dəyərləndirmək gərəkdir. Bir sıra ölkələrdə durum Azərbaycandakı kimidir. Bolqarıstanda çempionat Polşadakından zəifdir, ancaq “Ludoqorets” güclü komandadır. Ardıcıl 6-cı dəfə avrokubokların qrupuna yüksəlib. Avstriyada da çempion başqalarına nisbətən böyük üstünlüyü var. Ölkə çempionunun daha yaxşı olması liqanın yüksək səviyyədə olduğu anlamına gəlmir”.

Forvard Polşa Ekstraklasasına Azərbaycan Premyer Liqasından daha çox baxıldığını söyləyib: “Polşada çempionat çox təkmilləşib. Transfer dönəmində bir neçə oyunçu yaxşı liqalara keçir. Bu səbəbdən, Azərbaycan çempionatına nəzərən daha yüksək nüfuzu var. Daha çox potensial alıcıların maraqlandığı yerdir. “Legiya”ya keçməyimin ilk səbəbi də məhz budur. Hamımızın gerçəkləşdirmək istədiyi xəyalları var, ancaq öncə prosesi başlamaq üçün addım atmalısınız. Mən də Polşa klubu ilə daha yüksək səviyyəyə çatmaq üçün müqavilə bağladım. Sevdiklərimlə, hətta “Qarabağ”ın baş məşqçisi ilə birlikdə başqa variantları təhlil etdim ki, bundan sonra hara getməliyəm? Qərara gəldik ki, “Legiya”nın qurduğu sxem bizə ən uyğunudur. Komanda hər oyunda dominantlıq edir, çoxlu vəziyyətlər yaradır. Bu da hücumçu üçün çox önəmlidir”.

Emreli yay transfer dönəmində bir neçə klubdan təklif aldığını sözlərinə əlavə edib: “Belçika, Avstriya, Portuqaliya və Macarıstan klublarından mənə ciddi maraq olub. Macarıstanda çempionatın Polşadakından yaxşı olub-olmadığını bilmirəm. Belçika, Avstriya və Portuqaliya liqaları daha yüksək səviyyədə ola bilər. Ancaq mənimlə maraqlanan komandalar “Legiya”dan güclü deyildi. Burada çempionluğu xəyal edirəm. Ekstraklasanın bombardiri olsam, ya da ən yaxşı futbolçusu seçilsəm, komandamız isə titul qazana bilməsə, fərdi mükafatlar haqda nə demək olar? Sonda hamımız məğlub olacağıq. Çempionatın qızıl medallarına sahib olmağı arzulayıram, nəinki fərdi uğurlara görə heykəlciklər. Bəlkə də bombardirlik daha yaxşı kluba keçidimə kömək ola bilər. Ancaq ən çox komandamın kuboklar qazanmasına və oyunlarda qalib gəlməsinə kömək etmək üçün buradayam. “Legiya” mənə bir şans verib, onu qaytarmalıyam. Öz ambisiyalarımı komandanın istəyindən üstün tutmayacağam”.

O, Avropa Liqasının qrup mərhələsindəki rəqibləri haqqında da danışıb: “Qrupdakı komandalara nəzər yetirəndə düşündüm ki, Çempionlar Liqasının təsnifat mərhələsini keçmişik. Çünki rəqiblər çox güclüdür. Çempionlar Liqasında da belə bir qrupun olması mümkün idi. Hər futbolçu üçün güclü rəqiblərlə çıxış etmək məqsədlərdən biridir. Çox çətin rəqiblərimiz var, bunun sayəsində belə görüşlərdə təcrübə toplayaraq inkişaf edə bilərik. Uşaq olanda məşqçim mənə deyirdi ki, oyun varsa, bu, böyük bayramdır. Avropa Liqasının qrup mərhələsindəki çıxışlara münasibətim belədir – dəvətnaməni özümüzün qazandığı əla şənlik olacaq”.

HELLO EUROPE WE ARE BACK!!! Kulisy zwycięstwa nad Slavią Praga [NAPISY]

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın