Birləşmiş Krallığın Azərbaycanla yaxınlaşması və son zamanlar münasibətlərin sıxlaşması uzun illər sonra rəsmi Londonun bir regionda Fransa ilə rəqabətə girməsinə gətirib çıxara bilər. Çünki rəsmi Paris bənzər şəkildə Ermənistana yaxınlaşır. Cənubi Qafqaz yeni reallıqlar fonunda böyük güclərin rəqabət meydanına dönə bilər. Həm siyasi, həm də iqtisadi baxımdan.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Axar.az-a açıqlama verən keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Mortonun Azərbaycana gəlişini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Birləşmiş Krallıq son zamanlar xarici siyasətində əsaslı dəyişiklik edib:

“Özəlliklə də bu dəyişiklik Avropa Birliyindən çıxandan sonra daha çox özünü büruzə verir. Aydın məsələdir ki, Birləşmiş Krallıq daha aktiv xarici siyasət apararaq dünya siyasətində yenidən aparıcı faktor olmaq istəyindədir. Bu yöndə Azərbaycanla təmasları gücləndirmək, əlbəttə, önəmlidir.

O ki qaldı Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinə, deyə bilərəm ki, iki ölkə arasında uğurlu tarixi əlaqələr var. Belə ki, rəsmi London Azərbaycana ən çox investisiya qoyan ölkələr sırasındadır. Bu gün iki ölkə arasında çoxtərəfli əlaqələr davam etməkdədir. Özəlliklə Birləşmiş Krallıq işğaldan azad edilən ərazilərin yenidən qurulması istiqamətində investisiya qoyuluşunda maraqlıdır və rəsmi Bakı ilə təmasları gücləndirməsi də bundan xəbər verir”.

Politoloq qeyd edib ki, regionda yeni reallıqlar var və rəsmi London bu reallıqları nəzərə alaraq öz yerini gücləndirməyə çalışır:

“Azərbaycanın regionda yaratdığı yeni reallıqlar şübhəsiz ki, bir çox ölkənin diqqətini çəkib. Müharibəyə qədər rəsmi Bakının ərsəyə gətirdiyi nəqliyyat, energetika layihələri bu gün işğaldan azad edilən ərazilərin yenidən qurulması mərhələsi ilə daha fərqli bir müstəviyə keçib. Bütün bunları rəsmi London da görür və dəyərləndirir.

Birləşmiş Krallığın nüfuzlu şirkətləri, investorları istəyir ki, daha güzəştli şərtlər altında quruculuq və b. işlərdə əsas payları olsun. Özəlliklə bu istiqamətdə rəsmi Londonun tarixi rəqibi Fransa da diqqət çəkir. Çünki Fransa bir yandan rəsmi Bakı ilə danışıqlar apararaq prosesdə özünə yer etməyə çalışır, həm də Ermənistanın yanında yer alaraq siyasi mövqeyini ortaya qoyur.

Bu mənada düşünürəm ki, xanım Vendi Mortonun Azərbaycana səfəri məhsuldar olacaq. Birləşmiş Krallıq bizim üçün önəmli tərəfdaşdır və bunu istər müharibədən qabaq, istərsə də müharibə zamanı göstərdi. Düşünürəm, bundan sonra da ölkələrarası münasibətlər inkişaf edəcək”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın