Ermənistan ordusu Qafan şəhəri yaxınlığındakı yüksəklikləri boşaldır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, sovet xəritələrinə uyğun olaraq, Azərbaycan-Ermənistan sərhədinin bu hissəsi Zəngilan rayonunun ərazisinə düşür.

Ona görə də düşmən qüvvələrinin yüksəkliklərdə qurduğu mövqelər demontaj olunur. Prosesə rusiyalı sülhməramlılar və Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri nəzarət edir. Strateji yüksəkliklər Qafan şəhərini tam vizual nəzarət altında saxlamağa imkan verir.

Azərbaycan Ordusunun sabah saat 17:00-a qədər ermənilərə ərazidəki mövqeləri boşaltmaq üçün vaxt verdiyi bildirilir.

Faktı Ermənistan mediası üçün Qafan rayonunun meri Qevorq Parsyan da təsdiq edib:

“Bizim üçün bu, kədərli əmrdir. Sabah 17:00-a qədər biz 10 noyabra qədər nəzarətimizdə olan bütün əlverişli mövqeləri tərk etməliyik”, – deyə o bildirib.

Azərbaycanın Zəngəzur rayonundan keçən Ermənistan sərhədini də rusiyalı sülhməramlılar qoruyacaq

Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan Rusiya Müdafiə Nazirliyi ilə danışıqlar aparıb.

Modern.az saytının bildirdiyinə görə, əldə olunan anlaşmaya uyğun olaraq, Ermənistan-Azərbaycan sərhədinin Zəngəzurdan keçən hissəsində rusiyalı sülhməramlılar da yerləşdiriləcək: “Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası müzakirə olunub. Sərhəd qoşunlarının və sülhməramlı qüvvələrin yeni ərazilərdə yerləşməsi, hərbi hissələrin tikintisi və b. müzakirə olunub”.

Nazirlik sərhəd xəttinin bəzi mübahisəli yerləri ilə bağlı danışıqların davam etdirildiyini də vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın