“France Football” nəşrinin təsis etdiyi “Qızıl Top” mükafatının qalibləri bilinib.

YALAN.info bildirir ki, Fransanın paytaxtı Parisdə keçirilən toplantıda bu mükafata ABŞ-nin “İnter Mayami” klubunun kapitanı Lionel Messi layiq görülüb.

Argentinalı hücumçu karyerasında 8-ci dəfə titula sahib çıxıb. 36 yaşlı futbolçuya mükafatı “İnter Mayami”nin sahibi, əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem təqdim edib.

Lionel Messi 2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən dünya çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu seçilib. O, daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl Top”un sahibi olub. 36 yaşlı argentinalı bu mükafatı ən çox almış rekordçudur.

Səsvermədə ikinci yeri “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland, üçüncü yeri PSJ-dən fransız Kilian Mbappe tutub.

2023-cü ilin ən yaxşı qadın futbolçusu isə İspaniya yığmasının və bu ölkənin “Barselona” klubunun 25 yaşlı yarımmüdafiəçisi Aytana Bonmati seçilib.

Onu da bildirək ki, “Qızıl Top” 1956-cı ildə “France Football” tərəfindən Avropada ilin ən yaxşı futbolçusuna verilən mükafat kimi təsis edilib (bir qrup idman jurnalistinin rəyi əsasında).

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın