İtaliyanın premium brendi “Premiata” ayaqqabı kapsul kolleksiyası ərsəyə gətirib və onu memar Zaha Hadidə həsr edib. Report xəbər verir ki, yeni kolleksiyanın işlənib hazırlanması zamanı memarın əsas fəaliyyət istiqaməti olan dekonstruktivizm ideyalarından istifadə olunub. Əsas diqqət isə ayaqqabıların qeyri-adi formasına ayrılıb.

Qeyd edək ki, Zaha Hadid İraq əsilli britaniyalı dizaynerdir. O, memarlıq sahəsində ən nüfuzlu mükafat olan Pritsker mükafatını alan (2004-cü ildə) ilk qadın kimi tarixə düşüb.
O, Romadakı XXI əsr Milli İncəsənət Muzeyi, Londondakı “Serpentine Sackler Gallery” və Olimpiada-2012 üçün tikilmiş Su İdman Növləri Mərkəzi, Quançjoudakı Opera Evi, Sinsinnatidəki Rozental Müasir İncəsənət Mərkəzi, Bakıdakı Heydər Əliyev Mərkəzi kimi bir sıra layihələrin müəllifi və dizayneridir.
Z.Hadid 31 mart 2016-cı ildə Mayamidə xəstəxanalardan birində bronxit xəstəliyindən müalicə alan zamanı ürək tutmasından vəfat edib.
Zara Hadid – layihələrdə keçmiş bir ömür